Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2019 10:46

Nizam-intizam sıradan başlayır

Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzda döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını daim diqqət mərkəzində saxlayır. Çünki şəxsi heyətin döyüş vərdişlərinin artırılması ərazi bütövlüyümüzün təmin edilməsində mühüm rol oynayır. Döyüş hazırlığında yüksək nailiyyətlərin əldə edilməsində şəxsi heyətin nizam-intizamı dayanır. Bu səbəbdən yüksək nizam-intizam hər bir bölmənin qarşısına qoyulan ilkin tələblərdən biridir. Bildiyimiz kimi, şəxsi heyətin nizam-intizamı da sıradan başlayır. Bu sahədə ürəkaçan nəticənin əldə edilməsi məqsədilə şəxsi heyətə mütəmadi olaraq sıra hazırlığından məşğələlər keçirilir. Dərslərdə Sıra nizamnaməsinə əsasən, hərbi qulluqçulara silahsız və silahla sıra hərəkətləri və yerişi, bölmə və hissələrin piyada və nəqliyyat vasitələrində sıraları, əsgəri salamlaşma qaydaları, sıra baxışının keçirilməsi, hərbi hissənin döyüş bayrağının sırada vəziyyəti, onun çıxarılması və qaytarılması, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borcları, sıra hazırlığına olan tələblər, habelə yerdəyişmə qaydaları öyrədilir.
"N" hərbi hissəsində bir qrup şəxsi heyətin sıra hazırlığı məşğələsinə cəlb edildiyini gördük. Manqa komandirlərinin nəzarəti altında əsgərlər müəyyən komandaları yerinə yetirirdilər. Məşğələ bitdikdən sonra onlarla həmsöhbət olmaq imkanı qazandıq.
- Sıra hazırlığı dərsləri əsgərlərimizə səliqəli, diqqətli, nizam-intizamlı olmağı aşılayır, - deyə çavuş Pünhan Əliyev bildirdi. - Sıra hazırlığı, həmçinin şəxsi heyətdə dözümlülüyün artırılması baxımından da əhəmiyyətlidir. Hər gün bölmə komandirinin təsdiq etdiyi dərs cədvəlinə uyğun olaraq məşğələlər keçirilir. Bu gün də gördüyünüz kimi, sıra meydanında şəxsi heyətə dərs keçirik və çalışırıq ki, məşğələlər səmərəli olsun. Tabeliyimdə olanlar da üzərlərinə düşən vəzifəni yaxşı başa düşür, öhdəsindən layiqincə gəlməyə çalışırlar. Hər biri keçirilən məşğələlərdə fəallıq göstərir, komandirlərinin biliklərindən bəhrələnir.
Hərbi xidmətə Xəzər rayonundan çağırılan əsgər Rəsul Ağakişibəyli bildirdi ki, xidmətə başlamazdan əvvəl ordumuzda əsgərlərə göstərilən diqqət və qayğıdan məlumatlı olub. "Kütləvi informasiya vasitələri və ətrafımda olan dostlarım sayəsində hərbi xidmət haqqında məlumatlı idim. Dostlarım burada yaradılan yüksək şəraitdən, keçirilən dərslərdən danışırdılar. Hətta bir dəfə "Açıq qapı" günündə iştirak etdim. Bütün bunları görsəm də, düşünürdüm ki, hərbi vərdişlərə yiyələnməkdə çətinlik çəkəcəm. Ancaq indi komandirlərimizin kömək və dəstəyi ilə hərbi sirlərə dərindən yiyələnmişəm. Bizlər də komandirlərimizin göstərdiyi etimadı doğrultmaq üçün xidmətimizi düzgün təşkil edirik. Döyüş, fiziki, mənəvi-psixoloji hazırlığımızı yüksəldərək, Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etmək arzusuyla xidmət edirik.”
Qaradağ rayonundan hərbi xidmətə çağırılan əsgər Tahir Məcidov komandirlərin keçdiyi dərslərdən, hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən söz açdı. "Bizim üçün hər cür şərait yaradılıb. Günün nizam qaydasına uyğun olaraq məşğələlər keçirik, dadlı və keyfiyyətli yeməklərlə qidalanırıq. Keçirilən dərsləri dərindən mənimsəməyimiz üçün əllərindən gələni əsirgəmirlər. Bu cür şəraitdə xidmət etmək hər birimizə ruh yüksəkliyi aşılayır ".
Əsgərlər Sadiq Sadıqov, Orxan Bağırov, Omar Qurbayev və digərləri də bildirdilər ki, dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcək.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"