Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2019 10:42

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Qanbağışlama” aksiyası keçirildi

Dekabrın 19-da "Legion" Hərbi Vətənpərvərlik Klubunun təşəbbüsü ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Qanbağışlama" aksiyası keçirildi.
Aksiyada Müdafiə Nazirliyinin, "Legion" Hərbi Vətənpərvərlik Klubunun əməkdaşları və ictimaiyyət nümayəndələri könüllü olaraq iştirak etdilər. Qana ehtiyacı olan Vətənimizin keşiyini çəkən hərbi qulluqçularımızın köməyinə çatmaq üçün nəcib və humanist xarakterli aksiyaya qoşuldular.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev aksiyanın əhəmiyyətindən danışaraq bildirdi ki, qan verməklə bir insanın, bir xəstənin, bir Vətən keşikçisinin həyatını xilas etmək mümkündür. Belə bir xeyirxah addımın  hər bir vətəndaş üçün örnək olduğunu vurğulayan T.Tağıyev hər kəsi bu cür aksiyalara qatılmağa dəvət etdi. O bildirdi ki, qan köçürmə bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xəstələri qanla təmin etmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında mütəmadi olaraq qanbağışlama aksiyaları keçirilir. 20 Yanvar faciəsindən də söz açan natiq qeyd etdi ki, keçmiş Sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri oldu. "Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin imperiyanın göstərdiyi cəhdə baxmayaraq, azadlıq yolunda özünü qurban verən şəhidlərin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır".
Qeyd edək ki, həkim nəzarətindən keçirilən donorların çəkisi 50 kq-dan az olmamalı, qan verdiyi cari il ərzində əməliyyat edilməməli və qanla keçə biləcək hər hansı bir xəstəliyin daşıyıcısı olmamalıdır. Keçirilən aksiya çərçivəsində də donorlar əvvəlcə həkim nəzarətindən keçirildi, daha sonra isə qan verdilər. Aksiyada iştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndirdilər və digər şəxsləri də qanbağışlamada iştirak etməyə səslədilər.
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının qan bankı bölməsinin rəisi tibb xidməti mayoru Elvin Rüstəmov bildirdi ki, qədim zamanlardan bu günə qədər təbabətdə qan köçürülməsindən geniş istifadə olunur. Müasir təbabətdə həkimlərin ixtiyarında bir çox sınanmış müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətdə belə yenə də xəstələrin həyatını xilas etmək üçün qan və qan komponentlərinə ciddi ehtiyac duyulur. Müxtəlif travmalar və yaralanmalar, böyük cərrahi əməliyyatlar, qanın irsi və qazanılmış xəstəlikləri təmənnasız qan donorlarının köməyini zəruri edir. Daha sonra qeyd etdi ki, bu gün həyata keçirilən qanbağışlama aksiyasında iştirak edən hər bir donorun sağlamlığı xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən öncədən müəyyən olunur. "Aksiyada öncə məlumat kartlarına donorlar haqqında lazımi məlumatlar qeyd olunur. Şikayətlərinin olub-olmaması ilə maraqlanılır. Heç bir narahatçılıqları olmadıqdan sonra onlardan qan analizi götürülərək sağlamlıqları müəyyənləşdirilir. Hemoqlobinləri, qan təzyiqləri, ürək ritmləri yoxlanılır. Temperaturu, ritm pozğunluğu olanlar, müalicə alanlar, antibiotik qəbul edənlər qan verə bilməzlər. Verilən qanlar qruplara bölünür, yoxlanılır, qan və onun komponentləri ən müasir üsullarla test edilir. Əgər hər hansı bir problem - xəstəlik aşkar olunarsa, donorla əlaqə saxlanılır və məlumat verilir".
"Legion" Hərbi Vətənpərvərlik Klubunun sədri Abuzər Əbilov qeyd etdi ki, "Qanbağışlama" aksiyasına könüllü olaraq qoşulmaq qürurvericidir. "Bu gün bizim üçün çox mühüm və əlamətdar günlərdən biri oldu. İlk öncə məqsədimiz gerçəkləşdi və aksiyamızı 20 Yanvar faciəsinə həsr etdik. Davamlı olaraq Vətənimizin müdafiəsində dayanan hərbçilərin yanında oluruq. Bu, onlara həm də mənəvi dəstəkdir. Xalqımız öz ordusunu sevir və ona hər zaman mənəvi dəstək göstərir. Bu isə ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumuna müsbət təsir göstərməklə qələbə əzmini daha da artırır. Torpaqlarımızın keşiyini çəkən hər bir hərbi qulluqçu görür ki, ictimaiyyət onlara nə səviyyədə ehtiram bəsləyir. Bununla yanaşı, mənəvi dəstəyimizlə Vətənimizin keşiyini çəkənlərimizdə ruh yüksəkliyi yaratmağa çalışırıq".
Həkimlərdən həkim-mütəxəssis, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev, gizir Emin İsmaylov, tibb bacıları - baş çavuşlar Oksana Cəfərova, Yeganə Ramazanova, Nigar Feyziyeva və digərləri nəcib və humanist xarakterli bu aksiyada vəzifələrinin öhdəsindən layiqincə gəldilər.
Xeyriyyə məqsədilə keçirilən aksiyada iştirak edən donorlardan Məhərrəm Həsənov, Cəsarət Məmmədov, Faiq Mehdiyev, Rəşad Tağızadə, İlqar Həsənov, Rüstəm Əliyev, Ruslan Qasımov və başqaları hərbçilərimiz üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin həm də vətəndaşlıq borcu olduğunu qeyd etdilər.
Qanbağışlama ifadəsi həm də mənəvi borcödəmə kimi qəbul edilməlidir. Bu qanın kimə lazım ola biləcəyini nəzərə alanlar bu aksiyanın da torpaqlarımızın işğaldan azad edilməsinə  yönəldildiyini qeyd edirlər. Müharibə başa çatmayıb. Biz də müharibədə belə iştirak edirik", - deyirlər.
Aksiyada iştrak edənlərin dedikləri təsdiqləyir ki, ordu ilə xalqın birliyi dönməzdir. Xalq ordunun dayağıdır. Bu güvənc də, bu inam da ordunun mənəvi-psixoloji hazırlığında mühüm rol oynayır.


* * *


20 yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Qanımız bir, canımız bir" adlı könüllü qanbağışlama aksiyası keçirildi.
Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının rəisi tibb xidməti polkovnik-leytenantı Bəkir Əhmədov bildirdi ki, stansiyanın həkim və orta tibb heyətindən ibarət briqadası tərəfindən donorların rahat şəraitdə qan verməsi üçün hər cür şərait yaradılıb. Stansiya rəisi qan bağışlamanın əhəmiyyətini vurğulayaraq  dedi ki, qan verməklə heç bir şey itirmirik, əksinə qanımız yenilənir. "Tibb aləmində süni yolla qan almaq mümkün deyil. Buna görə könüllü donorların olması  əhəmiyyətlidir. Qan bağışlamaq öz sağlamlığımız və bir insanın həyatının xilası üçün müqəddəs bir vəzifədir. Qan verməklə bir növ insanlığa yardım edirik. Müalicəsində qana ehtiyac yaranan bir çox xəstəliklər var. Bəzən əməliyyat zamanı da qan lazım olur. Donorlarımız müalicəyə ehtiyacı olan xəstələrimizə kömək  üçün böyük fədakarlıq edirlər. Bu gün qan verəcək bütün donorlara minnətdarlığımı bildirirəm."
Donorlar müvafiq müayinələrdən keçdikdən sonra növbə ilə qan verdilər. Qanbağışlama zamanı donorların da fikirlərini öyrəndik. İlk həmsöhbətim Kəlbəcər rayonundan məcburi köçkün Lətif Babayevdir. "Bu gün qan verməklə Vətənimizin keşiyində dayanan hərbi qulluqçularımıza bir növ mənəvi dəstək olduq. Arzu edirəm ki, onların qana ehtiyacı olmasın. Lazım gələrsə, qanımızı deyil, canımızı belə verməyə hazırıq. Uğurlu aprel döyüşləri, Günnüt zəfəri Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi. İnanıram ki, Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi ilə ordumuz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək, biz məcburi köçkünlər də öz doğma yurdumuza qayıdacağıq."
Əflatun Zeynalov Ağdam rayonundan məcburi köçkündür. "Müalicəyə ehtiyacı olan hərbi qulluqçularımıza ümid yeri olmaq, yardım etmək hamımızın mənəvi borcudur. Çünki onlar sağlamlıqlarına qovuşduqdan sonra yenidən Vətənimizin keşiyində dayanacaq, qanlarını, hətta canlarını belə əsirgəmədən ayıq-sayıq xidmət aparacaqlar. Düşünəndə ki, verdiyimiz qanla ərazi bütövlüyümüzün keşiyində mətinliklə dayanan əsgərlərimizə kömək etmiş oluruq, insanın qəlbində həzin bir titrəyiş yaranır. Ölçüsü bəlli olmayan mənəvi rahatlıq tapıram. Hərbi qulluqçularımızın sağlamlığında kiçik rol oynamaq belə mənim üçün şərəfdir."
Ordumuza olan bu cür mənəvi dəstək hər birimizi sevindirir. İnanırıq ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin döyüş əmri ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək, məcburi köçkünlərimizin ata-baba yurdlarına qayıtmalarına vəsilə olacaq.

Orxan HÜSEYNLİ, Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"