Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2019 10:41

“Şərəfli vəzifəni yerinə yetirirəm”

Növbəti ezamiyyətim yaddaşımda silinməz izlər buraxdı. Həm uca zirvələrdə məskən salan, Vətən torpaqlarını göz bəbəyi kimi qoruyan oğullarımızla tanış oldum, həm də onlar üçün yaradılan şəraitin bir daha canlı şahidi oldum. Komandirlər hər bir əsgərdən ağızdolusu danışır, onların xidmətlərini yüksək qiymətləndirirlər. Zabit Emin Vəliyev bildirdi ki, səngərdə dayanan hər bir əsgər istənilən tapşırığı yerinə yetirmək bacarığındadır. Manqa komandiri çavuş İlham İbrahimov da tabeliyindəkilərin bacarıqlı döyüşçü kimi formalaşdığını qeyd etdi. Səngəri gəzərkən mövqedə dayanan bir əsgər diqqətimi cəlb edir. Əsgər düşməni diqqətlə müşahidə edir, jurnalda nələrisə qeyd edirdi. Öyrəndim ki, əsgər Rizvan Tağıyev Oğuz rayonundan hərbi xidmətə çağırılıb. Gənc əsgər bildirdi ki, ön xətdə atəşkəs rejimi tez-tez pozulur. "Biz əsgərlər hər zaman düşmənin təxribatının qarşısını alırıq. Artıq düşmən başa düşür ki, qarşısında dayanan Azərbaycan Ordusu və onun şəxsi heyəti güclüdür."
Əsgərimizin sözləri bizləri də ruhlandırır. "Neçə müddətdir doğulub boya-başa çatdığım bir məkandan dağlar qoynuna, Vətənimizin keşiyində dayanmağa gəlmişəm, - deyə əsgər sözünə davam etdi. - Bəlkə də bəzilərinə elə gəlir ki, ön xətdə xidmət etmək çətindir. Amma belə deyil. Vətən keşiyində durmaq şərəflidir. İstiyə-soyuğa məhəl qoymadan Vətən sevgisi ilə düşmənin gözünə dik baxırıq, çünki ürəyimizdəki sevgi bizə güc, qüvvət verir. Buna görə də bütün çətinliklərə sinə gəririk. Əslində ön xətdə xidmət etmək insana həyatda vacib olan mənəvi keyfiyyətlər aşılayır. Vətən torpağının hər qarışının nə demək olduğunu anlayırsan, qorxmazlığı, mərdliyi öyrənirsən. Hərbi xidmətə gəlməmişdən öncə "ordu kişilik məktəbidir" sözlərini tez-tez eşidirdim. Həqiqətən də belədir. Burada nizam-intizamlı olmaq, hərbi qaydalara riayət etmək, döyüş növbətçiliyində düşmənlə üz-üzə, qəhrəmancasına dayanmaq lazımdır.
Manqa komandiri çavuş İlham İbrahimov qeyd etdi ki, əsgər Rizvan Tağıyev digər əsgər yoldaşları kimi nizam-intizamlı, xidmətini düzgün qurmağa çalışan, silahların sirlərini bilib, tutduğu vəzifənin öhdəsindən layiqincə gələn bir əsgərdir. "Komandirlərin borcudur ki, tabeliyində olan şəxsi heyəti bacarıqlı, cəsur əsgər kimi formalaşdırsın. Təkcə Rizvan yox, bütün əsgərlər xidmətlərini başa vurduqdan sonra ailələrinin yanına qayıdırlar. Amma dərk edirlər ki, burada öyrəndikləri, qazandığı biliklər bir gün köməklərinə çatacaq. Ona görə də xidmətini başa vuran hər bir əsgər bildirir ki, döyüş əmri verilən an sizinlə çiyin-çiyinə vuruşmağa hazır olacağıq."
Bu məqamda ulu öndərimiz Heydər Əliyevin bir kəlamı yadıma düşür: "Orduya çağırılan gənclər bilməlidir ki, onlar öz şərəfli vəzifələrini yerinə yetirməyə çağırılırlar. O gənclərin valideynləri bilməlidirlər ki, onların övladları ölkə, dövlət qarşısında öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirməlidirlər". Doğurdan da ürəyində Vətən sevgisi olan hər bir gənc Vətən keşiyində durmağa can atmalı, Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızın düşməndən azad edilməsinə bir döyüşçü kimi hazır olmalıdır. Haqqında danışdığımız təcrübəli əsgər Rizvan Tağıyev də Ulu Öndərimizin kəlamlarını qürurla yaşadaraq, "Şərəfli vəzifəni yerinə yetirirəm", - deyir. İnanırıq ki, bu gün öz xidməti ilə hamının rəğbətini qazanan əsgər R.Tağıyev gələcək həyatında da Vətənə, xalqa, millətə layiqli vətəndaş olacaq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"