Əbülfət Mədətoğlu jurnalistdi - “Azərbaycan Ordusu” qəzetində işləyib, qəzetin Qarabağ üzrə bölgə müxbiri olub. Döyüşlərdən də yazıb, döyüşənlərdən də, Vətəndən də yazıb, vətənsevərlərdən də. Vətənin yaralarından da yazıb, Vətənə tuşlanan güllələri sinəsiylə zərərsizləşdirənlərdən də... Fakta, hadisəyə jurnalist (publisist) münasibətiylə, kapitan rütbəsiylə sözün əsgəriydi. Nə yazırdısa döyüşçü ruhunun işığında yazırdı. Bu ruhu qələbə haləsi bilirdi: “Azərbaycan Ordusu”nun oxucularının düşüncələrini bu halənin işığıyla nurlandırmaq niyyətiylə yazırdı; Əbülfət tarix yazmırdı, tarixdən yazırdı. Olanları jurnalist təfəkkürüylə təqdim edirdi və hər təqdim etdiyində Vətən heysiyyəti vardı, Vətən sevgisi vardı - Vətən vardı.
Əməkdar jurnalist Əbülfət Mədətoğlunun şeirləri oxunaqlıdı, könüləyatımlıdı, düşündürücüdü. Əbülfət Mədətoğlunun şeirlərinin "Azərbaycan Ordusu" qəzetinin oxucuları üçün könül xoşluğu olacağına inanırıq.
Əsgər qardaşım
Torpaq rəngindəsən başdan-ayağa,
Nəfəsin qızdırır səngəri qardaş.
Sənin ürəyindi, sənin sevgindi
Vətənin qətiyyət ləngəri, qardaş.
Gözünü qırpmadan, əlin tətikdə,
Güdürsən tərpənən otu, quşu da.
Gah dərə dibində, gah da gədikdə
Açdın səhərləri, yayı, qışı da.
Bəxtinə düşəndən fərəh duyursan,
Vətənin güvənci, dayağı sənsən.
Dar gündə sən əziz cana qıyırsan,
Vətənin Vətəni, bayrağı sənsən.
Yaralı şəkillər
Qarşımdakı şəkillər
Solğun, hisli, əzilmiş.
Əsgər nizələrilə
Neçə yerdən kəsilmiş...
Baxıram, xatirimdə
Ötən günlər dil açır.
Sevincim boyun bükür,
Dərdim, qəmim gül açır.
Hər şəkildə
Bir zamanda hökm var.
Əsrlər aşıb-gələn
Tarixim var, köküm var.
Zaman əydi, elimiz
Yağmalandı, talandı.
Nələr tikib qurmuşduq.
Yandı, oda qalandı.
Bircə qoruya bildik
Döyüşmək əzmimizi.
Dönüb səngərə gəldik,
Göstərdik hökmümüzü.
Düşmən qaçdı, doğrayıb
Bağları, çəkilləri.
Yanmış bir yurda səpdi
Yaralı şəkilləri.
... Hər şey bəlli, nə deyim,
Susdum, köksümdə bir ah.
Döyüş paltarı geyim,
Qəti hücumdur sabah!
Cavan əsgər
Dayanıb səngərdə cavan bir əsgər,
Yağış ara vermir, səhərdən bəri.
Təpədən-dırnağa suyun içində
Dayanıb, üşütmür yağış əsgəri.
Gözünü zilləyib qarşı mövqeyə,
İzləyir düşməni, izləyir əsgər.
Məktub göndərəndə əzizlərinə,
Yazmır çətinliyi, gizləyir əsgər.
Amalı Vətənə, anaya xidmət,
İnamı özünə, silahınadır.
Onun canındakı bu güc, bu qüdrət
Haqdan qopub gəlib, Allahındandır.
İntiqam hissini cilovlayaraq,
Dayanıb gözləyir döyüş əmrini.
Onun qarşısında tablamayacaq -
Düşmən özü qazsın, qoy öz qəbrini!
Pıçıldayarsan
Bu gecə yadında qalacaq yəqin
Biz az xatirətək, bir az yuxutək....
Ruhum səksənəcək çəkəndə mənim -
Sevgimdəm nümunə kövrək duyğutək...
Qaranlıq məqamlar ulduzlanacaq,
Ayda doğulacaq arada əlbət...
Ömründə bir xoşbəxt ulduz yanacaq -
İstəsən, deyərsən ona Əbülfət!
Bütün olmuşları sözə çevirib,
Təklikdə özünə pıçıldayarsan.
Sən mənim ömrümün sevgi çiçəyi! -
Məndən sonra da sən puçurlayarsan...
Qarabağım, Qarabağ
Əlim daşını öpmür,
Zirvənisə gözlərim...
Mən nə qədər uzaqdan
Baxa-baxa közərim -
Qarabağım, Qarabağ!
Günlər, həftələr, aylar
Yurd dərdimi sırıyır...
Bürünmüşəm dərdinə
Tay gözlərim quruyur -
Qarabağım, Qarabağ!
Ahım nədi? - can odu!
İçim yanmaqdan sönüb...
Qaralan ürəyim də -
Artıq kösövə dönüb -
Qarabağım, Qarabağ!
Günəşin buludlanıb,
Ayın isə tutulub...
Yolunu bulud alıb,
Yoxsa ki, unudulub!
Qarabağım, Qarabağ!
Bizim yerimiz
İkimiz eyni gündə
Köçək, şəhər darıxsın...
Gözlənilməz addımdan -
Şəhər hətta karıxsın...
Bilməsin nələr olur
Nədən köçüb gedirik...
Səbir kasamız dolur -
Nədən keçib gedirik...
Baxsın, süzsün eləcə
Dolmuş, donuq baxışla.
Köçək səndən beləcə -
Heç deməyək bağışla ...
İkimiz eyni vaxtda
Köçsək şəhər boş qalar...
İkimizin yerini -
Tuta bilməz başqalar...
Sözüm qalacaq
Üzümü aparacam
Gözümü aparacam...
Üzüm, gözüm qarışıq
Özümü aparacam -
Qalsa sözüm qalacaq...
Əlimi götürəcəm
Dilimi götürəcəm...
Əlim, dilim qarışıq
Ölümü götürəcəm -
Qalsa sözüm qalacaq...
Elçim fələk olacaq
Ölçüm boyum olacaq...
Elçi, ölçü qarışıq
Torpaq bələk olacaq -
Qalsa sözüm qalacaq...
Təzə-tər
Doğulandan doğmamdı -
Gül nəfəsin - təzə-tər.
Gülün məni oxladı-
Tələs onu təzə dər.
Həsrətinin soyduğu -
Ürəyimdi - oyduğu.
Baxışının soyuğu
Yaraları təzələr.
Günlər təklikdən yağır
Dərd boylanır, qəm baxır...
Kirpiklərimdən axır -
İsti yağış, təzə tər...
Sən məndəsən
Mən yuxusu çin olmayan
Xəyalı daşlaşmış biri...
Cismi hələ ki, soymayan -
Ruhu ölmüş diri-diri -
Bəndəyəm...
Mən səsi sularda itən
Duası daşlarda bitən
Qibləmsən!, - dediyim Vətən -
Səndəyəm...
Ruhun tozun silirsənsə
Sildiyinə gülürsənsə...
Məni özün bilirsənsə -
Məndəyəm...
"Azərbaycan Ordusu"