Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2019 09:32

Əsgər məktubu

2016-cı ilin aprel döyüşlərində məktəbli idik. Biz də döyüşlərə getmək istəyirdik. Dedilər ki, siz təhsilinizi davam etdirin, Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını almağa da qadirdir, torpaqlarımızı işğaldan azad etməyə də. Qazanılan qələbə ictimaiyyətin inamını daha da artırdı. İndi hamı Böyük Qələbənin intizarındadır. Biz də o qələbəni qazanacaq əsgərlərin sırasında olmaq istəyirik. Döyüş növbətçiliyinə bu inamla, bu qətiyyətlə gedirik.
Aprel döyüşlərində iştirak etmiş zabitlərin söhbətlərini həm maraqla, həm də qürurla dinləyirik. Bizdən sonra xidmət edəcək əsgərlərlə, tərxis olunduqdan sonra tanışlara, qohumlara, qonşulara iştirakçısı olacağımız döyüşlər haqqında danışmaq niyyətindəyik - qalib əsgər kimi...
Asudə vaxtlarımızda da söhbətlərimiz Vətənlə bağlı olur. İşğal olunmuş  torpaqlarımızdan danışırıq, ev-eşiyindən uzaq düşənlərin qəhərindən, yurd həsrətindən, intizarından, doğma torpaqlara qayıtma arzusundan,... danışırıq. Əsgər dostum  Mehdi Qəhrəmanovun  bir söhbətini heç zaman unutmayacam: “Qonşumuz Səlim dayı Kəlbəcərdən çıxanda bir ovuc torpaq götürüb. Niyəsini soruşanlara "Ocağımın ətrini bu torpaqdan alacam...", - deyib. "Sağ qalsam, atamın baş daşının ətəyinə səpəcəm, bilsin ki, qayıtmışıq. Ölsəm, göz torpağı edərsiniz. Yoxsa gorum od tutub yanar...".
O bir ovuc torpağın hikmətini Mehdinin söhbətindən sonra daha yaxşı anladım. Səlim dayıların yurd həsrətini bitirməliyik ki, o bir ovuc torpaq atalarının baş daşının ətəyinə səpələnsin. Biz bu niyyətin əsgəriyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən quruldu, camaat doğma yurdlarına qayıtdı. Bu, aprel zəfərinin nəticəsiydi. Böyük Qələbədən sonra hamı ömrünün müəyyən hissəsinin beşiyi olmuş torpaqlara qayıdacaq. Kəlbəcərli olub Kəlbəcəri görməyənlərin hansı hissləri yaşayacağını təsəvvür etmək çətin deyil. Onlara belə şirin anları biz yaşadacağıq. O torpaqlara bu gün uzaqdan baxırıq, o torpaqları bir-birimizə uzaqdan göstəririk. Yaxın vaxtlarda uzaqdan göstərdiyimiz torpaqlardan dövlət sərhədlərimizi göstərəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. 2018-ci ildə həm də ordumuzun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi böyük təntənə ilə qeyd olundu. Bu ilin Böyük Qələbə ili olması üçün Ali Baş Komandanın əmrinə hazırıq. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Həsrətlilər doğma torpağı könül xoşluğuyla əzizləyəcək. Bu təmas torpağın çəkdiyi sıxıntıları unutduracaq...

Əsgər Kənan  İSGƏNDƏROV, "N" hərbi hissəsi