Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2019 09:30

Zəfər bizimdir

Ön xətdə xidmət edən əsgərlərimizin görüşündəyik. Onların xidmətləri ilə maraqlanır, həmsöhbət oluruq. Əsgərlərə komanda verən gizir diqqətimi cəlb edir. Tabeliyindəkilərə qarşı qayğıkeş olmaqla yanaşı, həm də tələbkar olan gizirlə tanış oluram. Öyrənirəm ki, 1995-ci ildə Beyləqan rayonunda dünyaya göz açan gizir Aydın Əhmədov artıq iki ildir ordu sıralarındadır. Yaşının və xidmətinin az olmasına baxmayaraq, yetərincə təcrübə qazandığı sözlərindən hiss olunurdu. Gizir daşıdığı formanın həyatda heç nə ilə əvəz olunmayacağını, seçdiyi peşənin isə müqəddəs olduğunu vurğuladı: "Bu gün orduda hərbi formanı mənimlə birgə çoxlu insanlar daşıyır. Hər birimiz bu formanı daşımaqdan qürur duymalıyıq. Çünki bu formanı geyinənlər Vətən torpaqlarının qoruyucularıdır. Uşaq vaxtlarımda həmişə düşünürdüm ki, böyüyəndə tarix müəllimi olub uşaqlara tariximizi öyrədəcəm. Lakin yaşa dolduqca düşüncələrim dəyişdi. Əlbəttə, müəllimlik peşəsi də vacibdir. Bu gün onların haqqını heç birimiz itirə bilmərik. Onlar bizə 11 il bilik qazandırmaq üçün çalışıblar. Bu gün qazandığımız uğurların bir hissəsini onlara borcluyuq. Tarix müəllimimin danışdıqları mənim peşə seçimimdə böyük rol oynayıb. Tarixi öyrəndikcə başa düşdüm ki, ermənilər xalqımızın başına müsibətlər gətirib. Məktəbi bitirəndə müddətli xidmətə getmək üçün tələsirdim."
Gizir A.Əhmədov müddətli xidmətini də ön xətt hərbi hissəsində keçirib. Xidməti dövründə başına gələn maraqlı əhvalatı da bizimlə bölüşdü. "Xidmətə yeni gəlmişdik. Bir gün bölmə komandiri bizi düzüb "Vətən üçün nə edərsiz?" sualını verdi. Sırada duran əsgər yoldaşlarım hərəsi bir fikir söylədi. Amma çoxu "Vətən üçün canımdan keçərəm" dedi. Komandirimiz gülümsədi və dedi ki, sizin birinci vəzifəniz ölmək yox, yaşamaqdır. Siz yaşayırsızsa, Vətən də yaşayır. Hamı Vətən üçün canını fəda edərsə, onda bu torpaqları kim qoruyar? Zabitimizin bu sözləri bizi xidmətə daha möhkəm bağlarla bağladı. Beləliklə, xidmətimizi düzgün təşkil edir, döyüş növbətçiliyini ayıq-sayıq aparırdıq. Ordu sıralarından tərxis oldum. Amma tarix müəllimimin və bölmə komandirimin sözləri hələ də ağlımda idi. 2016-cı ilin aprelində fikrimi tam qətiləşdirdim. Sənədlərimi gizir hazırlığı kursuna təqdim etdim. Hərbçi kimi xidmətə başlayanda valideynlərim bildilər ki, mən bu peşəni seçmişəm. Onların gözlərindəki qüruru sezmək çətin deyildi. Məni hərbi xidmətə yola salan atam dedi ki, tez bir zamanda Böyük Qələbənin müjdəsini səndən istəyirəm. Mən də bu ümidlə, bu istəklə xidmət edirəm. Tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə ordumuz 2016-cı ilin aprel qələbəsinin davamını gətirsin və xalqımız öz tarixi torpaqlarına geri qayıtsın."
Gizir tabeliyindəki şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olduğunu da  vurğuladı. "Əsgərlərimizin hər biri Vətənə sədaqət andı içib. Bu gün onlar içdikləri anda sadiq qalaraq Vətən torpaqlarını şərəflə qoruyurlar. Hər birinin üzündə qələbə əzmini görmək olar. Dərslərdə fəal iştirak edir, biliklərini daha da artırmaq üçün daim çalışırlar. Hər biri təhkim olunmuş silahlarının taktiki-texniki xüsusiyyətlərini, döyüş qabiliyyətini bilir və istifadə etməyi bacarır. Bununla yanaşı, bölməmizdə olan digər iriçaplı silahlara qarşı da maraqları böyükdür. Asudə vaxtlarında onlara tariximizdən də danışırıq. Bu da onların döyüş ruhunu artırır və qələbəyə kökləyir."
Gizir Aydın Əhmədovun sözlərindən əmin oluruq ki, bölmənin şəxsi heyəti verilən tapşırıqları vaxtında yerinə yetirmək qabiliyyətindədir. Hər biri Ali Baş Komandanımızın döyüş əmri ilə işğalda olan torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmağa tam hazırdır.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR