Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2019 09:29

Xalqımızın qəhrəmanlıq salnaməsi

...O gecə göydən yerə nə qar,  nə də yağış yağırdı. O gecə insanları dəhşətə gətirən bir qara qış, qara yanvar gecəsində göydən "güllə yağış"ı yağırdı. Şahidi olduğum o gecənin qaranlığında sanki insanlığın dövrü bitmiş, İblis hökmran idi. Dünya biganəydi insanlığa. Bütün şəhər vahimə içərisindəydi. Hamı səbirsizliklə baş verənlərin sonunu gözləyirdi. Heç kimin ağlına gəlməzdi ki, açılan bu atəşlər onlarla günahsız həmvətənimizin həyatına son qoysa da, nurlu səhərlərimizin müjdəçisi oldu. Həmin gecə imperiya buxovlarından xilas olurduq. Şəhid olan igid  ərənlər deyildi, al qırmızı qərənfillər idi. Öz igidlikləri ilə Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi yazan, qanları ilə azadlıq toxumu səpən oğullar isə məhz həmin tarixdə, 20 Yanvar günündə doğulurdular. Onlar heç vaxt, hətta əsrlər belə keçsə də ölməyəcəklər. Azadlığımızın, istiqlalımızın ilk qaranquşları 20 Yanvar şəhidləri Vətən sevgisi, xalq məhəbbəti, iradə möhkəmliyi ilə qəlblərdə əbədi kök salıb yaşayacaqlar. Onlar atdıqları bu cəsarətli addımla Azərbaycan adlı bir məmləkətin qüdrətini, əzəmətini bütün dünyaya sübut etdilər.
20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Demək olar ki, 20 Yanvar günündə əbədi azadlığımızı, müstəqilliyimizi qazandıq. Bütün xalqlara nümunə olacaq bir məktəb - qəhrəmanlıq məktəbi yaratdıq.
Şəhid oğul və qızlarımız o gün məhəbbətin nifrətə necə qalib gəldiyini hər kəsdən daha aydın görürdülər. Vətən məhəbbəti yaşanmamış bir ömür bəxş etdi onlara. Respublikamıza ayaq basan hər bir xarici ölkə nümayəndəsinə Azərbaycan tarixini,  salnaməsini oxumağa ehtiyac yoxdur. 20 Yanvar şəhidlərinin şəxsində ölkəmizin qəhrəmanlıq simvolu olan Şəhidlər xiyabanı xalqımızın qüdrəti, əzəməti, varlığı haqqında ən gözəl qəhrəmanlıq abidəsidir.
...Artıq o müdhiş gecədən bizi 29 illik zaman kəsimi ayırır. Xalqımız şəhidlərimizin xatirəsinə ucaltdığı möhtəşəm abidəni müqəddəs ziyarətgaha çevirib. Artıq 29 ildir ki, bu müqəddəs ziyarətgah  hər birimizin and yerinə çevrilib. Azadlıq və müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş əzizlərimizi yad etməklə, onlara rəhmət oxumaqla, məzarlarına təzim etməklə təsəlli  tapır, onların qurban getdiyi yüksək ideallara sədaqətimizi bir daha bəyan edirik.
Xalqımız hər ilin 20 yanvarında Şəhidlər xiyabanına axışır. Ölkə vətəndaşları rayonlardan, regionlardan ölümləri ilə ölümsüzlük qazanmış şəhid bacı və qardaşlarının əziz xatirəsini hörmət və ehtiramla, sonsuz məhəbbətlə yad edirlər. İllər ötür, zaman dəyişir. Şahidi olduğum 20 Yanvar gecəsi - Qara Yanvar tarixi bizdən uzaqlaşdıqca , tarixin dönəmini adladıqca daha da unudulmaz olur. Bir şərqidə deyildiyi kimi...

Dünyanı heyrətə salar oldunuz,
Azadlıq yolunda yanar oldunuz,
Köçüb ürəklərdə qalar oldunuz
Unutmaq olarmı Sizi, şəhidlər.


Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"