Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2019 09:28

İstehkamçılarımız ən ciddi və gərəkli peşə sahibidirlər

Azərbaycan Ordusunun silahlanmasına daxil olan ən müasir mühəndis-istehkam qurğuları döyüşdə qoşunlarımızın yüksək səviyyədə qorunmasını və düşmən üzərində qələbəsini təmin etməyə qadirdir. Vətənin müdafiəsində dayanan oğulların sırasında istehkamçıların da xüsusi yeri olduğu hər kəsə bəllidir. Döyüş zamanı onların xidmətləri əvəzolunmazdır. Mühəndis-istehkam qurğuları bu və ya digər vasitələrlə düşmənə zərər vermək, onların hərəkətlərini çətinləşdirmək üçün təyin olunub.
Cəbhə xəttində yerləşən "N" hərbi hissəsinin bölmələri arasında mühəndis-istehkam bölməsinin də öz yeri var. Peşələrinin özəl xüsusiyyətləri istehkamçılara xüsusi xidmət tərzi diktə edir. Onlar xidmətlərinin özəlliklərini nəzərə alaraq ciddi və məsuliyyətli bir sahədə çalışdıqlarını gözəl anlayırlar.
Zabit Seymur Abıyev komandanlığın etibar etdiyi bu bölmənin şöhrət tapmasında şəxsi heyətin böyük əməyi olduğunu bildirdi. "Bölmədə hərbi mühəndisliyi öz arzusuyla seçən, bu sahədə yetərincə savadlı, hazırlıqlı, bir sözlə peşəkar zabit heyəti xidmət edir."
Bölüyün müşahidəçisi olduğum dərs prosesində şəxsi heyət düşmənlə təmas vəziyyətində düşmənin minalanmış sahəsindən keçidlərin açılmasını məşq edirdi. Şəxsi heyət taktiki-təlim sahəsinə tam hazırlıqlı vəziyyətdə gəlib. Təlim meydançasında minaaxtaranları, zəruri mühəndis ləvazimatlarını, mühəndis-kəşfiyyat dəstini, ağ-qara lentləri, bayraqları, istehkam qarmaqlarını görürük. Dərs prosesindən söz açan leytenant Yusif Alquliyev bildirdi ki, fərdi və manqa hazırlığı mərhələləri artıq arxada qalıb. İndiki mərhələdə daha böyük vahidlərin - taqımların bir tam şəklində fəaliyyətini izləyəcəyik. Təlim-məşq zamanı taqım komandirlərinin bölməni idarəetmə və qərar qəbuletmə bacarığı barədə müəyyən təsəvvür yaranacaq.
Müşahidəmizi davam etdiririk. İlk baxışdan hər şey sadə görünür. Taqım və manqalar bölünərək ərazidə  yerini tutur, əsgərlərə oriyentirlər verilir, şəxsi heyət üfüqi xətt üzrə mina axtara-axtara irəliləyir, axtarıb tapdıqları yeri işarələyərək əraziyə bayraq sancırlar. Bu zaman məlum olur ki,  minaların partladılması mərhələsi sonraya - artilleriya hazırlığı vaxtına saxlanılır. Səbəb odur ki, səs-küydə düşmən minalarla müdafiədən məhrum olduğunu duymasın. Təlimçilərin növbəti addımı isə hücuma keçən bölmələrimizə düşmənin minalanmış sahəsindən açılan keçidləri göstərən komendant xidmətini təşkil etmək olur.
Bir neçə saat davam edən çöl çalışmasında istehkamçıların döyüş hazırlığı yüksək nəticələrlə qəbul olundu. Təlim zamanı diqqətimizdən bir məqam da yayınmadı. Belə ki, keçirilən məşğələnin mahiyyətində müəyyən yarış elementləri hiss olunurdu. Hər bir döyüşçü, hər bir manqa, hər bir taqım digərindən üstün olmağa çalışırdı.
Təlim zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Rahil Əhmədzadə, heyət nəfərləri əsgərlər Namiq Abdullayev, Cavad Qubadov, Yusif Cənnətov, Şahin Hüseynov, Ədilxan Qasımov, Canəli Abdullayev və Elçin Müslümov peşə bacarıqlarını ustalıqla yerinə yetirərək xüsusi fəallıqları ilə seçilirdilər.
Bölüyün qayğıları tək ərazini minalamaqla və minalardan təmizləməklə bitmir, - deyə zabit Seymur Abıyev söhbətinə davam etdi. Zabit onu da qeyd etdi ki, xidmət müddətində şəxsi heyət yol tikməyi, körpü salmağı, çirkab suları filtirasiya etməyi də mənimsəyir. “Tezliklə Qarabağımızı erməni işğalçılarından azad edəcəyik, o zaman xüsusilə istehkamçıların qüvvə və bacarığına ehtiyacımız olacaq. Onu da yaxşı bilirik ki, düşmən o əraziləri bizə abad, təhlükəsiz qoyub getməyəcək.”
Döyüş mövqeyinə çox yaxın ərazidə yerləşən mühəndis-istehkam bölüyünün təlim meydançasını tərk edərkən gənc zabit Yusif Alquliyevin dediyi sözləri xatırlayıram. "Biz istehkamçıların fəaliyyəti müharibə bitdikdən sonra da davam edəcək, o vaxtacan ki, müqəddəs torpaqlarımızı erməni işğalının sonuncu nişanələrindən də təmizləyək".

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR