Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2019 12:31

Müntəzəm məşqlər döyüş hazırlığı üçündür

Sağlam gənclik sağlam gələcək deməkdir. Gənc nəslin sağlam olması hər bir dövlət üçün təməl prinsiplərdəndir. Sağlamlığın əsasını təşkil edən amillərdən biri də idmandır. İdmanla müntəzəm məşğul olan hər kəs sağlam bədənə və immunitetə malikdir. Bu gün rəhbərlik tərəfindən gənc nəslin idmana olan marağının artırılmasına yönəlik xeyli işlər görülür. Şagird və tələbələrimizin oxuduğu təhsil ocaqlarında müasir idman zalları fəaliyyət göstərir. Ölkəmizdə idmanın inkişafı üçün idman məktəbləri və beynəlxalq turnirlərin təşkil olunması üçün idman kompleksləri mövcuddur. Dövlətin gənc nümayəndələrinin sağlam ruhda böyüməsi və idmana marağının artması üçün görülən işlərin məntiqi nəticəsidir ki, beynəlxalq arenalarda yarışan idmançılarımız ölkəmizi layiqincə təmsil edir, Dövlət bayrağımız yüksəkdə dalğalanır və himnimiz səsləndirilir.
Ölkəmizdə idmanın inkişafı ordumuza da öz müsbət təsirini göstərir. Dünyanın güclü orduları sırasında olan  Azərbaycan Ordusunun şəxsi heyətinin fiziki göstəriciləri rəhbərlik tərəfindən qarşıya qoyulan vacib məsələlərdəndir. Ona görə də, hərbi hissələrdə, hərbi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçuların idmanla  məşğul olmaları üçün idman şəhərcikləri və trenajor zalları tikilir.  Şəxsi heyətin fiziki hazırlığını diqqətdə saxlamaq üçün Azərbaycan Ordusunda gündəlik fiziki hazırlıq dərsləri, həftəlik kütləvi idman tədbirləri, aylıq ordu birincilikləri (müxtəlif idman növləri üzrə) təşkil olunur.
Ön xətdə yerləşən bölmələrimizin birində fürsətdən istifadə edib əsgərlərimizin fiziki hazırlığından yazı hazırlamaq qərarına gəlirəm. Gizir Vüqar Məcidovun rəhbərliyi altında şəxsi heyət ardıcıllıqla müxtəlif çalışmaları icra edirlər. Turnikdə və paralel qollarda müxtəlif çalışmaları icra edən əsgərlərin fiziki hazırlıqlı olması ilk dəqiqələrdən hiss olunurdu.
Dərsin rəhbəri gizir Vüqar Məcidov ilə tanış oluram. O qeyd etdi ki, döyüş hazırlığının mühüm tərkib hissələrindən biri olan fiziki hazırlıq daim diqqətdə saxlanılmalıdır. "Məlumdur ki, döyüş hazırlığı ilə fiziki hazırlıq qarşılıqlı vəhdət təşkil edir. Döyüşdə qələbəni sürətləndirən amillərdən biri fiziki hazırlıqdır. İdmanla mütəmadi məşğul olmaq əsgərlərin tapşırıqları çevik və cəld şəkildə yerinə yetirməsinə yardımçı olur. Biz bölməmizdə şəxsi heyətin fiziki hazırlığını daim nəzarətdə saxlayırıq. Fiziki hazırlıq səviyyəsi yüksək olan əsgər istənilən tapşırığın öhdəsindən gəlməyi bacarır. Hərbi hissəmizdə şəxsi heyətin müntəzəm idmanla məşğul olması üçün müasir idman şəhərciyi var. Dərslərimizin səmərəli, faydalı keçirilməsi üçün idman çalışmalarını yarış formasında təşkil edirik. Mübarizə olan yerdə hər kəs yüksək nəticə göstərməyə çalışır və bu, əsgərləri daha yüksək nəticələrə ruhlandırır. Təbii ki, yoldaşlıq şəraitində keçən mübarizələrdə aşağı nəticə göstərənlər də  xidmət yoldaşları tərəfindən ruhlandırılır. Beləliklə, zəif nəticə göstərən əsgər öz üzərində daha da çalışaraq normativə uyğun göstərici əldə edir.” 
Gizir Vüqar Məcidov onu da bildirdi ki, bölmələrində ölkədaxili, beynəlxalq turnirlərlə yanaşı, ordu birinciliklərində də yüksək nəticə göstərmiş hərbi qulluqçular xidmət edir. Əsgər Arif Nuriyev sərbəst güləşlə məşğul olub. Respublika  və beynəlxalq turnirlərin qalibi olan həmsöhbətim vurğuladı ki, sərbəst güləş üzrə ordu birincliyində də  qızıl medala sahib olub. İdman mövzusunda kifayət qədər təcrübəsi olan əsgər A.Nuriyev hərbi hissədə yaradılan şəraitlə də bağlı məmnunluğunu ifadə etdi.
Əsgər Murad Hüseynov da güləşçidir. Güləşin yunan-Roma növü üzrə Muradın bir çox uğurları var. Əsgər qeyd etdi ki, bu gün ordu sıralarında olsa belə məşqlərini burada davam etdirir. Fiziki hazırlığın önəmindən bəhs edən əsgər düşməni istər turnirlərdə, istərsə də döyüş meydanında məğlub edə biləcək gənclərimizin olduğunu bildirdi. O, düşmən üzərində qələbə qazanacağımız günün uzaq olmadığını qeyd etdi. "Bölməmizin şəxsi heyəti təkcə dərslərdəki qazandığı biliklərlə kifayətlənmir. Biz komandirlərimizin rəhbərliyi altında müntəzəm olaraq idmanla məşğul olub fiziki hazırlığımızı daha da artırırıq. Bunun üçün hərbi hissədə yaradılmış idman şəhərciyində məşq edirik. Əminliklə demək olar ki, bölməmizin bütün əsgərləri normativləri rahatlıqla yerinə yetirirlər. Bu da sübut edir ki, Azərbaycan əsgəri xalqımıza Böyük Qələbənin sevincini yaşadacaq."
Əsgərlər Arif Nuriyev və Murad Hüseynovun digər xidmət yoldaşları da onların sözlərinə qoşularaq, xalqımıza tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağı günün müjdəsini verəcəklərini dedilər.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"