Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2019 12:27

Şəhidin anım günü

Vətən üçün yaşanılan ömürlər unudulmur...
Şəhidlər unudulmur...
Şəhidləri unutmuruq...
Fehruz Alışov 1964-cü ildə Kəlbəcərdə anadan olmuşdu. Burada böyümüşdü, boya-başa çatmışdı. Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdı. Təyinatla Omsk şəhərində işləyirdi. Azərbaycanda vəziyyət gərginləşəndə, Ermənistan elan etmədən müharibəyə başlayanda düşüncələrindən dikələn hesiyyətin harayını eşidə bildi, Azərbaycana qayıtmağı qərara aldı. Qayıtdı. Yerli özünümüdafiə batalyonuna yazıldı. Ehtiyatda olan zabitiydi, zabit kimi hərbi xidmətə başladı.
Neçə-neçə ağır döyüşlərdə iştirak etdi. Qorxmaz, igid zabit kimi sevilirdi kapitan Fehruz Alışov. Hər döyüşü son döyüş bilib döyüşürdü. Hər döyüşü işğalın yolunu kəsəcək döyüş bilib döyüşürdü...
Ağdərədə döyüşdü...
Laçında döyüşdü...
Kəlbəcərdə döyüşdü...
1994-cü ildə "İgidliyə görə" medalıyla təltif edilmişdi.
1994-cü il fevralın 8-də döyüşdə şəhid oldu...
Gəncə şəhərində ictimaiyyətin nümayəndələri, döyüş yoldaşları şəhid kapitan Fehruz Alışovun anım gününə toplaşdılar.
Tədbiri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev açdı və Fehruz Alışovun ömür yolundan, döyüş yolundan danışaraq qeyd etdi ki, belə bir igidin ömür yolu gənclər və yeniyetmələr üçün əsl örnəkdir.
Şair-dramaturq Eldar Həsənov, şair Ramiz Təmkin, döyüşçü Akif Kamalov, Kəlbəcər rayon Mədəniyyət şöbəsinin müdiri Akif Bayramov çıxışlarında qəhrəman haqqında xatirələrini danışdılar.
Novruz Alışov qardaşının xatirəsini unutmadıqlarına görə tədbirin təşkilatçılarına  və iştirakçılarına təşəkkürünü bildirdi.
 
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"