Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2019 12:24

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Respublikasında dövlətin gənclərə qayğı və diqqəti. 2 Fevral Gənclər Günüdür.

Suallar:
1. Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər          Əliyevin gənclərimizə qayğısı və diqqəti.
2. Azərbaycan gənclərinin milli-mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.
3. Müstəqilliyimizi qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur.
 
Azərbaycan gəncliyi müstəqilliyimizin ilk illərində. Ümummilli lider Heydər Əliyevin gənclərimizə qayğısı və diqqəti

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir xalq üçün ən başlıca məsələdir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyəti hərəkətə gətirən qüvvəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik qüvvəsi  olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.
Müstəqilliyin ilk dövrlərində əhalinin bütün təbəqələri, sosial qrupları arasında müşahidə olunan milli oyanış, sosial-siyasi fəallıq gənclərdən də yan keçmədi. Sovet imperiyasına qarşı mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz gedirdi. 1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana qarşı başladıqları hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və fəaliyyət göstərməsində gənclərin böyük xidmətləri olub.

Azərbaycan gəncliyində müstəqilliyimizin bərpası ilə yeni prinsiplər və həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Bu sistem fəaliyyət istiqamətlərinə, məqsəd və vəzifələrinə görə bir-birindən fərqli yeni gənclər təşkilatlarının yaranmasına təkan vermiş oldu. Lakin 1991-1993-cü illərdə respublikada hökm sürən hərc-mərclik şəraitində təşəkkül tapmış gənclər təşkilatlarının çoxunda siyasiləşmə, populizm meyilləri özünü büruzə verdi. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı.
Respublikamızda gənclərlə iş sahəsində yaranmış boşluq yalnız 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra aradan qaldırılmağa başlandı və gənc nəslə qayğı dövlətin ən mühüm fəaliyyət sahələrindən birinə çevrildi. Məhz 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət gənclər siyasəti təşəkkül tapmağa başladı.
Ölkə rəhbərliyinə gəldikdən az sonra 1993-cü il sentyabrın 23-də gənclərin problemləri ilə dərindən maraqlanaraq onların böyük bir qrupu ilə görüş keçirən ulu öndər Heydər Əliyev tərəfindən 26 iyul 1994-cü il tarixdə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərmanın imzalanması respublika gənclərinin fəaliyyətinin təşkilatlanması istiqamətində ilk addım oldu. 
Cəmiyyətdə gənclərin rolunun genişləndirilməsi istiqamətində növbəti addım isə 1996-cı il fevralın 2-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Gənclərinin I Forumunun keçirilməsi oldu. Forumda gənclərin vəziyyəti və problemləri ətraflı müzakirə olundu. Əbədiyaşar lider Heydər Əliyev forum iştirakçıları qarşısında proqram xarakterli nitq ilə çıxış edərək müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında konkret vəzifələr qoydu.
1997-ci il fevralın 1-də forumun birinci ildönümü münasibətilə gənclərin bir qrupunun qəbulu və 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman gənclərimizə göstərilən diqqətin daha bir parlaq nümunəsi oldu. Həmin vaxtdan etibarən hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
1999-cu il martın 2-3-də gənclərin II Forumu keçirildi. Forumun işində iştirak edən ulu öndər Heydər Əliyev gənclərə diqqət və qayğı göstərilməsinin vacibliyini bir daha vurğuladı, ayrı-ayrı dövlət orqanlarının qarşısında bu sahədə bir sıra vəzifələr qoydu. Forumun qəbul etdiyi sənədlər növbəti mərhələdə gənclərlə işin yeni əsaslar üzərində qurulmasını təmin etdi.
1999-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Dövlət gənclər siyasəti haqqında" Fərman dövlət gənclər siyasətinin həyata keçirilməsində keçmişimiz və bu günümüzlə bağlı tarixi, mənəvi-əxlaqi, mədəni dəyərlərimizin daşıyıcıları olan gənclərə diqqətin artırılması üzrə dövlət orqanlarının vəzifələrini müəyyənləşdirdi.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli Fərmanı ilə uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək üçün gənclər siyasətini tənzimləyən "Gənclər Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanuna əsasən, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi - gənclərin sosial, fiziki, mənəvi problemlərinin həllinə və hüquqlarının müdafiəsinə kömək göstərərək, bacarıqlarını reallaşdıra bilmək üçün şərait yaratmaqdır. Qanunla Azərbaycan gənclərinin xalqımızın tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların yaradıcılıq potensialının ölkənin inkişafına və ümummilli problemlərin həllinə səfərbər olunması, hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi:
 - milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq və gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək;
- gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək;
- gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək;
- gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq;
- Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.
Bunlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji hədəflər olub ki, bu gün də Azərbaycan gəncliyi bu hədəflərə doğru inamla irəliləyir.

Azərbaycan gənclərinin milli-mənəvi ruhda tərbiyəsi, onların problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir

Bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini təşkil edir və bu sahədə praqmatik siyasət yürüdülür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər müasir dövlət quruculuğu prosesində gənc nəsli daha da ön plana çəkir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə  gənclər siyasəti daha da şaxələnərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - deyən  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Məhz 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış Sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. Ölkə rəhbəri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi. Həmçinin, 2007-ci ilin ölkədə "Gənclər İli" elan edilməsilə Prezident cənab İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoymuş oldu. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətin əyani təzahürü oldu. Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Nəticədə, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini artırıb. Bu illər ərzində gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiyadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Gənclərin mənəvi-əxlaqi və hərbi vətənpərvərlik tərbiyəsi, onların ordu sıralarında xidmətə hazırlanması işinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli idarələri, təhsil müəssisələri və hərbi hissələrlə birlikdə tədbirlər keçirirlər. 1995-ci ildən etibarən orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında "Şahin" hərbi-idman oyunları, 1998-ci ildən isə VII-IX sinif şagirdləri arasında "Cəsurlar" hərbi-idman və turizm oyunları keçirilir.  

Müstəqilliyimizi qorumaq hər bir Azərbaycan gəncinin müqəddəs borcudur

Cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusunun öz konstitusiya borcunu - Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətinin böyük əksəriyyətini gənclər təşkil edir. Ümummili lider Heydər Əliyevin "Ordu xidməti çox böyük fədakarlıq tələb edir, cəfakeşlik tələb edir. Ölkəmizin hər bir gənci, Azərbaycan xalqına, millətinə mənsub olan hər bir gənc öz şərəfli borcunu mütləq yerinə yetirməlidir, orduda xidmət etməlidir. Orduda xidmət edib, sonra tərxis olan gənc bizim cəmiyyətdə də, həyatımızın bütün sahələrində də ən dəyərli insan hesab olunur" sözləri dövlətin ordu gənclərinə diqqətinin və qayğısının təzahürüdür.
Gənc nəslin məhz hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması xalq və dövlət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycan Ordusunda geniş tədbirlər həyata keçirilir. Bu baxımdan təkcə 2018-ci il ərzində demək olar ki, bütün rayonlarda dövlət qurumları və ictimai təşkilatlarla birlikdə Müdafiə Nazirliyi tərəfindən təşkil olunaraq hərbi vətənpərvərlik mövzusunda keçirilmiş kütləvi tədbirlər, ordu həyatı ilə cəmiyyətin, xüsusən onun aparıcı qüvvəsi olan gənc nəslin yaxından tanış edilməsi üçün kütləvi informasiya vasitələrinin və ictimaiyyət nümayəndələrinin cəbhə xəttində yerləşən hərbi hissələrə ziyarətləri gənc nəslin mübariz ruhda yetişdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan gənclərinə gündən-günə artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. Atılan addımlar və görülən tədbirlər bu gün öz bəhrəsini verir.
Aprel döyüşlərində düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin hamı bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi Heydər Əliyev kursunun və İlham Əliyev siyasətinin təntənəsidir.
Bu gün Azərbaycan Ordusunun qarşısında respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi kimi müqəddəs bir vəzifə durur. Bu vəzifəni yerinə yetirəcək insanlar isə birinci növbədə Azərbaycanın vətənpərvər gəncləridir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi