Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2019 12:21

Bizi Böyük Qələbədən bir döyüş ayırır

Ali Baş Komandan İlham ƏLİYEV:
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək.

Soyuq, şaxtalı bir qış günündə şəhərdə sakini olduğumuz qatar bir-birinə bənzəyən relslərin üstündə ağır ləngərli hərəkətlə göyün yerlə birləşdiyi yerə - üfüqə, başlanğıcların son nöqtəsinə, müqəddəs torpağa doğru baş alıb gedir. Ürəyimdə gizli qalan hisslərimi çözəliyərək, beynimin bir küncündə özünə yer salmış xatirələrimi canlandıraraq Azərbaycan əsgərinin görüşünə gedirəm. Düşünürəm ki, əsgərlərimizlə aprel və Günnüt zəfərlərini xatırlayacağıq, Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illik yubileylərində yaşanan qüruru birgə yaşayacağıq. Artıq bütün hisslərimi və xatirələrimi azadlığa buraxmışam... Yolboyu öz-özümə verdiyim suallar cavabını tapır, xatirələr canlanır. Ürəyim bir yelkəndir indi, səninlə doldururam, Azərbaycan əsgəri. Səninlə vaxt keçirməyin, səninlə yaşamağın və vaxtı səninlə bölüşməyin bənzərsiz həzzini duyuram...
Uzun bir yol arxada qalıb… Qəribədi, soyuq, şaxtalı qış havasından əsər-əlamət qalmayıb… Sənin qəlbinin hərarətidi qışın sazağını, şaxtasını yox edən, uca dağlardan səngərlərə üz tutan soyuq qış küləyini mülayimləşdirən.
Artıq səngərdəyik... Dəli bir eşq havası var-gəl edir başımda… Elə hey dolanır öz-özünə. Dolub durmuşam. Sonsuz səssizlik, ardınca səninlə kəlmələşməyin təsirindən çaxan şimşək və birdən ümidlərim yağdı üstümə yağış əvəzi… Qızışan, coşan buludlar, bədənimi isladan yağış damcıları sənin pıçıltılarının poçtalyonuna çevrildi, çıxartdı məni səssizliyimdən…
Mayor Nihat Abdullayevin "Vətəni sevmək, onu qorumaq, düşmənin hər cür hücum ehtimalına qarşı tədbirli olmaq, onun milli-mənəvi dəyərlərini qorumaq, uğrunda canını fəda etmək biz hərbçilərin qarşısında duran müqəddəs vəzifədir" sözləri də sükutu pozur, məni səssizliyimdən çıxarır və Azərbaycan əsgəri ilə söhbətə körpü salır.
Həmkarım söhbət zamanı  bildirir ki, Vətənin keşiyində dayanmaq onun üçün hisslərin ən alisinə çevrilib: "Fəqət, bu ali hissi  anlamından da çox... yaşamaq lazımdır. Bu hissi yaşamadan fikir söyləmək doğru deyil. İndiki situasiyada bu hissi yaşamaq və xalq-ordu birliyindən doğan gücü gələcək nəsillərə daşımaq vacib şərtdir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Ona görə də bütün zabitlərimiz əsgərlərimizə bir ali məqsədə nail olmaq - torpaq və millət naminə xalqımızın Qələbəsini təmin etmək üçün birlik və həmrəylik aşılayır. Onlar yaxşı bilirlər ki, tarixi qələbə mən və səndən yox, bizlərdən və müqəddəs birlikdən asılıdır. Bu birlik də var. Bu birliyin sayəsində tarixi Qələbədən bizi bir addım ayırır".
Gizir Aydın Əhmədov Azərbaycan Ordusunun şəxsi heyətinin nail olduğu inkişaf nəticəsində möhkəm birlik əldə edildiyini əminliklə qeyd edir. Bildirir ki, aprel döyüşləri bu birliyi daha da möhkəmləndirdi: "Əmin olduq ki, tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də,  heç kim bizim Vətən sevgimizi nə azalda, nə də bundan məhrum edə bilər. Qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub bizim. Aprel döyüşlərində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi. Bir olduq. Birliyimizin fərqinə vardıq. Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə hər an önə atılmağa hazır idilər. Günnüt zəfəri də inamımızın, ümidimizin, mübarizliyimizin ölməzliyinin bir daha sübutu oldu".
Ağstafa rayonundan hərbi xidmətə çağırılmış manqa komandiri əsgər Ülvi Kərimov bildirir ki, xidmət etdiyi müddətdə  hərbin sirlərinə dərindən yiyələnməyə çalışıb. "Əsgər kimi üzərimə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışmışam. Qarşıda gördüyünüz dağın o tərəfində tarixi torpaqlarımız yerləşir. Hərbi xidmətə gəldiyim gündən bütün torpaqlarımızın azad edilməsində yaxından iştirak etmək arzusundayam. Bütün arzularım həyata keçib. İnanıram ki, bu arzum da tezliklə həyata keçəcək".
Əsgər Saleh Əliyev qeyd edir ki, Mübariz kimi, Çingiz kimi qəhrəman oğullarımızın yolunun davamçısı olmaq və Şuşanı görmək ən böyük arzusudur. “Yaxşı bilirəm ki, müharibədə döyüş də var, şəhidlik də.  Ancaq Vətənə görə döyüşürəm, torpaqlarımız üçün döyüşürəm, ölümdən qorxmadan döyüşürəm. Mübariz, Çingiz kimi oğullar şəhidliyi özü seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi biz əsgərlərə nümunədir".
- Hərbi xidmət həyatda mərd, cəsarətli olmaq hissini mənə aşıladı, - deyə əsgər Elnur Şirəliyev söhbətə qoşulur. - Burada valideynlərimin aşıladığı böyüyə və kiçiyə hörmətlə yanaşmaq fikirləri kollektiv arasında hörmət qazanmağıma yardımçı oldu. Qarşılığında zabitlərdən, gizirlərdən, tabe olduğum digər hərbi qulluqçulardan və əsgər yoldaşlarımdan qayğı və diqqət gördüm. Bu yolun yolçusu olmaq qərarına gəlmişəm. Tərxis olduqdan sonra gizirlik kursuna yazılmaq və Vətənimə xidmətimi davam etdirmək istəyirəm.
Əsgər Aqşin Xəlilov isə qeyd edir ki, aprel döyüşlərində, Günnüt zəfərində düşməndən azad etdiyimiz yüksəkliklər bizim üçün qələbə simvoludur. "Bir növ yaxın zamanda zəfər qazanacağımızın işarəsidir. Aprel döyüşlərində torpaqlarımızı tam azad etməsək də, döyüşərək mühüm əhəmiyyətli yüksəklikləri geri qaytarmağımız göstərdi ki, yaxın vaxtlarda Qarabağı tam olaraq düşməndən azad edəcəyik".
Əsgərlərdən Samir Rüstəmov, Loğman Hüseynli, Rza Aslanov və başqaları söhbət zamanı bildirirlər ki, ermənilərin bizim qədim yurdumuzun çaylarında necə çimdiyini, bulaqlarından necə su içdiyini, gülzar çəmənliklərinin çiçəyindən süzülmüş balından necə yediyini və s. görməmək üçün əlimizdə silah Vətən torpaqlarının müdafiəsində ayıq-sayıq dayanmışıq və Ali Baş Komandanımızın əmrini səbirsizliklə gözləyirik.
Bu sözlərin arxasında Azərbaycan əsgərinin düşmənə verdiyi Qələbə mesajı dayanır. İgid oğullarımız demək istəyirlər ki, tezliklə işğalda olan torpaqlarımızı azad edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq və düşmənin cəzasını verəcəklər. Bu mesaj, həmçinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi "…Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə... dalğalanacaqdır", "…Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz bu gün hələ də işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq" fikirlərinin təsdiqidir.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR