Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2019 12:19

Bu da tarixdir...

"N" hərbi hissəsi şərəfli və zəngin döyüş yolu keçib. Xalqımızın ümummilli lideri, əbədiyaşar komandan Heydər Əliyevin xeyr-duası ilə həyata vəsiqə alan "N" hərbi hissəsi Ağdərə, Ağdam, Füzuli torpaqlarının müdafiəsində yaxından iştirak edib.
Unudulmayan, əbədi yaddaşlarda yaşayan hadisə isə 1998-2000-ci illərdə şəxsi heyətin ümummilli liderlə keçirilən görüşləridir. Dahi rəhbərin tövsiyələrini və məsləhətlərini fəaliyyətlərində əsas tutan Vətən müdafiəçiləri bütün döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişlər. Bütün bunlar barədə hərbi hissənin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə ətraflı bəhs olundu.
Öncə ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi Veteranları, hərbi hissənin keçmiş döyüşçüləri, ehtiyatda olan zabitlər, hərbi qulluqçular dahi şəxsiyyət, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin büstü önünə əklil qoydular. Sonra Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların xatirəsinə alovlanan məşəl kompleksinə qərənfillər düzdülər. Tədbir mərkəzi meydanda davam etdirildi.
Ümummilli liderimiz Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Polkovnik-leytenant Daşqın Bənnayev çıxış edərək bildirdi ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dövlətçiliyin əsası olan ordu quruculuğuna xüsusi diqqət yetirdi. “Qısa müddətdə ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər həyata keçirildi. Ordumuzun maddi-texniki imkanları genişləndirildi. Düşmənə qarşı uğurlu döyüş əməliyyatları keçirildi, torpaqlarımızın bir qismi işğalçılardan azad olundu. Böyük quruculuq işləri Ulu Öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrəti daha da möhkəmləndirilib, respublikamız dünyanın inkişaf etməkdə olan ölkələri sırasında layiqli yer tutub, bir çox beynəlxalq tədbirlərin, görüşlərin keçirildiyi məkana çevrilib. Azərbaycan Ordusu dünya orduları sırasında öncül yerdə dayanır, regionun ən güclü, qüdrətli ordusu sayılır. Qürurla demək olar ki, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə demişdir ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, necə olursa-olsun, torpaqlarını işğaldan azad edəcəkdir. İnanırıq ki, tezliklə Vətən torpaqlarını işğalçılardan azad edəcəyik.”
Zabit Amil Məhərrəmoğlu, İlyas İsmayılov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Ramiz Əliyev və başqaları çıxış edərək ölkəmizdə ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı görə Ali Baş Komandana minnətdarlıqlarını ifadə etdilər.
Xidmətdə fərqlənən hərbi qulluqçulara təşəkkür elan edildi, fəxri fərmanlar təqdim olundu. Nümunəvi xidmətlərinə görə əsgər valideynlərinə təşəkkür məktubları ünvanlandı. Təntənəli mərasim konsert proqramı ilə başa çatdı.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"