Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Yanvar 2019 12:16

20 Yanvar faciəsindən 29 il keçir

Azərbaycan hər zaman dünya maraqlarının toqquşduğu geosiyasi məkan olub. Bu səbəbdən Vətənimiz illərlə güclü dövlətlərin təcavüzünə məruz qalsa da, igid oğul və qızlarımızın tökülən qanları bahasına xalqımız ayaqda durmağı bacarıb, dünyaya Azərbaycan kimi müstəqil dövlətin varlığını sübut edib. Şah İsmayıl ənənəsini yaşadan oğullarımız XX əsrin əvvəllərində də dünyaya bəyan etdilər ki, Azərbaycan xalqı müstəqilliyi qazanmaq, onu yaşatmaq iqtidarındadır. Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan xalqı demək istədi ki, bir kərə yüksələn bayraq, bir daha enməz.
Bu istəyin, bu arzunun qarşısını heç bir qüvvə ala bilməz, hətta dünyaya meydan oxuyan Sovet İmperiyası olsa belə. Xalqımızın müstəqilliyini həzm edə bilməyən Sovet İmperiyası təpədən-dırnağa müasir hərbi texnika ilə silahlanan, ordusunu fövqəladə vəziyyət elan olunmadan 1990-cı il yanvarın  19-dan 20-nə keçən gecə günahsız bir xalqın üstünə yeritdi. Həmin gecə nə uşağa, nə qocaya, nə də qadına aman verilmədi. Ancaq imperiya ordusu xalqımızın iradəsini, əzmini qıra bilmədi.
Baş vermiş faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək, həmin əməliyyata rəhbərlik edənləri ifşa etdi. Bu,  o zaman heç bir vəzifəyə sahib olmayan, adi vətəndaş statusuna malik olan bir insanın qəhrəmancasına atdığı bir addım idi. O, bütün  Sovet İttifaqı Kommunist Partiyasına meydan oxudu, rejimə qarşı çıxdı və dünyaya  göstərdi ki, Azərbaycan xalqının iradəsini 20 Yanvar qırğını əzə bilmədi. Qəddarlığı, insanlığa sığmayan vəhşiliyi ilə seçilən həmin gecə xalqımızın tarixinə Qanlı Yanvar kimi həkk olundu. Şəhidlik zirvəsinə ucalan yüzlərlə Vətən övladları qəhrəmanlıqları ilə bizlərə müstəqillik, azadlıq bəxş etdilər. Onlar daim böyük ehtiramla, sonsuz məhəbbətlə xalqımızın qəlbində əbədi yaşayıb, yaşayır və yaşayacaqlar.
Həmin faciənin qurbanları Bakının ən uca yerində - Şəhidlər xiyabanında dəfn olundular. Həmin yer hər birimizin müqəddəs and yeridir. Sonralar burada əbədi məşəl kompleksi ucaldıldı. Bu məşəl Şəhidlər xiyabanının bir simvoluna çevrildi. Daim yanan bu məşəl heç vaxt sönmür, bu da ondan irəli gəlir ki, şəhidlərin xatirəsi ölməzdir. Hər bir Azərbaycan vətəndaşı Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qardaş və bacılarımızın əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir, göstərdikləri cəsarətlə fəxr edirlər. Hər il bütün dünya xalqımızın şəhidlərinə qoyduğu ehtiramın şahidi olurlar. Çünki hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələn insanların ucu-bucağı görsənmir, hər yer qırmızı qərənfillərə bürünür. Bütün bunlar bizləri bir-birimizə daha da yaxınlaşdırır. Bizə bəxş edilən müstəqilliyi gələcək nəsillərə daha da möhkəm təhvil verməli olduğumuzu bir daha dərk edirik. Bunun üçün həmişə həmrəy olmalıyıq ki, heç kim bizi qıra və baş əydirə bilməsin. Hər zaman yumruq kimi bir olsaq, heç bir qüvvə bizə qalib gələ bilməz. Vətənimizin qədrini bilməli, heç vaxt onu düşmənin ayağına verməməliyik. Necə ki, Vətəndən uzaqda Macarıstanın Budapeşt şəhərində igid oğlumuz Ramil Səfərov bayrağımızı təhqir edən erməni zabitini cəzalandırdı. Onun atdığı bu addım bütün dünyaya sübut etdi ki, Vətən sevgisi bizlər üçün hər şeydən öndə gəlir. Milli Qəhrəman Mübariz İbrahimov ölümü ilə Vətənini canından da çox sevdiyini nümayiş etdirdi. Bizlər də hər an Vətənimiz Azərbaycana əl uzadan əlləri kəsməyə hazırıq. Düşmənlə təmas xəttində dayanan əsgərlərimiz də bir nəfər kimi bildirirlər ki, Vətənimiz bizlər üçün çox əzizdi, onun keşiyində durmaq hamımızın müqəddəs borcudur.
Artıq 20 Yanvar faciəsindən 29 il ötür, ancaq hər birimizin sinəsi 29 il bundan əvvəl olduğu kimi sızıldayır. Ölkə rəhbərliyi daim şəhidlərimizi və onların ailə üzvlərini diqqət mərkəzində saxlayır. Bu il də bütün respublikada olduğu kimi, ordumuzda  da "20 Yanvar faciəsinin 29-cu ildönümü" ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"