Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2019 09:37

Qəhrəman həm də şair idi

Yüksək bədii dəyərə malik olan hər şeir oxucunun dünyagörüşünün formalaşmasında, xalqın yaxın-uzaq tarixi keçmişinin poetik şəkildə yaşadılmasında, Vətən gözəlliklərini sevməkdə və sevdirməkdə etibarlı ədəbi vasitələrdəndir.
Xalq öz qəhrəmanlarını sevir, onun dediklərini də, yazdıqlarını da böyük sevgilərlə yaşadır...
Böyük Vətən müharibəsində söz də "müsəlləh əsgər" (S.Vurğun) idi. Mehdi Hüseynzadə Novxanıda doğulmuşdu, təhsil almışdı. Müharibə başlayanda xidmətə çağırılmışdı. Stalinqrad ətrafında gedən döyüşlərdə ağır yaralanmışdı, əsir düşmüşdü. Az sonra əsirlikdən qaçmış, Sloveniya partizanlarının tərkibində faşistlərə qarşı vuruşmuşdu...
Mehdi Hüseynzadə Sloveniyada Mixaylo kimi tanınırdı, sevilirdi...
Mehdi Hüseynzadə həm də şair idi. Qürbətzadə, Legioner Qürbətzadə, Mehdi, Mixaylo imzalarıyla yazdığı könüləyatımlı şeirlərində Vətən həsrəti də var, Azərbaycana, Xəzərə sevgi də, Nizami Gəncəvi demişkən, "uca göylərin mehrabı olan eşqə sədaqət də". Hamısı ozünəməxsusluğuyla, oxunaqlığıyla səciyyəvidir.
Azərbycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunur. İstəyirik ki, ordumuzun şəxsi heyəti qəhrəman kimi sevdiyi Mehdi Hüseynzadəni - Mixaylonu şair kimi də tanısın, onun Vətən sevgisini hərbi xidmətinə poetik xeyir-dua bilsin...

"Azərbaycan Ordusu"


Vətən

Od tutur bədənim, yanır ürəyim,
Qovuşur varlığım, eşqinlə Vətən.
Bu uzaq ölkədə səni anaram,
Andıqca yanaram sevginlə, Vətən!

Doğuldum, böyüdüm, səndə boy atdım,
Günəşinlə durub, ayınla yatdım!
Qəlbimi eşqinlə, nurla boyatdım,
Məzara gedərəm, səninlə, Vətən!

Kim deyər qəlbimdə kinim sönəcək,
Kim deyər ürəyim səndən dönəcək!
Ağlayan gözlərim, bil, sevinəcək,
Tarixlər dolanar səninlə, Vətən!

Eşitsin qoy məni yarım, yoldaşım,
İftixar eyləsin torpağım, daşım.
Adımı səsləsin qohum, qardaşım,
Qollarım güclüdür elinlə, Vətən!


Bir sarı yarpaq olaydım

Kaş ki, mən bir sarı yarpaq olaydım,
Sabahın yelləri alaydı məni.
Aşaraq o qarlı uca dağları,
Vətən torpağına salaydı məni...

Əzizim ellər ayrısı,
Bülbüləm güllər ayrısı,
Bir gününə dözmədim
Olmuşam illər ayrısı.

And

Ey ana, ey həyat, ey böyük Vətən!
İnan ki, səninçün yaşayıram mən.
Həsrətin çəkmişəm mən uzun zaman
İndi bambaşqadır gördüyüm dövran.
Göylərin də ağlar, yerin də ağlar,
Bu böyük hicranın qəlbimi dağlar!
Mənim də bir böyük Vətənim vardır!
Mənim də gülüm var, gülşənim vardır!
Bilirəm çiçəyin rəngi solğundur,
Bilirəm anamın gözü yorğundur!
Ağlaraq səsləyir oğlu hardasan?
Anacan ölməyib hələ bu insan,
Onun Vətən adlı bir dərdi vardır.
And içirəm sənin böyük adından,
Düşmən hasar çəksə bir dəniz qandan,
Gözlərimi örtsə ölüm pərdəsi,
Vətən uğrunda sönməz həvəsim!
And olsun xalqımın namus varına!
And olsun vicdanın xilqət yarına!
And olsun bəşərin var qüvvətinə!
And olsun göylərin şah hikmətinə!
Elimin yolunda meydan eylərəm,
Döyüş cəbhəsində al qan eylərəm.
Ya ölüm, ya Vətən, budur, son sözüm!
Bu yolda parlar mənim ulduzum!

A dost

Ömrün kam almayıb çatmadı başa,
Könlümün şüşəsi dəyibdir daşa.
Bir namə yazmadım yara, yoldaşa,
Xəzan yarpağı tək solğunam, a dost.

Gecə ay üzünə salırkən işıq,
Verir camalına hərdən yaraşıq.
Adria! Bil sənə olmaram aşıq,
Mən öz Xəzərimə vurğunam, a dost.

Rübailər

Dolandın baxmadın kimin səsinə.
Dövranda azalan kimin səsi nə?
Xeyir verməmişəm demə, təbiət
Hətta yaşadığım yer kürəsinə.

Duyğu, hiss sənətin canı deyilmi?
Şöhrəti deyilmi, şanı deyilmi?
Dərdiyim o gülün rəngi ki,  vardır -
Bir sarı bülbülün qanı deyilmi?

Dəli ceyran

Sən məni salmısan böyləcə dərdə,
Mən dura bilmərəm böylə kədərdə,
Könlüm nə istərsə, incimə ver də,
Düşməyim çöllərə, dəli ceyranım!

İndi anladım ki, nə çəkdi Fərhad!
Bu dərdə düşəni, eyləyirəm yad,
Onlar yalan olmuş, mən almışam ad,
Düşmüşəm dillərə, dəli ceyranım!

Sənsiz bu dərd mənə olacaq ağır,
Odur gözlərimdən bədbinlik yağır,
Baxıb bu dərdimə, aç qolun, çağır,
Qaçaq o çöllərə, dəli ceyranım!

Bülbüləm indi mən gülsüz, çəmənsiz,
Qərarım gəlməyir inan ki, sənsiz,
Çıxma o yerlərdə seyrana mənsiz,
Gəlləm o ellərə, dəli ceyranım!

Ağlaram
Yuxuda görmüşəm nazlı sonamı,
Mən heç unutmaram doğma anamı!
İtirdim Vətəni, candan yananı,
Qürbətdə yadıma salıb, ağlaram.

"Mixaylo"yam dedim sözü düzünə,
Süngümü batıram düşmən gözünə!
Dörd ildir həsrətəm Vətən üzünə -
Qəmlər yuvasına qonub, ağlaram.
Düşmənin başını bürümüş duman,
Vətəndən əlimi üzmərəm bir an!
Gələcək bizimdir, yaxın bir zaman
Sevincdən, fərəhdən, gülüb, ağlaram.

Ay qız

Mən sənə aşiqəm, gəzmə aralı,
Nazlı baxışından oldum yaralı.
Bu zümrüd yamacın sənsən maralı,
Mən sənin heyranın olaydım, ay qız!

Gözlərin can alan, qaşın qaradır,
Qəlbimin çöhrəsi sənsiz yaradır,
Bir düşün zavallım, bura haradır,
Mən sənin qurbanın olaydım, ay qız!

Mənə üz verəcək yenə yüz kədər,
Çəkdiyim zəhmətlər olarsa hədər,
Yazığın gələydi mənə bir qədər,
Yanında mehmanın olaydım, ay qız!

Vəfasız dünyaya uyma yalandır,
Tanrı verdiyini geri alandır,
Dünyada yaxşılıq bircə qalandır,
Mən sənin qadan alaydım, ay qız!
         
Tərlanım

Nə müddətdir ayrı düşdüm Vətəndən,
Dözmək olmur bu hicrana, tərlanım.
Nə gedən var, nə gətirən bir xəbər
Əlim çatmır heç bir yana, tərlanım.
Dan sökülüb, səhər şehlər düşəndə,
Şeyda bülbül fəğan eylər gülşəndə.
Qəlbim sızlar el yadıma düşəndə
Qanad çalıb, get Vətənə, tərlanım.

Saralıbdır növbaharı Gülgəzin,
Adətimdir bülbül kimi gül gəzim.
Söylə gəlsin mənim nazlı Gülgəzim
Mən düşmüşəm bu tufana, tərlanım.
İndi şığı, qalx havaya, var yeri,
Çal qanadın buludlara, yar yeri!..
Düşərgədir mən Mehdinin dar yeri
Söylə bunu Mehribana, tərlanım.

Görən olsaydı

Qərib bir ölkədə təkcə qalanda,
Baxıb üfüqlərə ilham alanda,
Acıqlanma məni yada salanda,
Vətəndə qoyduğum nazlı dilbəri.

Bir ördək yerişli, bir incə belli,
Tumarlar başını, sabahın yeli,
Hərdən ağ sinəyə düşəndə teli,
Bir görən olsaydı nazlı dilbəri!

Gözləri can alan, sözü məzəli,
Sanki bir lalədir, görməz xəzəli,
Nə deyim, bəlkə də dünya gözəli,
Bir görən olsaydı nazlı dilbəri!

Hərdən gözlər gəl-gəl deyərkən,
Yar coşub özündən dilin yeyərkən,
Bir gedib, bir baxıb gülümsəyərkən,
Bir görən olsaydı nazlı dilbəri!

Onunla olsaydım, olmazdım xəstə,
Dili badam içi, dodağı püstə,
Barı heç olmazsa qəbrimin üstə,
Bir görən olsaydı nazlı dilbəri!



Deyiniz sevgilimə

Neçin matəmlidir dağlar, dərələr,
Dəyişmiş rəngini o mənzərələr,
Hətta sürünərək kərtənkələlər,
Küskün taleyindən şikayətçidir.

O ki, o dağlarda minərdi atı,
Keçərdi çaylardan deyib bayatı,
İndisə könlünün sınmış qanadı,
İntizar əlindən şikayətçidir.

Neçin o bağları tutubdur xəzan,
Taledir onu bu dərdə yazan?
Görüm gün görməsin yolları qazan,
Çünki dövran ondan şikayətçidir.

Mənim

Xəbər alma bu dərdimi özümdən,
Qəmli yaşlar ayrılmayır gözümdən.
Nə fikrim var aydın olur sözümdən,
Aşıqvari öz sazımı çalıram.

Tərlan könlüm uçub qonub budağa,
Dolğun gözlə göz gəzdirir bu dağa,
Qərib yerdə tab etmirəm bu dağa,
Düşər xəyalıma o diyar mənim.

O həsrətdən ömrüm indi yarıdır,
Yardan xəbər alsam, məni yarıdır,
Çünki hər qız bir oğlanın yarıdır,
Oxlamış qəlbimi nazlı yar mənim.

Gülə aşiq bülbül rəngi sarıdır,
Onun məhəbbəti gülə sarıdır,
Hər görüşdə yaraların sarıdır,
Olubdur sirdaşım ahu-zar mənim.

O vəfalı yarım Qarabağlıdır,
Onun yeri çiçəklidir-bağlıdır,
Ömrü boyu sevgisinə bağlıdır,
Vəfasına çox ümidim var mənim.

Yardan ayrı qalsam ömrüm qaralar,
Küskün xəyalımı dağ tək qar alar,
Bəxtimin səhifəsin fələk qaralar,
Çürüdər ömrümü intizar mənim.