Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2019 10:48

“İdman sağlamlığın bünövrəsidir”

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə idmanın cəmiyyətdə rolunun artmasında xidmətləri əvəzsizdir. Ulu Öndər gənc nəsli həvəsləndirmək, bu sahədə uğurların əldə edilməsi və davamlı olması üçün əlindən gələni əsirgəmirdi. Əbədiyaşar liderin apardığı siyasətin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev də idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bu səbəbdən rayonlarımızda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib.
Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da idmana yüksək diqqət göstərilir. Çünki fiziki hazırlıq əsgərlərin sağlam, iradəli və dözümlü olmalarını təmin edir. Ona görə də komandirlərin qarşısında qoyulan əsas vəzifələrdən biri də Vətənin müdafiəsində dayanan oğullarımızın fiziki hazırlığına ciddi nəzarət etməkdir.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığına böyük önəm verildiyinin şahidi olduq. Əsgərlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əlzamin Həsənovun rəhbərliyi altında müxtəlif çalışmalar yerinə yetirirdilər. Onlarla söhbət etmək imkanı qazandıq.
Əlzamin Həsənov bildirdi ki, şəxsi heyət günün nizam qaydasına uyğun olaraq hər səhər və axşam silahlı, silahsız və ikilikdə kompleks çalışmalar yerinə yetirir. "İdmanla müntəzəm məşğul olmaq hər birimizi daha çevik və güclü edir. Danılmaz faktdır ki, idman sağlamlığın, möhkəm orqanizmin bünövrəsidir. Tabeliyimdə olanların fiziki hazırlığına xüsusi diqqət yetirirəm. İdman şəxsi heyətin döyüş ruhunu artırmaqla yanaşı, döyüş hazırlığının da ayrılmaz tərkib hissəsidir. Bizim üçün yaradılan bu cür şəraitdən səmərəli istifadə etmək vəzifə borcumuzdur. Əsgərlərimizin savadlı, güclü və cəld olması üçün əlimizdən gələni əsirgəmirik. Sağlam və fiziki cəhətdən yaxşı inkişaf etmiş əsgər döyüş meydanında düşmənə qalib gələcək. Onların dözümlülüyünün, iradəsinin daha da güclü olması bizi qələbəyə bir addım da yaxınlaşdırır".
"Uşaq vaxtlarından idmanı çox sevirəm. Sağlamlığım naminə hər səhər qaçırdım. Həyətdə dostlarımla mütəmadi futbol oynayır, bəzən də digər idman növləri ilə məşğul olurduq. Bu gün də ordu sıralarında komandir heyətinin rəhbərliyilə səhər və axşam idmanla məşğul oluruq. Xidmətə gəldiyim ilk günlə müqayisədə indi fiziki cəhətdən daha güclüyəm. Bunun nəticəsini təlimlərdə də hiss etdim. Verilən tapşırıqlar, keçirilən təlimlər nə qədər ağır və çətin olsa da, öhdəsindən layiqincə gələ bilirik. Təlimlərdə hesab edirik ki, düşmən tapdağında olan torpaqlarımızı azad etməyə gedirik. Çox istəyirəm ki, düşməni dədə-baba torpaqlarımızdan qovub çıxardanların, Şuşamıza ilk ayaq basanların sıralarında mən də olum. Bu səbəbdən üzərimə düşən vəzifəyə ikiqat məsuliyyətlə yanaşıram", -  hərbi xidmətə Sumqayıt şəhərindən çağırılan əsgər Elxan Məmmədov dedi.
Ordu sıralarına Qaradağ rayonundan çağırılan əsgər Elsəvər Ağakişiyev də bədən tərbiyəsinin vacibliyindən danışaraq qeyd etdi ki, hər gün idman etməyin insan orqanizminə əvəzolunmaz faydası var. "İdmanla məşğul olmaq bizim gümrah, yüksək əhval-ruhiyyədə, enerjili olmağımızı təmin edir. Hər gün idmanla məşğul olduğumuz üçün fiziki gücümüz artır. Bu o deməkdir ki, döyüş meydanında düşməndən daha cəld və güclü olacağıq. Onlarla üzbəüz döyüşdə qalib gələcəyik. Çünki Vətənin müdafiəsində güclü, mərd, cəsur və vətənpərvər Azərbaycan əsgəri dayanıb".
Digər əsgərlər Valeh Quluzadə, Seyid Ramazanov, Rza Orucov və Məhəmməd Mahmudov hərbi hissədə  yaradılan şəraitdən, komandir heyətinin göstərdiyi diqqət və qayğıdan danışaraq bildirdilər ki, Vətənin müdafiəsində mətinliklə dayanıblar və Ali Baş Komandanın döyüş əmrini gözləyirlər.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"