Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2019 10:47

“Həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik”

Uğurlu Horadiz əməliyyatının 25 illiyi qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür.
Bu münasibətlə 1994-cü ildə Füzuli rayonunun 21 kəndinin və Horadiz qəsəbəsinin düşmən işğalından azad olunmasında iştirak etmiş hərbi hissənin keçmiş döyüşçüləri yanvarın 5-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri qoyublar.
Sonra hərbi hissənin keçmiş döyüşçüləri Şəhidlər xiyabanında döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.
Ziyarətə həmin hərbi hissənin əsgər və zabitləri, həmçinin hazırda Silahlı Qüvvələrin sıralarında xidmətini davam etdirən zabitlər qatılıb.
Hərbi hissənin zabiti olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elxan Zülfüqarovun məzarı önündə çıxış edən “Azərbaycan Bayrağı” ordenli, ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, Horadiz əməliyyatı 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Biz qoyulan tapşırığı uğurla yerinə yetirdik. Dörd aydan çox müdafiədə oturan düşmənin üzərinə atılaraq torpaqlarımızı azad etdik. Biz tankların üzərində "Heydər Əliyev uğrunda" şüarları ilə döyüşlərə girdik.
Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Düşmən ağır itkilər verərək geri çəkilib. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını ucaldıblar. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu uğurlu əməliyyat ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. "Həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik", - deyə ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması nəticəsində nail olub.
Tədbirdə digər çıxış edənlər də həmin döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvə və hərbi texnikasının məhv edildiyini, onlarla döyüş texnikasının, xeyli sayda silah-sursatın qənimət kimi ələ keçirildiyini bildiriblər. Çıxışlarda, həmçinin Horadiz əməliyyatının Qarabağ müharibəsi tarixində xüsusi yeri olduğu qeyd edilib.

"Azərbaycan Ordusu"