Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2019 10:44

“Nizam-intizam sıradan başlanır”

Bu gün hərbi xidmət keçən gənclərə bölmələrdə yüksək təlim keçirildiyi hamıya bəllidir. Gənclər xidmətə gəldiyi gündən nizamnamə ilə təyin olunmuş fəaliyyətlə məşğul olurlar. Keçirilən məşğələlər gənclərin nizam-intizamlı, silahlardan istifadə etməyi bacaran, bir sözlə, yüksək döyüş hazırlıqlı  əsgərlər kimi formalaşmasında mühüm rol oynayır. Danılmaz faktdır ki, döyüş hazırlığı təkcə silahdan istifadə etməyi bacarmaq deyil. Bununla yanaşı, əsgərin fiziki hazırlığı, nizam-intizamı, döyüş ruhu da yüksək olmalıdır. Bunların arasında ən başlıcası nizam-intizamdır. Çünki nizami ordu olmasa, heç bir döyüş hazırlığından danışmaq olmaz. Bu gün ordu quruculuğunda daim diqqətdə saxlanılan məqamlardan biri də şəxsi heyətin nizam-intizamlı olmasıdır. Nizam-intizam isə sıradan başlanır. Xidmətə gələn gənclərin hərbi ilə ilk tanışlığı da məhz sırada olur. Onlara sıranın müqəddəsliyi izah olunur. Nizam-intizamlı olmaq, komandirlərin sözündən çıxmamaq və digər intizam xarakterli davranışların bünövrəsi məhz sırada qoyulur.
      Sonrakı xidməti dövrlərində də əsgərlərin gündəlik fəaliyyətləri arasında sıra hazırlığı mühüm yer tutur. Həmin məşğələlərdə əsgərlərə Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq dərslər keçirilir, sırada silahsız və silahla sıra  hərəkətləri və yerişi, əsgəri salamlaşma qaydaları, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borcları, sıra hazırlığına olan tələblər,  yuxarı rəislərə yaxınlaşma və digər qaydalar öyrədilir.
"N" hərbi hissəsində izlədiyim sıra hazırlığı məşğələsində əsgərlər silahlı hərəkətlərin fənn və üsullarını öyrənirdilər. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Marat Şeydayevin göstərişi ilə əsgərlər silahın qayışda vəziyyətindən sinəyə və ya əksinə, həmçinin silahın ayağa alınması, yerə qoyulması və digər komandaları bacarıqla icra edirdilər.
Sıra meydanında dərs keçən əsgərlərin hərəkətlərindən yaranan səs dalğaları demək olar ki, hərbi hissənin bütün ərazisinə yayılırdı. Onların hərəkətləri eyni anda və nizamla yerinə yetirməsindən yaranan ritmik səslər diqqətimi cəlb etdi. Əsgərlərin şux qamətləri, verilən bütün komandaları cəld və nizamlı şəkildə yerinə yetirməsi xoş ovqat aşılayır, qəlbimdə sevinc hissləri oyadırdı. Üzlərində yaranan təbəssümü, baxışlarındakı qüruru izlədikcə ruhuma fəxarət hissi hakim olurdu. Nizami ordumla, əsgərlərimizlə bir daha qürur duyur, qüdrətli Azərbaycan Ordusunun vətənpərvər,  igid, bacarıqlı oğulları ilə öyünürdüm.
Marat Şeydayev fasilə vaxtı olduğunu elan etdi. Fürsətdən istifadə edərək onlarla həmsöhbət oluram. Məşğələni izlədikcə hiss olunurdu ki,  əslən Qusar rayonundan olan hərbi qulluqçu M.Şeydayev seçdiyi peşənin sirlərinə dərindən yiyələnib və işinə ürəkdən bağlıdır. Gənc olmasına baxmayaraq, kifayət qədər bacarıqlı və savadlıdır.
Nizam-intizam sıradan başlanır, - Marat Şeydayev dedi. - Məşğələyə başlamazdan əvvəl əsgərlərə sıranın müqəddəsliyindən danışıram. Bu sıralarda Mübarizlərin, Çingizlərin, Raqufların, Samidlərin... və onlar kimi Vətən uğrunda canlarından keçən neçə-neçə qəhrəman oğulların dayandığını izah edirəm. Şahidi oldunuz ki,  əsgərlərin hər biri verilən komandaları necə bacarıqla icra edir. Onların dərsə belə həvəs göstərməsi, bacarıq nümayiş etdirməsi mənə də müsbət təsir edir, sevinc hissləri aşılayır. Sevinirəm ki, vaxtilə mənə öyrədilən hərbi bilikləri mən də əsgərlərimə öyrədə bilir, vəzifələrimin öhdəsindən layiqincə gəlməyə çalışacam. Arzu edirəm ki, Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etmək üçün sıraya düzülüb səfər yürüşünə çıxaq. 
Əsgərlər Pərviz Əsədli, Yunus İsmayılov, Sücaəddin Həmzəyev və  başqalarının sözlərindən əmin oldum ki, hər biri Vətənə sonsuz sevgi ilə bağlıdır. Əsgəri xidmətin vacibliyini, məsuliyyətini yaxşı dərk edirlər. Yüksək əhval-ruhiyyə ilə xidmət edir, bacarıqlı əsgərlər kimi formalaşmaq üçün var qüvvələri ilə çalışırlar. "Biz hərbi xidmətə Vətəni qorumaq kimi müqəddəs vəzifəni yerinə yetirməyə gəlmişik. Bu vəzifə hər birimizin övladlıq borcudur. Ordumuzun gücü və qüdrəti bütün dünyaya bəllidir. Fəxr edirik ki, Azərbaycan Ordusunun sıralarındayıq. Bacarıqlı əsgərlər kimi formalaşmaq üçün keçirilən bütün məşğələlərdə fəal iştirak edirik. Əsgəri xidmətdə silahlardan istifadə etməyi, döyüş bacarıqlarını öyrəndiyimiz kimi sırada dayanmağı, sıra hərəkətlərini də öyrənirik. Hər birimiz yaxşı anlayırıq ki, ordumuzun adına layiqli əsgər olmaq üçün nizam-intizamlı olmaq ən vacib şərtdir. İntizamın da əsasını təşkil edən sıra hazırlığı məşğələsində bütün öyrədilənləri həvəslə mənimsəyirik. Sıra hazırlığı elə bir dərsdir ki, gündəlik bütün fəaliyyətlərimizin  tərkib hissəsidir. Yeməyə, idmana, atışa və digər dərslərə gedişimiz, səhər baxışına, axşam yoxlanışına düzülüşümüz, bir sözlə, hər bir işimiz sıra ilə tənzimlənir. Ona görə də sıra meydanında öyrədilən nizam-intizama daim əməl edir, uğurlu xidmətimizlə bizə göstərilən etimadı doğrultmağa çalışırıq".
Artıq fasilə vaxtı bitir. Əsgərlər yenidən silahlarını götürüb cəld şəkildə təyin olunmuş yerdə düzülür, dərsə davam edirlər. Onların nizam-intizamı, sırada davranışları, aralarındakı sağlam mühit  ordumuzda dəmir intizamın olduğunu bir daha nümayiş etdirir.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"