Ordumuzda mənəvi-psixoloji hazırlıq işi daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyət ilə xalqımızın tarixi qəhrəmanlıqlarının, İkinci Dünya müharibəsində qəhrəman oğullarımızın, Dağlıq Qarabağ münaqişəsində igidlik göstərmiş Milli qəhrəmanlarımızın, Ümummilli Liderimizin həyat və fəaliyyətlərinin öyrənilməsinə dair tədbirlər keçirilir.
"N" hərbi hissəsində ictimai-siyasi hazırlıq dərsində iştirak etdik. Qrup rəhbəri leytenant Coşqun Rzayev mövzunu ətraflı izah edərək, əsgərlərin suallarını cavablandırırdı. Zabitlə həmsöhbət olmaq imkanı qazandıq.
Öyrənirəm ki, Coşqun hərbçi peşəsini seçməklə ən böyük arzusunu həyata keçirib. O, 2018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. "Uşaqlıqdan ən böyük arzum hərbçi olmaq idi. Televiziyada hərbi verilişlərin vaxtını əzbərləmişdim. Ordumuzda baş verən yenilikləri həvəslə izləyirdim. Komandir heyəti danışanda özümü bir anlıq da olsa onların yerinə qoyurdum. Xoşbəxtəm ki, arzum reallığa çevrilib. Təhsil aldığım müddətdə həmişə birincilər sırasında olmağa çalışırdım. Müəllimlərin öyrətdiklərini dərindən mənimsəyərək, hərbin sirlərinə mükəmməl yiyələndim. İndi isə məqsədim əldə etdiyim bilik və bacarıqları şəxsi həyətə aşılamaqdır. Hesab edirəm ki, fəaliyyət sahəsindən asılı olmayaraq daima məsuliyyətli olmalısan. Bizim işimiz isə əsgərlərimizin savadlı, təcrübəli döyüşçü və layiqli vətəndaş kimi formalaşmasında vasitəçi olmaqdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni əsirgəmirik. Şəxsi heyətə nəzəri və praktiki məşğələlər keçərkən həm təhsil illərində, həm də kursantlıq və xidmət müddətində qazandığım bilik və təcrübə köməyimə çatır. Çalışıram ki, dərslərimiz həm səmərəli, həm də maraqlı olsun. Döyüşdə yalnız yüksək hazırlıqlı əsgər düşməni məhv etməyə və xalqımıza qələbə sevincini yaşatmağa qadirdir".
Əsgər Valeh Quluzadə qeyd etdi ki, Vətənə xidmət etmək, torpaqlarımızın keşiyində durmaq hər birimizin müqəddəs borcudur. "Vətənini sevməyən insan yoxdur. Vətənini sevmək üçün onun tarixini bilməli, şəhidlərini yaxından tanımalısan. Bu yerlər ata-babalarımızın doğulduğu, canlarından keçən qəhrəman qardaş və bacılarımızın uyuduğu məkandır. Bizləri yalnız bir amal birləşdirir: işğalda olan torpaqlarımızı azad etmək. Xalqımızın illərdi çəkdiyi həsrətə son qoymaq bizlərin üzərinə düşür. Bunun üçün komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyirik. "İrəli" əmri veriləcək günü səbirsizliklə gözləyirik".
- Atam həmişə deyərdi ki, Vətəni sevmək onun sevinci ilə sevinmək, kədəri ilə kədərlənməkdir, - əsgər Seyid Ramazanov bildirdi. - Hərbi xidmətə gəldiyim ilk gündən Vətənimizin müdafiəsində dayanmaqla yanaşı, keçirilən dərslərin hesabına ümummilli dəyərlərimizi daha dərindən öyrənirik. Bunun üçün komandirlərimiz əllərindən gələni əsirgəmirlər. Bizlər də onların etimadını doğrultmağa çalışırıq. Verilən əmr və tapşırıqları dəqiq yerinə yetiririk. Hər birimiz yaxşı bilirik ki, onlar da bizlərin savadlı, hərb sənətinin bütün incəliklərinə dərindən yiyələnən, döyüş meydanında itki vermədən qələbə qazanmağa qadir olan əsgərlər kimi formalaşmağımızı istəyirlər. İnanıram ki, çəkilən bütün zəhmət bizi Böyük Qələbəyə yaxınlaşdırır.
Binəqədi rayonundan hərbi xidmətə çağırılan əsgər Məhəmməd Mahmudov dedi ki, hər bir Azərbaycan gənci yaxşı başa düşür ki, əsas vəzifəsi işğal olunan torpaqlarımızı son qarışına kimi azad etməkdir. "Hər bir vətəndaş Vətənini sevməli, onun fədakar övladı olmalıdır. Bizlər də onun uğrunda hər an canımızdan keçməyə hazırıq. Aprel döyüşlərində və Günnüt zəfərində silahdaşlarımızın şücaəti, cəsarəti, mərdliyi bunu bütün dünyaya nümayiş etdirdi. Çox istəyirəm ki, Böyük Qələbəni xidməti dövrümdə qazanaq. Tərxis olsam belə, hər an silahlanıb döyüşə getməyə hazıram".
Əsgərlər Rza Orucov, Tahir Məcidov, Rəsul Ağakişibəyli və başqaları da bildirdilər ki, üzərlərinə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirlər. Fəxr edirlər ki, güclü ordunun sıralarında xidmət edir, torpaqlarımızın müdafiəsində inamla dayanırlar. Onların gözlərində olan qığılcımdan hiss olunurdu ki, qəlblərində Vətənə məhəbbət, düşmənə nifrət hissləri böyükdür.
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"