Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Yanvar 2019 10:41

“Ordumuzun inkişafına xidmət etmək borcumuzdur”

Baş leytenant Fuad Əliyev şəxsi heyətimizin formalaşmasında yaxından iştirak edən gənc zabitlərimizdəndir. 1986-cı ildə Sumqayıt şəhərində anadan olan gənc zabit Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla arzusunu həyata keçirib və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində başa çatdırıb.
"Harada təhsil almağımızdan asılı olmayaraq ordumuzun inkişafına xidmət etmək vəzifə borcumuzdur", - deyə baş leytenant Fuad Əliyev söhbətə başladı. - Azərbaycan Ordusunun gələcəyinin daha etibarlı və inamlı olmağını istəyiriksə, mütləq təhsilli olmağımız vacibdir. Yaxşı bilirik ki, indiki dönəmdə ordunun gələcəyi onun hərbi təhsil sisteminin səviyyəsi ilə ölçülür. Hərbi təhsil sistemimizin adı isə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bir zabit kimi şərəf duyuram ki, əsası Ulu Öndər tərəfindən qoyulan tədris müəssisələrində təhsil almışam. Yiyələndiyim peşəni qəlbən sevir, hərbi qulluqçu kimi Vətənimə, xalqıma və dövlətimə xidmət edirəm, Nizamnamə çərçivəsində hərəkətlərimə məsuliyyətlə yanaşır, bir sözlə, hərbçi nüfuzunun keşiyində dayanmağa çalışıram. Tabeliyimdə olan şəxsi heyətə sevgi ilə yanaşır, onların hazırlıqlı əsgər kimi formalaşması və hərbi təcrübəsinin artması üçün əlimdən gələni əsirgəmirəm. Ordunun döyüş qabiliyyəti əsgərin hərtərəfli hərbi hazırlığından keçir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün maddi-texniki bazaya malik olan ordunun olması və şəxsi heyətin hərbi təcrübəsinin artması əsas şərtdir.
Həmsöhbətim qeyd etdi ki, ilk növbədə komandir mövcud olduğu kollektivdə lider olmağı bacarmalıdır. “Əsgərlərinə bərabər şəkildə qayğı göstərməli, sevgi aşılamalıdır ki, onun komandası sevilərək, səylə yerinə yetirilsin. Əsgərə qayğı göstərsən, düz yönləndirsən, onun hərbi təlim-tərbiyəsi ilə məşğul olsan, o əsgər tam hazırlıqlı əsgər olacaq. Hesab edirəm ki, əsgərim mənim simamdı. Bu gün tabeliyimdə olan əsgərin əldə etdiyi uğur mənim, komandirlərimin, o cümlədən Azərbaycan Ordusunun əldə etdiyi uğurdur. Bu uğurun nəticəsidir ki, Azərbaycan Ordusu aprel zəfərini qazandı. Aprel döyüşləri ordumuzun zəfər tarixinə qızıl hərflərlə yazıldı. Həmin döyüş xalq-ordu münasibətlərini bir qədər də yaxınlaşdırdı, orduya olan inamı daha da artırdı. Bu gün Azərbaycan Ordusunun şəxsi heyəti istənilən şəraitdə, istənilən relyefdə düşmənlə mübarizə aparmaq gücündədir.”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR