Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2019 09:51

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş turnir

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müntəzəm olaraq Azərbaycanın Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş müxtəlif idman yarışları keçirilir. Sabahımızın zabitləri olacaq kursantlar bu yarışlarda həvəslə iştirak edərək daim həm fiziki, həm də intellektual hazırlıqlarını artırırlar.
Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əhədov Elşad Saday oğlunun xatirəsinə həsr olunmuş şahmat turniri keçirildi. Turnirdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər.
Hərbi liseyin fiziki hazırlıq bölməsinin rəisi mayor Rəşad Kazımov çıxış edərək Milli Qəhrəman Elşad Əhədov haqqında geniş məlumat verdi. Bildirdi ki, qəhrəman uzun döyüş yolu keçib və torpaqlarımızın müdafiəsində böyük rəşadət göstərib. 
Bölmə rəisi onu da vurğuladı ki, gənc zabitin döyüşlərdə göstərdiyi hünər və igidliyi layiqincə qiymətləndirilib. Ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Ölkə başçısının 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə isə Elşad Əhədova "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Rəsmi hissədən sonra 6 komandanın qatıldığı turnirə start verildi. Yarış keçirilən zala sakitlik çökdü. Şahmat taxtası arxasında oturan kursantlar yarışda qalib gəlmək üçün daha çevik, daha ağıllı fəndlər tətbiq etməyə çalışırdılar. İştirakçılar komandalarını irəli çıxarmaq üçün bütün bacarıqları ilə yarışırdılar.  Necə deyərlər, fiqurları yerindən tərpətməzdən əvvəl yüz dəfə ölçüb bir dəfə biçirdilər. Hakimlər də oyunun gedişini diqqətlə izləyirdilər.
Şahmat turniri dekabr ayının 24-dən 28-nə qədər davam etdi. Bu müddət ərzində hər gün komanda üzvləri arasında yarış keçirildi. Yarışda hər komandadan 3 əsas, bir ehtiyat oyunçu iştirak edirdi. Beynəlxalq qaydalara uyğun olaraq dairəvi sistem üzrə keçirilən turnir həm komanda, həm də şəxsi xarakterlidir.
Beş gün davam edən yarışda  5-ci bölüyün kursantları daha yaxşı nəticə nümayiş etdirərək birinci yerə layiq görüldü. 2-ci yerə 6-cı bölüyün, 3-cü yerə isə 4-cü bölüyün kursantları çıxdılar. Şəxsi birincilikdə isə kursant Yusif Məmmədov daha çox xal toplayaraq birinci pilləyə yüksəldi. 
Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri yaxın günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey