Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2019 09:48

Böyük Qələbə arzusuyla xidmət edirik

Ordu müqəddəs Vətənin qoruyucusu kimi şərəfli bir vəzifəni həyata keçirir. Hər bir müstəqil dövlət mövcudluğunu, təhlükəsizliyini ordusu vasitəsilə təmin edir. Azərbaycan mürəkkəb coğrafi regionda yerləşdiyindən, tarixən xarici hücumlara məruz qaldığından orduya böyük əhəmiyyət verilib. Bu gün torpaqlarımız ermənilərin işğalı ilə üzləşdiyindən xalqın ümid yeri yenə də orduyadı. Xalqımız ordumuzun gücünə bələddi və yaxşı bilir ki, müharibə yolu ilə tarixi torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirdir. Xalqımız inanır ki, Azərbaycan əsgəri üzərində gəzdiyi bu torpağı qoruyacaq və işğaldan azad edəcək.
"N" hərbi hissəsinin mühəndis-istehkam bölüyünün şəxsi heyətinin dərs prosesində də gördüklərimiz sübut edir ki, Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyən Azərbaycan əsgəri bir göz qırpımında Kəlbəcərə, Şuşaya, Xankəndinə... qanadlanmağa, düşmənin ayaqlarını bu torpaqlardan birdəfəlik kəsməyə hazırdır. Gördüklərimizdən bir inam hasil olur - məşğələyə cəlb olunan şəxsi heyət bir yumruq kimi mübarizə aparmağa, öhdəsinə düşən tapşırığı məsuliyyətlə və vaxtında yerinə yetirməyə, qələbə üçün canından-qanından keçməyə belə qadirdir.
Məşğələdən sonra taqım komandiri leytenant Şamil Qəhrəmanov bildirdi ki, gördükləriniz adi məşğələlərdən biri kimi görünə bilər. Amma bu məşğələlər genişmiqyaslı istiqamətdə həyata keçirilir. Bununla da şəxsi heyətimizin döyüşə hazırolma qabiliyyəti yoxlanılır. Zabit onu da bildirdi ki, mütəmadi olaraq bu tip məşğələlər keçirilir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Bu da şəxsi heyətin hazırlığında mühüm rol oynayır. Minaaxtaran peşəsinə yiyələnənlər üçün ən əsas məsələ peşəkarlıq əldə etmək və təhlükəsizlik qaydalarına əməl etməkdir. Əbəs yerə demirlər ki, "minaaxtaran ömründə bir dəfə səhv edir". Yəni bir səhv minaaxtaranın həyatı bahasına başa gələ bilər. Əgər torpaqlarımız hələ azad olunmayıbsa, bizim ölməyə haqqımız çatmır. Çünki torpaqlarımızın azadlığı uğrunda mübarizədə öldürməyə borclu olduğumuz düşmənlərimiz çoxdur. 
Əsgər Əli Qurbanov qeyd etdi ki, mövcud məşğələlərin və təlimlərin sayəsində istənilən hava şəraitində, istənilən mövqedə, istənilən relyefdə minaları zərərsizləşdirməyi öyrənirlər. Minaaxtaran istənilən minanı aşkar edən və məhv edən zaman təhlükəsizlik tədbirlərinə mütləq riayət etməlidir: "Minaaxtaran ilkin olaraq əraziyə baxış keçirməli və bundan sonra əməliyyata başlamalıdır. Əməliyyat prosesində istifadə etdiyimiz detektorlardan siqnal gəldikdə həmin yer ağ üzlü işarə ilə işarələnməli və qazıntı aparılmalıdır. Həmin yerdə hərbi sursat aşkar olunarsa, qırmızı işarə ilə işarələnməli və şuplanmalıdır. Sonda bununla bağlı komandirinə məlumat verən minaaxtaran minaları kənara götürülməsi mümkündürsə kənarda, götürülməsi mümkün deyilsə yerindəcə zərərsizləşdirməlidir.
Əsgər Simran Babayev isə təcrübədə qazandıqlarına, əldə etdiyi hərbi biliklərə görə komandirlərinə minnətdarlıq etdi: "Təcrübədə qazandıqlarımız komandirlərimizin sayəsində mümkün olub. Ona görə də bütün birbaşa və bilavasitə komandirlərimə minnətdarlığımı bildirirəm. Komandirlərimizdən çox razıyıq ki, bizə xidmətin bütün incəliklərini öyrədiblər, elə indi də öyrədirlər. Yaxşı başa düşürük ki, biz öz torpağımızı qoruyuruq, onun keşiyini çəkirik. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də güclü dövlətdir, ordusu da güclü ordudur. Azərbaycan əsgəri Ali Baş Komandanına, xalqına arxalanır və inanır. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canından keçməyə hazırdır."
Əsgər Arif Rüstəmov dedi ki, heç bir dövləti ordusuz təsəvvür etmək mümkün deyil. Ordu ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Biz də bu gün iftixar hissi keçiririk ki, Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var və biz də bu ordunun əsgərləriyik.
Sonda leytenant Şamil Qəhrəmanov vurğuladı ki, keçirilən məşğələlərin, təlimlərin əhəmiyyəti danılmazdır. "Yetərincə hazırlığa malik döyüşçü və bölmələr tədris əməliyyatlarında fərqlənməyi bacarırlarsa, döyüşlərdə də düşmənə üstün gəlməyə qadirdirlər. Bir daha qarşıya qoyulan məqsəddən, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olan və vəzifələrini döyüş şəraitinə uyğun həyata keçirməyi bacaran Azərbaycan Ordusunun şəxsi heyəti ancaq Böyük Qələbəni düşünür, həmin günün arzusuyla yaşayır və xidmət edir."


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR