Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2018 10:58

31 dekabr birlik günüdür

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində, geniş dünyagörüşünə malik fərd kimi formalaşmasında ictimai-siyasi hazırlıq dərsinin çox böyük əhəmiyyəti var. Vətənpərvərlik təkcə əlində silah torpaqları müdafiə etmək deyil, həmçinin boya-başa çatdığın məmləkətin tarixi şəxsiyyətləri barədə məlumatlı olmaq və tarixi həqiqətlərini bilib nəsildən-nəslə ötürməkdir. Ordu sıralarında xidmət edən gənclərin əsl vətənpərvər ruhda böyüməsi üçün ictimai-siyasi hazırlıq dərsinin keçirilməsinə çox böyük önəm verilir.
"N" hərbi hissəsində keçirilən ictimai-siyasi hazırlıq dərslərindən birinin şahidi olduq.
Dərsin rəhbəri leytenant Şamil Qəhrəmanov bildirdi ki, gənc yaşlarından hərbçi olmaq arzusu onun Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları sırasına daxil olması ilə nəticələndi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də bitirən zabit bu gün güclü ordumuzun məsuliyyətli, gənc, savadlı zabitlərindəndir.
Azərbaycan Ordusunun gənc zabitlərindən olan leytenant Şamil Qəhrəmanov dərsin mövzusu ilə bağlı əsgərləri məlumatlandırdı. “Bugünkü dərsin mövzusu 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günün əsası 1989-cu ilin dekabrında qoyuldu. Bu tarixi hadisə  həmyerlilərimizi illər sonra qovuşdurdu. Həmin ərəfələrdə İstanbulda keçirilən türkdilli xalqların konfransında bu gün dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində olarkən dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Həmin tarixdən etibarən bu gün əlamətdar günlərdən biri kimi qeyd olunur. Bu mötəbər gün dünyanın hər bir yerində yaşayan həmyerlilərimizin birlik, vəhdət təşkil etdiyi bir gündür. Xarici ölkələrdə diasporamızı təmsil edən nümayəndələr, bu gün ilə əlaqədar olaraq tədbirlər təşkil edir, tarixi həqiqətləri dünyaya çatdırırlar".
Əsgər Rəşad Hacıyev də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Dünya Azərbaycanlıların Həmrəylik Günü soydaşlarımızın birlik günüdür. Bu bayram dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıların bayramıdır. Bu sözləri Ümummilli Liderimiz 1998-ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətində demişdi. Bu bayram qədim tarixə və böyük mədəniyyətə malik olan Azərbaycan xalqının müstəqillik əldə etdiyi andan bütün dünya azərbaycanlılarına bəxş etdiyi, ümummilli əhəmiyyət kəsb edən yeni və çox ümidverici bayramdır. Vətən müdafiəçisi olaraq bizim üzərimizə düşən əsas vəzifə xalqımızın təhlükəsizliyini, torpaqlarımızın bütövlüyünü təmin etməkdir. Bütün dünyada yaşayan azərbaycanlıları Qələbə müjdəli xəbərlə sevindirəcəyimiz günə az qalıb. Ali Baş Komandanımızın əmri ilə tezliklə ərazi bütövlüyümüz bərpa ediləcək.”
Hərbi xidmətə Siyəzən rayonundan çağırılan əsgər Tacəddin Muradov da ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayını təşkil etməklə təkcə ölkə daxilində olan soydaşlarımız üçün deyil, həmçinin ölkə hüdudlarından kənarda olan həmyerlilərimiz üçün xeyli işlər gördüyünü vurğuladı. "2001-ci ilin noyabrında ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə dünyada yaşayan soydaşlarımızı azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Ulu Öndər sübut etdi ki, dövlətin uğurlarına aparan yol xalq və millətin birliyindən keçir.”
Əsgər Məhəmməd İbrahimov və Zaur Məmmədov da bildirdilər ki, Ali Baş Komandanımızın əmri ilə aprel və Günnüt zəfərlərinin davamı olacaq Böyük Qələbə xalqımızın birliyinin daha da möhkəmlənməsinə xidmət edəcək. Ordu-xalq birliyi dünya azərbaycanlılarının həmrəyliyinin məhək daşına çevriləcək.
Bu birlik Ümummilli Liderimizin ideyalarının yaşamasını, qüdrətli, inkişaf edən Azərbaycan dövlətinin müstəqilliyinin əbədi, davamlı və dönməzliyini təmin edəcək.

Fuad CƏFƏROV, “Azərbaycan Ordusu”