Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2018 10:56

Məişət şəraitimiz yüksək səviyyədədir

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də gündən-günə inkişaf gedir. Qətiyyətlə demək olar ki, artıq hərbi hissələrdə yaradılan şərait gənclərin orduya münasibətini tamamilə dəyişib. Hər bir gənc güclü ordu sıralarında xidmət etməyi, Vətənini və torpağını qorumağı özünə övladlıq borcu bilərək döyüş, atəş, fiziki və mənəvi-psixoloji hazırlıqlarını artırır. Bunların nəticəsidir ki, Azərbaycan Ordusu hazırda beynəlxalq reytinqə görə dünya miqyasında 50 ən güclü ordusu sırasına daxildir.
Son vaxtlar əsgərlərimizin məişət şəraiti tamamilə yaxşılaşdırılıb, sosial təminatları yüksək səviyyəyə çatdırılıb. Hərbi hissələrimizdə yeni qazanxana, yeməkxana, yataqxana, camaşırxana, istirahət, bərbər otaqları və hamam şəxsi heyətin istifadəsinə verilib.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış camaşırxana diqqətimizi cəlb etdi. Ən son avadanlıqlarla təmin olunan camaşırxanadan yazı hazırlamaq istədim. Qadın operatorların səliqəli geyimi, camaşırxanadakı təmizlik göz oxşayırdı.
Laçın Abbasova beş ildir ki, hərbi hissədə mülki qulluqçu kimi işləyir. Laçın xanım  bildirdi ki, hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşırxanada tez bir müddətdə şəxsi heyətin camaşırları yuyulur, qurudulur, ütülənir, qablaşdırılır və saxlanclara göndərilir. "Camaşırxanada müasir aparatlar quraşdırılıb. Bu da bizim işimizi olduqca asanlaşdırır və qısa müddət ərzində bütün əməliyyatlar həyata keçirilir. İstər paltarların, istərsə də yataq dəstlərinin vaxtında yuyulub-ütülənməsi əsgərin xidməti üçün vacibdir. Xoşbəxtəm ki, mənim belə mərd, cəsur və güclü oğullarım var. Onların hər biri ilə qürur duyuram. Nə qədər ki, qollarımda güc var, onlar üçün çalışacam. Çünki onlar bizləri qoruyur. Buna görə də bu işin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik və hər zaman da edəcəyik".
Təranə Həsənova yuyulan paltarları ütüləmək işinə baxır. O bildirdi ki, əsgər balalarımızı təmiz və ütülənmiş yataq dəstləri, səliqə-sahmanlı geyimlə təmin etmək üçün çalışırıq. "Bizim kəndimiz düşmənlə təmas xəttində yerləşir. Buna baxmayaraq kəndimizin heç bir sakini düşməndən qorxmur. Çünki bizləri cəsur əsgərlərimiz qoruyur. Buna görə də kənd əhalisi rahat yaşayır, əkinçiliklə məşğul olur, toy-bayram edir. Bunun qarşısında əsgərlərimiz üçün layiqli qulluq etməyi özümüzə mənəvi borc bilirik".
Əsgərlərimizin keşiyində dayanan operatorlarımıza işlərində uğurlar arzulayıb, bərbər otağına yollandıq. Burada bərbərə aid hər cür ləvazimat gözə dəyir. Bərbərin əllərinin hərəkətlərini seyr etdikcə peşəkar olduğu açıq-aydın görünür. Onun işinin öhdəsindən bacarıqla gəldiyini müşahidə edirik. İşini bitirdikdən sonra onunla həmsöhbət oluruq. Bərdə şəhərindən ordu sıralarına çağırılan əsgər Oruc Mütəllimov bildirdi ki, əsgər səliqəsi həmişə önəmlidir. "Hərbi xidmətdə öyrəndiyimiz müsbət keyfiyyətlərdən biri də nizam-intizamlı, səliqəli olmaqdır. Bu baxımdan əsgər yoldaşlarımın saç düzümlərini həmişə təlimata müvafiq qaydada saxlayıram. Hər zaman çalışıram ki, düzəltdiyim saç düzümü əsgər yoldaşlarımın ürəyincə olsun. Çünki biz burada bir ailəyik. Unutmamalıyıq ki, hər birimizin məqsədi yalnız və yalnız işğalda olan torpaqlarımızı azad etməkdir. Tez bir zamanda Ali Baş Komandanımızın əmri ilə arzumuza nail olacağıq".
Saçını düzəltdirən əsgər Roman Zeynalov bildirdi ki, yaradılan şərait imkan verir ki, üst-başımızı daim səliqəli saxlayaq. "Saç düzümümüzü qaydaya salır, hər günün sonunda paltarlarımızı ütüləyir və bununla da sıra baxışına hazırlaşırıq. Bütün əsgər yoldaşlarım kimi mən də yaradılan şəraitdən və qayğıdan razıyam. Belə şəraiti bizlərə yaratdıqları üçün yuxarı komandanlığa minnətdarlığımızı bildiririk və dövlətimizin, ordumuzun adına layiqli əsgər olmaq üçün var qüvvəmizlə çalışırıq və hər zaman da çalışacağıq".
Saxlanc otağında isə camaşırxanadan gələn təmiz və ütülü yataq dəstləri, dəsmallar, əsgərlərin ehtiyat əşyalarının səliqə ilə yığıldığı gözümüzdən yayınmır. Bölüyün baş çavuşu gizir Famil Məmmədov qeyd edir ki, əsgərlərimizin şəxsi gigiyenası bizim üçün çox vacibdir. “Onların bütün əşyaları hər həftə yenisi ilə əvəz olunur. Köhnələri isə camaşırxanaya göndərilir. Corablarını, əl-üz sabunlarını vaxtlı-vaxtında dəyişirik. Burada yaradılan şəraiti qoruyub saxlamaq əsas vəzifəmizdir. Gördüyünüz bütün əşyalar əsgərlərindi. Valideynlər əmin ola bilərlər ki, övladları heç nədən korluq çəkmir, daim qayğı və diqqətlə əhatə olunurlar. Sağlam əsgər güclü ordu deməkdir".
“Yuxarı komandanlığın qayğısı nəticəsində sosial-məişət şəraitimiz olduqca yüksək səviyyədədir”, - deyə hərbi xidmətə Bərdə şəhərindən çağırılan əsgər İlkin Əsgərov bildirdi. - Hər həftə paltarlarımız yeniləri ilə əvəz olunur. Sanitariya qaydalarına ciddi nəzarət edilir. Belə şəraitin qarşılığında xidmətimizi düzgün təşkil etməli, torpaqlarımızın azadlığı uğrunda canımızdan, qanımızdan keçməyə hazır olmalıyıq. Komandirlərimizin sayəsində döyüş, atəş, fiziki hazırlıqlarımızı gündən-günə artırırıq. Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyimiz günü gözləyirik.
Yeni tikilmiş əsgər yeməkxanasının dizaynı göz oxşayır. Girişdə yerləşən əlyuma yeri, salondakı səliqə-sahman, maraqlı təbiət təsvirləri, böyük ekranlı müasir televizor, yeni mətbəx avadanlıqları və s. diqqətimizi cəlb etdi. Yeməkxananın girişində qida rasionunda fəslə uyğun olaraq bütün qida növlərinin adı qeyd edilib. Şəxsi heyətin qida rasionuna yüksək kalorili qidalar daxil edilib. Əsgərlərimiz təcrübəli aşpazlar tərəfindən hazırlanan milli xörəklərlə qidalanırlar. Qida təminatının yüksək olması ilə yanaşı, aşpazların bacarığı sayəsində əsgərlərimiz evlərində olduğu kimi, dadlı və yüksək kalorili yeməklərlə qidalanırlar.
Həyat Həsənova aşpazlıq fəaliyyətindən söz açdı: "Aşpaz lazım olan ərzağın miqdarını və dəyərini hesablamağı bacarmalı, sanitariya qaydalarını, mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etməli, mətbəxdə çalışan işçiləri təlimatlandırmalı, yemək hazırlamaq sahəsində olan yenilikləri, həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirməli, digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədviyyatların mövcudluğundan asılı olaraq resept hazırlamalıdır. Buna görə də yaxşı aşpaz ixtiraçılıq, təsəvvür, səbr, yaradıcılıq, dad hissi, orijinal bir resept hazırlamaq qabiliyyəti, dadlı yeməyi bişirmək kimi xüsusiyyətlərə malik olmalıdır. Biz də bu istedadımızı doğma əsgərlərimizə bəxş edirik. Çalışırıq ki, hazırladığımız xörəklər onların ürəyincə olsun, analarının əlləri ilə bişirilən xörəklərdən seçilməsin. Hər zaman da çalışacağıq ki, onları öz xörəklərimizlə sevindirək və ana qayğısından əskik etməyək".
Aşpaz köməkçisi Mahirə Həsənova da bildirdi ki, hər zaman əsgərlərin könüllərini xoş etmək üçün xörəklər bişirirlər. "Çalışmışıq ki, əsgər balalarımıza ana qayğısı göstərək, çünki onlar Vətənimizi qoruyurlar. Buna görə də onların düzgün qidalanması ən başlıca şərtlərdən biridir. Qidalanma orqanizmi nəinki enerji ilə təchiz etməyə kömək edir, həm də orqanizimdəki bütün mühüm funksiyaların fəaliyyətinə yardımçı olur. Düzgün qidalanma və sağlam həyat tərzi bir-birindən ayrılmaz anlayışlardır. Əsgərlərimizin qidalanması ən yüksək səviyyədə olmalıdır. Çünki məhz onlar xalqımıza Böyük Qələbə gününü bəxş edəcəklər".
Şahidi olduğumuz yüksək məişət şəraiti bir daha sübut edir ki, ölkə rəhbərliyi tərəfindən hər bir hərbi qulluqçuya yüksək diqqət və qayğı göstərilir. Şəxsi heyətin məişət şəraitinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində daim işlər aparılır. Bu amillər isə əsgərin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun yüksəldilməsinə köməklik edir.


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR