Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2018 10:55

Dünya Azərbaycanlılarının Həmrəylik Günü hərbi hissədə qeyd edildi

Həmrəylik günü xalqımızın birlik amalının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz azərbaycançılıq məfkurəsi ətrafında milli birlik və həmrəylik nümayiş etdirirlər.
Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni il bayramına həsr olunmuş tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri və hərbi hissənin şəxsi heyəti iştirak etdilər.
Öncə ulu öndər Heydər Əliyevin büstü ziyarət edildi, ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Mayor İlqar Nəhmətov tədbiri açaraq qonaqları və şəxsi heyəti 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək bildirdi ki, milli birlik və həmrəylik hər bir xalqın tarixi inkişafında mühüm şərtlərdəndir. “Milli birliyə nail olmayan xalqın müstəqil, azad yaşamaq imkanı da yoxdur. Milli birlik milli mənlik şüurunun dərkindən başlayır. Bu gün qloballaşan dünyada ayrı-ayrı dövlətlərin və xalqların bir-birinə sıx yaxınlaşdığı bir vaxtda milli özünüdərkin əhəmiyyəti daha aydın görünür. Azərbaycan xalqı da tarixən öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apararaq ötən əsrin əvvəllərində və sonunda bu arzusunu həyata keçirmiş, müstəqil dövlətçiliyini bərpa etmişdir.”
Mayor vurğuladı ki, xalqımızın vahid ideologiya ətrafında birləşərək bu müstəqilliyi qoruması və milli özünüdərkə qayıdışı ümummilli liderimiz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. "Dahi şəxsiyyətin ümumxalq mənafeyi naminə atdığı tarixi addımlar dünyada yaşayan bütün soydaşlarımızın eyni hədəf uğrunda mübarizəsinin əsasını təşkil etmiş, onların azərbaycançılıq ideyası əsasında sıx birləşməsinin başlanğıcını qoymuşdur...".
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı,  dövlət qulluqçusu Zümrüd Səmədova çıxışında Ulu Öndərin bütün azərbaycanlılara xitabən dediyi "Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən", - kəlamını xatırlatdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixinə nəzər salan Zümrüd xanım qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi "31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" qərarla bu gün artıq yüksəliş mərhələsini yaşayan dünya azərbaycanlılarının vahid bayraq altında birləşməsi prosesinin əsası qoyulub. "Bu gün yüksək səviyyədə keçirilən bayram ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək qüdrətini nümayiş etdirir..."
Zümrüd Səmədova daha sonra vurğuladı ki, bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid bir ideologiya ətrafında birləşməsi, ölkəmizin dinamik inkişafında onların rolunun artırılması, Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. "Artıq dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuşdur...
Dünya Azərbaycanlılarının III Qurultayında Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək təkcə dünya azərbaycanlılarının birləşdirilməsi ilə kifayətlənməməyi, Azərbaycan və türk diasporlarının birləşərək məkrli düşmənə qarşı vahid cəbhədə mübarizə aparmasını tövsiyə etmişdir. Keçirilən qurultaylar bir daha göstərdi ki, Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilməsi, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətin xoşbəxt sabahına inamını artırmışdır...".
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ildən-ilə daha geniş vüsət almasından, ürəyində Vətən sevgisi, milli-mənəvi birliyə sədaqəti olanlar tərəfindən güclü dəstək almasından söz açan dövlət qulluqçusu Sairə Rəsulova özünü bütün Azərbaycan əsgərlərinin mənəvi anası adlandırdı. "Mən bu gün bütün Azərbaycan anaları adından deyirəm ki, biz sizlərlə qürur duyuruq...".
Polkovnik-leytenant Elmir Məmmədov,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini Mehriban Qasımova və digərləri  də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin tələbələri - xanəndələr Məhəmməd İbrahimov, Xasay Şıxıyev, Şəmistan Rəhimov, Rüstəm Rüstəmzadə, Fidan Rəhimova, Nəzakət Veysəlova, aşıq Məharət Habiloğlu ifaları ilə əsgərlərimizdə xoş ovqat yaratdılar. 

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"