Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2018 10:52

Hərb Tarixi Muzeyində bayram tədbiri keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində xalqımızın milli-mənəvi bütövləşmə arzusunu özündə təcəssüm etdirən "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.  
Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himnimiz səsləndirildi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tarixə dünya azərbaycanlılarının vəhdət olduğu gün kimi həkk olunan bu mötəbər günün önəmindən və tarixindən danışdı. "Xalqımızın tarixində birlik və bərabərliyi ifadə edən əlamətdar günlər çoxdur. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının birlik, bütövlük duyğularının ifadəsindən doğan bir gündür. Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımızın siyasi-iqtisadi, mədəni və digər sahələrinin tərəqqisi baxımından son dərəcə vacib amildir.  1989-cu ilin dekabrında əsası qoyulan bu mötəbər gün bir-birindən uzaq düşmüş azərbaycanlı qardaş və bacıların qovuşduğu gün olaraq tarixə yazıldı. Həmrəylik günümüz Azərbaycan xalqının müstəqillik və milli birlik duyğularının oyanmasının parlaq bir göstəricisi idi".
Ulu öndər Heydər Əliyevin xalq həmrəyliyi prinsipinə hər zaman önəm verdiyini vurğulayan muzey rəisi, bu xəttin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd etdi. "Azərbaycanlıların həmrəylik modelinin müəllifi ulu öndər Heydər Əliyevdir. 1991-ci il ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirdi. Sonradan Azərbaycan Ali Məclisi də 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsdiqlədi. 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən dünya azərbaycanlılarının qurultayı xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəşəkkilliyinin və fəallığının artmasına müsbət təsirini göstərdi. Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi, diaspor hərəkatının inkişafı prosesində xeyli işlər görülür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin dünya azərbaycanlılarının birliyindən, onların ümumi səylərinin artırılmasından da asılı olduğunu  dünya azərbaycanlılarına təbrikində deyir: “Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqımızın qarşısında duran bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətlə dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcəkdir. Elə bu inamla da xalqımızı və xarici ölkələrdə yaşayan milyonlarla soydaşımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə  səmimi qəlbdən təbrik edirik".
Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günündən bəhs edən sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi.
Tədbirin sonunda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış etdi.
   
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"