Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2018 09:20

Dünya azərbaycanlılarını birləşdirən möhtəşəm gün

31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Qədim tarixə malik xalqımız milli-mənəvi dəyərlərlə, milli mentalitetlə bağlı olan bu bayramı uzun illərdən bəri yaranmış, sədaqətlə qorunub saxlanılmış, formalaşmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə ehtiramla, xoş amallarla, duyğularla keçirir. Bu bayram ürəklərində Vətən eşqi, milli-mənəvi birliyə sədaqəti olanlardan güclü dəstək alır.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar "N" hərbi hissəsində tədbir keçirildi.
Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları və hərbi hissənin şəxsi heyəti iştirak edirdilər.
Öncə ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Polkovnik Mehman Kərimov tədbiri açaraq qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər kəsi təbrik etdi. Zabit xoş arzularını bildirərək qeyd etdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanladı. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. Dünya azərbaycanlılarının vahid dövlət ideyası ətrafında birləşməsi hərəkatı məhz həmin qərarla başlandı".
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı,  dövlət qulluqçusu Zümrüd Səmədova çıxışında qeyd etdi ki, 1991-ci ildə qəbul edilmiş bu tarixi qərarın nəticəsi kimi 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı, 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-də III, 2016-cı il iyunun 3-də isə IV qurultayı keçirildi. “27 il ərzində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər son dərəcə uğurlu olub. Hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi geniş qeyd edilməsi onu sübut edir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə tarixləşdirilən birlik və həmrəylik hərəkatı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına xidmət edən çox mühüm amillərdən birinə çevrilib...”
Zümrüd Səmədova daha sonra vurğuladı ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini uğurla davam etdirir...
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir.
Polkovnik-leytenant Rəşid Tinayev, dövlət qulluqçusu Sairə Rəsulova, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Nərminə Qafarlı, Şahin Cavadsoy və başqaları çıxışlarında qeyd etdilər ki, bunlar Ulu Öndərin şah əsəri olan müasir Azərbaycanın daha da güclənməsi baxımından vacib amillərdəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir soydaşımız doğma Azərbaycan üçün dəyərli olduğunu hiss edir, bu isə onu Vətən naminə çalışmağa daha da ruhlandırır.
Tədbirin bədii hissəsində müğənni Aynur Dadaşovanın və Eldəniz İsrafilovun ifa etdiyi mahnılar əsgərlərimizə könül xoşluğu yaşatdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"