Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2018 09:17

“Qalib Azərbaycan Ordusunun əsgəri olmağı arzulayıram”

Bu gün müstəqil Azərbaycan Respublikasının güclü ordusu, sağlam cəmiyyəti və ən əsası bütün dünyada böyük nüfuzu var. Bu uğurların əldə edilməsində Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. Bu xidmətlər isə daim yüksək qiymətləndirilib, diqqət və qayğıdan uzaq qalmayıb. Ölkəmizin 20 faiz ərazisinin işğal altında olduğu bir vaxtda Vətən, millət, torpaq uğrunda savaş meydanına atılanların diqqət mərkəzində saxlanılması Müdafiə Nazirliyi rəhbərliyinin qarşısında duran prioritet məsələlərdən biridir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər şəxslərin hər dəfə ön xətdə yerləşən hərbi hissələrimizə səfəri, şəxsi heyətin məişət şəraiti ilə tanışlığı və hərbi qulluqçularımızı qiymətli hədiyyələrlə mükafatlandırması dediklərimizin bariz sübutudu. Səfərlərin əsas məqsədi əsgərlər arasında hərbi vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, əsgərlərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Müdafiə nazirinin son səfəri zamanı mənəvi dəstək olduğu və qiymətli hədiyyə ilə mükafatlandırdığı hərbçilərdən biri də əsgər Vüqar İsmayılovdu. Söhbət zamanı əsgər Vüqar İsmayılov qeyd etdi ki, uğur qazanmaq üçün zəhmət çəkmək lazımdı: "Zəhmət çəksən, bəhrəsini görərsən. Uğur qazanmaq üçün ən əsası nizamnamələrin tələbləri çərçivəsində komandirlərin, böyük rəislərin təcrübələrindən yararlanmaq lazımdı. Qazanılan təcrübənin, əldə edilən biliklərin nəticəsidir ki, bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qiymətli hədiyyələrlə təltif etdiyi hərbi qulluqçuların arasında mənim də adım var. Müdafiə nazirinin gəlişi və adımın təltif olunanların sırasında olması sevindirici, qürurverici haldır. Hər zaman general-polkovnik Zakir Həsənovun hərbi hissələrə gəlişini, televiziya, mətbuat vasitəsilə izləyirdik. Cənab nazirimizlə canlı ünsiyyətdə olmaq, ondan hədiyyə almaq sözlə izah etməyə çətinlik çəkdiyim hisslər yaşamağıma səbəb oldu.  Həmin tarixi anı yaşadığıma, qiymətli hədiyyə aldığıma görə özümü xoşbəxt əsgər hesab edirəm. Bundan sonra mənim üzərimə məsuliyyət ikiqat düşür. Müdafiə nazirinin göstərdiyi etimadı doğrultmaq bundan sonra da əsas vəzifə borclarımdan biri olacaq."
"Azərbaycan bizim Vətənimizdir, ancaq hər birimizin ana yurdumuz var. Əslən Cəbrayıl rayonundan olduğuma görə ən böyük arzum Azərbaycan Ordusunun əsgəri kimi ana yurduma qədəm basmaq, valideynlərimə, o cümlədən xalqıma qələbə sevincini bəxş etməkdir", - deyə Vüqar İsmayılov söhbətinə davam etdi. - Uzun illərdir ki, torpaqlarımızın 20 faizi erməni separatçılarının işğalı altındadır. Buna baxmayaraq, Azərbaycan Ordusu gündən-günə güclənir. Atam da bu orduda 27 il baş gizir kimi xidmət edib. O, hər zaman bildirir ki, artıq ordumuz müstəqilliyimizin ilk illərinin ordusu deyil. Ordumuzun səviyyəsi çox yüksəkdir. Azərbaycan Ordusu bu gün dünyanın ən güclü ordularından biridir. Aprel döyüşlərində ordumuz tariximizin yeni mübarizə səhifələrini yazdı. Hərbi qulluqçular düşmən tapdağı altında olan torpaqlarımızı geri almaq üçün böyük şücaət göstərdilər. Bütün bunlar deməyə əsas verir ki, ordumuz qələbəyə çox yaxındır. Güclü ordunun əsgəri kimi inanırıq ki, komandirlərimizin rəhbərliyi ilə döyüşə atılmağa, hər zaman torpaqlarımızı - Şuşanı, Xankəndini, Cəbrayılı, Zəngilanı, Ağdamı... azad etməyə, üçrəngli bayrağımızı ana yurdumuzda dalğalandırmağa, valideynlərimizə və ən əsası xalqımıza sevinc bəxş etməyə hazırıq. Biz, yaxşı bilirik ki, dövlətimizə nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət etməliyik. Xalqımız hər birimizdən şəxsi fədakarlıq, mətanət, mərdlik və qəhrəmanlıq gözləyir. Biz Ali Baş Komandanımızın əmri ilə erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı işğaldan azad etməliyik və mütləq azad edəcəyik! Ən böyük arzum, qalib Azərbaycan Ordusunun əsgəri kimi Qələbə paradında iştirak etməkdir".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR