Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Dekabrın 18-də start götürən yarışda əvvəlcə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Ümumilikdə güləşin bu növü üzrə 206 pəhləvan qüvvəsini sınayıb. Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib və onlar arasında MOİK idmançıları da var.
60 kq çəki dərəcəsində güləşən Murad Bazarov ilə 87 kq çəki dərəcəsində yarışan Rafiq Hüseynov bütün rəqiblərini yenərək qızıl medal əldə ediblər. Həmçinin Murad Məmmədov (63 kq) yalnız finalda uduzmaqla gümüş, Cavid Kazımov (77 kq) ilə Orxan Nuriyev (97 kq) isə bürünc medal qazanıb. Rövşən İmranov (55 kq) isə bürünc uğrunda güləşdə məğlub olmaqla, yarışı 5-ci pillədə tamamlayıb.
Dekabrın 20-də isə 9 fərqli çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər arasında mükafatçılar müəyyənləşib. Ümumilikdə 205 pəhləvanın qüvvəsini sınadığı güləşin bu növündə də MOİK idmançıları 1 "qızıl" və 8 "bürünc" olmaqla, ümumilikdə 9 medal əldə ediblər.
70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün 1-ci pilləsinə qalxıb. 8 idmançımız - Əfqan Xaşalov (57 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov, Pənah İlyaslı (70 kq), Nəsib İsayev, Coşqun Əzimov (74 kq), Orxan Abbasov (79 kq) və Teymuraz İsmayılov (125 kq) isə bürünc medal əldə ediblər.
Elvin YAQUBOV, MOİK