Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2018 10:26

“Biz qalib gələcəyik!”

"N" hərbi hissəsinin ön xətt bölmələrindən birindəyik. Sıra meydanında dərslə məşğul olan əsgərlərimiz diqqətimi cəlb etdi. Taqım komandirinin müavininin başçılığı altında şəxsi heyət sıra hazırlığı ilə məşğul idi. Dərs prosesindən qeydlər götürmək və əsgərlərimizi yaxından tanımaq üçün onlarla həmsöhbət oldum. Öyrəndim ki, gizir Tural Kərimov artıq doqquz ildir ki, ordu sıralarında xidmət edir. Əslən Cəlilabad rayonundan olan gizir keçirilən hər bir dərsin əsgərlər üçün xüsusi önəm daşıdığını qeyd etdi. "Döyüş hazırlığı planına uyğun olaraq əsgərlərin bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq dərslər keçirik. Plana uyğun olaraq bugünkü mövzumuz sırada duruş qaydası, rəisə yaxınlaşma və uzaqlaşma, düzgün hərbi salam verməkdir. Gördüyünüz kimi, əsgərlərimiz hər bir əmri dəqiq və düzgün icra edirlər. Sıra hazırlığı, nizam-intizamı yüksək olan bölmə döyüş meydanında hər bir tapşırığı rahatlıqla yerinə yetirə bilər. Ona görə də onlara daim intizamlı olmağı, verilən tapşırıqları vaxtında yerinə yetirməyi öyrədirik. Bu gün ordumuzun nə qədər intizamlı olduğunu bütün dünya bilir. Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad olunmasının 100 illik yubileylərinə həsr olunan möhtəşəm paradlar da bunun sübutudur."
Tural dərslərdə fərqlənən əsgərləri digərlərinə nümunə olaraq göstərildiyini də qeyd etdi. "Hər həftənin sonunda dərslərdə, təlimlərdə fərqlənən əsgərlərin adları yataqxanadakı divar mətbuatında, həftəlik protokolda qeyd olunur və digərlərinə nümunə kimi çəkilir. Həmçinin bayram günlərində evlərinə təşəkkür məktubu da göndərilir. Buna görə də onların hər biri dərslərdə fəal iştirak edir. Onlar təkcə adlarının nümunəvi əsgər kimi çəkilməyi üçün deyil, gələcək döyüşlərdə düşmənə öz bacarığı ilə qalib gələn əsgər olmaq üçün çalışırlar. Bu gün hər kəs kimi bizim bölməmiz də Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyir."
Masallı rayonundan olan əsgər Mahir Əliyev xidmətə yeni gəlməsinə baxmayaraq bu mühitə rahatlıqla alışdığını bildirdi: "Hərbi hissəyə ayaq basanda düşündüm ki, görəsən, bacaracam, Vətənə layiqli övlad olmağı? İlk günlər bir az darıxırdım. Komandirlərimiz bizə dərsləri elə maraqla başa salır və keçirlər ki, vaxtın necə ötdüyünü də bilmirdik. Bütün dərslərimiz maraqlıdır. Lakin sıra hazırlığına daha çox maraq göstərirəm. Çünki bacarıqlı, cəsur, peşəkar olsan da, əgər nizam-intizamın zəifdirsə, sən heç nə edə bilməzsən. Sıra duruşu, nizami addımlarla hərəkət, əsgəri salamvermə kənardan seyr edən insanlarda xoş ovqat yaradır. Keçirilən tədbirlərdə valideynlərin bizləri necə maraqla izləyib qürurlandıqlarını görürük. Ona görə də dərslərdə fəal iştirak edərək peşəkarlığımızı daha da artırırıq."
Əsgər Ruslan Səfiyev dərslərin yüksək səviyyədə keçdiyini və öyrəndiklərinə görə komandirlərinə minnətdar olduğunu bildirdi: "Xidmətimin çox hissəsini geridə qoymuşam. Əsgər formasını əynimə geydiyim gündən indiyə kimi əldə etdiyim biliklərə görə zabitlərimizə borcluyam. Gənc əsgər hazırlığı dövründə hər gün sıra hazırlığı ilə məşğul olurduq. Komandirlərimiz deyirdilər ki, sıra addımlarınız elə mükəmməl olmalıdır ki, hərbi hissədən kənarda olan vətəndaşlar da ayaq səslərinizi hiss etməlidirlər. Artıq ordumuzun tam formalaşmış əsgərlərindən biriyəm. Boş vaxtlarımda da bilmədiklərimi komandirlərimdən öyrənirəm."
Ruslan işğal altında olan Cəbrayıl rayonunun Qarağac kəndindəndir. Onun yurd həsrəti çəkdiyini gözlərindən oxumaq elə də çətin deyildi. Hərçənd ki, orada doğulmasa da, əcdadlarının ruhu o torpaqlardadır. "Hər birimiz Azərbaycanın müxtəlif bölgələrindən xidmətə gəlmişik. Bakıda dünyaya göz açmışam. Oraları görməsəm də, gözəl yerlər olduğunu təsəvvür etmək çətin deyil. Hərbi xidmətə çağırılanda atam mənə "Oğul, ən böyük arzun nədir?", - deyə soruşdu. Mən atama dedim ki, tezliklə Cəbrayılımızı düşməndən  azad edib sənə bu müjdəni vermək istəyirəm. Bu mənim ən böyük arzumdur. Tez bir zamanda Ali Baş Komandanımızın döyüş əmriylə təkcə Cəbrayılı yox, işğalda olan bütün torpaqlarımızı azad edib xalqımıza qələbə sevincini bəxş edək."
Bu arzu təkcə əsgər Ruslan Səfiyevin yox, Elzan Sadıxzadənin, Tural Şərifovun, Nicat Əhmədovun, Hatəm Qasımovun və digər əsgərlərin də, ümumilikdə bütöv Azərbaycan xalqının arzusudur. Onlar tezliklə döyüşə atılmaq, qələbə qazanmaq istəyirlər. “Biz qalib gələcəyik”, - deyirlər. Həmin gün uzaqda deyil.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR