Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2018 10:18

Qəhrəmanlar unudulmur

Azərbaycan üçün yaşamış igidlərimizi unutmuruq, unutmayacağıq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayev belə oğul olub, belə hərbçi olub, belə qəhrəman olub.
O, 1970-ci ilin mayında Tovuz rayonunun Əlibəyli kəndində doğulmuşdur. Orta məktəbi də elə bu kənddə bitirmişdi. Sonradan sürücülük peşəsinə yiyələnir. 1988-ci ildə hərbi xidmətə çağırılan Qasım Ukrayna Respublikasında xidmət etmişdir. Bir neçə dəfə xidmətlərinə görə mükafatlandırılmışdır. Hərbi xidmətdən sonra 1990-cı ildə o, Tovuza geri dönür. Könüllü özünümüdafiə batalyonlarının birinə yazılır. Bir əsgər kimi Tovuzun Muncuqlu, Hacallı, Ağdam kəndlərinin müdafiəsində vuruşur. Ermənilər "Qan çanağı" adlanan ərazidən keçərək Qasımgillə döyüşürlər. Bu dəstə ermənilərin bir çoxunu və onlara məxsus bir PDM-i də məhv edir. Döyüşdən az sonra düşmənin əraziyə atdığı mərmilərdən biri düz Qasımın idarə etdiyi avtomobilin üzərinə düşür. Qasım 22 yaşında Vətən uğrunda şəhid olur. O, Əlibəyli kəndində torpağa tapşırılır. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. Həmçinin hazırda Hacallı kənd orta məktəbi bu igidin adını daşıyır. Etibar Məmmədovun rejissorluğu ilə "Qasımın andı" filmi də çəkilmişdir.
Uşaqlıqda valideynlərim mənə Qasımın qəhrəmanlıqlarından danışardılar. Anam onun ölümünü görübmüş. Anam  deyirdi ki, biz məktəbdən evə dönərkən bir partlayış eşitdik. Partlayışdan az sonra öyrəndik ki, Qasım şəhid olub.
Qəhrəmanlar ölümü gözə alaraq vuruşub, şəhid olublar. Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir.

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi