Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2018 10:16

“Torpaqlarımızı azad edəcəyik!”

Azərbaycan xalqının var olduğu bütün zamanlar boyu ən ali sərvəti istiqlalı və dövlət müstəqilliyi olub. Xalqın, millətin üzvü olan hər bir şəxs mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini yaşatmalı, dövlətinin möhkəmlənməsində, ordu quruculuğunda əlindən gələni əsirgəməməlidir. Buna görə də bir amalla xidmət etməlidir: Torpaqlarımız işğaldan azad ediləcək.
Müstəqilliyimizin təminatı isə güclü Azərbaycan Ordusunun var olmasından keçir. Nə bəxtiyarıq ki, xalqımız bu gün müstəqil dövlətə və güclü orduya sahibdir. Ancaq müasir orduya, qabaqcıl hərbi texnikaya, döyüş hazırlığına malik olmaqla da iş bitmir. Əsgərin mənəvi-psixoloji hazırlığı da ordunu güclü edən amillərdən biridir. Bu məqsədlə Müdafiə naziri general-polkovnik Zakir Həsənov başda olmaqla Müdafiə Nazirliyinin rəhbər heyəti daim bu məqamı diqqət mərkəzində saxlayır, şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksək olmasına çalışır.
Biləsuvar rayonunundan hərbi xidmətə çağırılan, şəxsi heyətə nümunə olan əsgər Rusif Şabıyev də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən dəyərləndirilən və 10 günlük məzuniyyətlə mükafatlandırılan əsgərlərdəndir.
Əsgər Rusif Şabıyev söhbət zamanı bildirdi ki, Müdafiə nazirinin bizimlə görüşməsini mən də unutmaram. Mənə 10 günlük məzuniyyət verməsini hərbi xidmətimə verilən dəyər bilirəm: "Bu duyğuları bütün şəxsi heyətin, eləcə də hərbi hissəmizin rəhbərliyinin qarşısında yaşamaq necə də xoş idi! Yaşadığım könül xoşluğunu, keçirdiyim ruh yüksəkliyini, bu sevincli anları bütün hərbi qulluqçulara, bütün dostlarıma arzulayıram."
Həmsöhbətim hesab edir ki, qazanılan uğurun əldə edilməsi üçün hər hansı universal formul mövcud olmasa da, müəyyən tələblər mövcuddur: "Uğur əldə ediləndə, ilk növbədə nəticəyə baxılır. Ancaq bu pilləyə necə gəlib çatması barədə düşünülmür. Qazanılan uğur komandirlərimin gərgin zəhmətinin nəticəsidir. Bundan başqa, uğur əldə etməyin, irəli getməyin sirri təmkinli olmaqdan, öz peşənə dərindən yiyələnməkdən, elmli və təhsilli olmaqdan, bir sözlə  peşəkar hərbçi olmaqdan keçir."
Əsgər Rusif Şabıyev onu da bildirdi ki, Vətənə xidmət hər bir kəsin borcudur. "Bizim borcumuz isə nizamnamə çərçivəsində hərəkət etmək, peşəkar hərbi qulluqçu kimi formalaşmaqdı. Vətəni sevmək, onu qorumaq, onun uğrunda canını fəda etmək mənim vəzifə borcumdur. Buna görə də hərbi peşəyə dərindən yiyələnməyə, keçirilən məşğələlərdə, dərslərdə təcrübəli zabitlərimizin bilik və təcrübəsindən yararlanmağa çalışıram. Təcrübəli, səriştəli əsgər döyüş meydanını qalib tərk edər".
Torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur hərbçilərimizin olduğunu qürurla bildirən həmsöhbətim dedi ki, onlar torpaqlarımızı işğaldan azad edəcək: "Vətənimizin hər qarış torpağı bizim üçün əzizdir. Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan Qarabağımız  bu gün bizim yolumuzu səbirsizliklə gözləyir. Gələcəyə - Böyük Qələbəyə çatmaq üçün Ali Baş Komandanımızın, Müdafiə nazirimizin əmrlərini gözləyirik. Minlərlə qəhrəmanlıq nümunələri olan bir xalqın ordusunun əsgəri olaraq Mübarizlərimizin, Fəridlərimizin, Çingizlərimizin... döyüş yolunu təkrar etmək, hünərlər göstərmək, Qarabağımızı azad etmək arzusu ilə yaşayırıq".


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR