Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2018 10:14

Ömür Vətən üçündü!..

Hələ orta məktəbdə oxuyanda müəllimlərimin, valideynlərimin söhbətləri, müharibə haqqında eşitdiklərim, oxuduqlarım, televiziyada gördüklərim qəlbimi ağrıdırdı. İşğal olunmuş torpaqlarımız haqqında düşünürdüm. Bağanıs-Ayrım, Ağdaban, Meşəli, Xocalı faciələrinin ağrılarını mən də yaşayırdım. "Ağ atlı oğlan" bədii filmi də mənim düşüncələrimi silkələmişdi: bu yaşda uşaq Vətənin müdafiəsinə gedir. Deməli, mən də gedə bilərəm və getməliyəm. Tay-tuşlarımdan hansısa fikrimi müəllimimizə  deyibmiş. Tənəffüsdə müəllimim mənə dedi ki, indi ordumuz formalaşır. Siz yaşda uşaqların döyüşə getməsinə ehtiyac yoxdur. Oxu, hərbi təhsil al, Vətənə zabit kimi xidmət et.
Məsləhət mənim ömür yolumun axarını müəyyənləşdirdi. Hərbçi olmağı qərara aldım. İstəyimi valideynlərim də dəstəklədi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum.
Kursant idim. Dərslərdə fəallıq göstərməyə çalışır, oxuyur, öyrənirdim. Təlimlərdə hiss edirdim ki, öyrəndikcə bu peşə mənim amalıma çevrilir...
Zabit kimi hərbi xidmətə ön xətdən başladım. Etiraf edim ki, təhsildən fərqli olaraq xidmətin müəyyən çətinlikləri var. Mən bu çətinliklərin öhdəsindən komandirlərimin, təcrübəli zabit yoldaşlarımın məsləhətiylə gəlməyi bacardım. Komandirimin bir kəlamını heç zaman unutmayacam: “Yaxşı zabit olmaq üçün istək azdı, zəhmətə qatlaşmağı da bacarmalısan. Onda hərbi xidmət sənin ömrün olacaq”. Hərbi xidmətin ömrüm olması niyyətiylə xidmət etdim, indi də belə xidmət edirəm.
2016-cı ilin aprel döyüşləri ordumuzun möhtəşəm qələbəsiylə başa çatdı. Biz də qürurlandıq. Döyüşlərdə iştirak etməsək də, o qələbəni elə iştirak edənlər qədər sevinclə, sevgiylə yaşadıq. Ali Baş Komandan döyüş əmri verərsə, bu qələbəni Böyük Qələbəylə tamamlayacağıq.
Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradı mən əsgərlərimlə birgə izlədim. Onda əsgərlərimin baxışlarında gördüyüm qüruru ifadə etməyə çətinlik çəkirəm. Hər biri parada tribuna önündən nizami yerişlə keçənlərin sırasında olmaq istəyiylə baxırdı. “Qalib gələcəyik, siz Böyük Qələbə paradında iştirak edərsiniz”, - dedim. Əsgərlərimin - “Kaş döyüşlər olacaqsa, biz tərxis edilənə kimi olsun. Qələbənin əsgəri olmaq istəyirik, komandir!”, - kəlmələri məni o qədər duyğulandırdı ki! Paradda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin inamla dediyi fikir - “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”, - əsgərlərimi coşdurdu. İnandım ki, hər biri o günün həsrətindədi.
Ordumuzda həyata keçirilmiş irimiqyaslı islahatlar biz zabitlərin də, əsgərlərin də mənəvi-psixoloji hazırlığının yüksəlməsini təmin edib. Ali Baş Komandanın, Müdafiə nazirinin ön xətdə əsgərlərlə görüşləri, söhbətləri bu hazırlığı daha möhtəşəmliklə yüksəldir. Əsgərlərimiz bu etimad, bu sayğı müqabilində daha böyük məsuliyyətlə xidmət edirlər.
Torpaqlarımız işğaldan azad ediləcək. Biz azad edəcəyik. İşğaldan azad edəcəyimiz kəndlər Cocuq Mərcanlı kimi yenidən qurulacaq. Həmin günləri tezləşdirmək amalıyla xidmət edirik. Bu, bizim təkcə hərbi vəzifəmiz deyil, həm də vətəndaşlıq borcumuzdur. Əsgərlərim həm yaxşı vətəndaşdı, həm də hərbi vəzifələrini yüksək səviyyədə yerinə yetirən əsgərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasında olan Azərbaycan Ordusunun zabiti kimi bundan qürur duyuram. Mən də, əsgərlərim də deyirik ki, ömür Vətən üçündü!..

Emin MEHDİYEV, “N” hərbi hissəsi,
foto Coşqun CƏFƏROVUNDUR