Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Dekabr 2018 09:10

Sağlamlıq diqqət mərkəzində

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyətinin, mənəvi-psixoloji vəziyyətinin yüksək olması istiqamətində diqqət mərkəzində saxlanılan vacib məsələlərdən biri də əsgərlərimizin sağlamlığıdır. Hərbi qulluqçuların sağlamlığının keşiyində dayanmaq isə tibb işçilərinin başlıca vəzifəsidir. Ordumuzun bütün bölmələrində müasir tibbi avadanlıqlarla təchiz olunmuş hospital və tibb məntəqələri fəaliyyət göstərir.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin sağlamlığı keşiyində dayanan tibb işçilərinin fəaliyyəti və tibb məntəqəsi ilə tanış olduq. Gizir Vüsal Hüseynov şəxsi heyətə göstərilən diqqət və qayğıdan söz açaraq bildirdi ki, yaxşı həkim, yaxşı müəllim və yaxud da yaxşı hərbi qulluqçu olmaq üçün işinin mütəxəssisi olmaq gərəkdir. “Yaxşı tibb işçisi olmağın bir neçə qızıl qaydaları var: əvvəla gərək tibb işçisi savadlı, məsuliyyətli, düzgün, humanist və ən başlıcası, əsl insani keyfiyyətləri özündə birləşdirən bir şəxs olsun. Onun mütəxəssis kimi formalaşması üçün uzun müddət praktik təcrübəyə malik olması vacibdir. Hər bir tibb işçisi eyni zamanda, yaxşı psixoloq olmalıdır. Müxtəlif düşüncəli, xarakterli xəstələr müxtəlif problemlərlə həkimə müraciət edirlər. Həkim xəstənin xarakterinə və problemlərinə uyğun danışmağı bacarmalıdır. Bəzən emosional xəstələr olur ki, onlarla da dil tapmalı olursan. Yaxşı həkim Vətəninə və xalqına xidmət etməyi qarşısına məqsəd qoymalıdır. Vətənimizin keşiyində dayanan mərd əsgərlərimizin keşiyində dayandığım üçün qürurluyam. Bu gün mən iki müqəddəs peşənin sahibiyəm. Həm Vətənimizi qoruyur, həm də şəxsi heyətimizin sağlamlığının qayğısına qalıram. Hər zaman çalışacağam ki, xidmətimlə əsgərlərimizin hörmət, etimad və sevgisini  qazanım".
"Ümumiyyətlə, tibb işçisi xəstə ilə mehriban davranmalı, onun inamını qazanmağı bacarmalıdır. Həkimlik elə bir işdir ki, şəxsi həyatında olan problemi belə, xəstəyə hiss etdirməməlisən. Xəstələri gülərüz qarşılayıb, müayinə edib, müalicə yazmalısan. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Həkimlik sənətinin özünəməxsus bir sıra qayda-qanunları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünəinam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir. Biz tibb işçiləri xəstəni müayinə və müalicə edərkən bu prinsipi həmişə rəhbər tutmalıyıq. Xəstənin xasiyyətini, əsəbi vəziyyətini, mədəni inkişaf səviyyəsini, xəstəliyi doğuran obyektiv və subyektiv amilləri diqqətlə öyrənməli və nəzərə almalıyıq. Tibb işçisinin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə, bir qayda olaraq, müsbət təsir göstərir", - deyə feldşer gizir Vüsal Hüseynov bildirdi.
Tibb bacısı kiçik çavuş Əfsanə Tağıyeva qeyd etdi ki, həkimlik çox nəcib, hamıya gərək olan peşədir. "Mən başa düşürəm ki, bu peşə nəcib olduğu qədər məsuliyyətlidir. Söhbət insan taleyindən gedir. Hansısa bir səhv, ehtiyatsızlıq böyük faciəyə səbəb ola bilər. Buna görə də həkim elmin sirlərinə mükəmməl yiyələnməli, müasir tibb cihazları ilə işləməyi bacarmalı, ən əsası da öz məsuliyyətini heç vaxt yaddan çıxarmamalıdır. Hesab edirəm ki, dünyada həkimlik kimi insan həyatına lazım olan ikinci bir peşə yoxdur. Həkim, təkcə insanları müalicə etmək üçün yox, həm də xəstəliklərin qarşısını almaq, geniş profilaktik iş aparmaq üçündür. Biz də əsgərlərimizi müalicə etməklə yanaşı, hər həftə bölmələrdə profilaktik tədbirlər görür, xəstəliklərdən qorunmağın yolları haqqında onları təlimatlandırırıq. Vətən qoruyucularının sağlamlığı bizə əmanət edilir. Onlara xidmət etməkdən mənəvi həzz alırıq. Vətən uğrunda istənilən an canını qurban verməyə hazır olan igid oğullarımıza göstərdiyimiz qayğıdan qürur duyur, fəxr edirik".
Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə  müsbət təsir göstərdiyini vurğulayan tibb bacısı onu da bildirdi ki, xəstələrə fərdi yanaşmaq, onlara hörmət və ehtiramla xidmət etmək bizim müqəddəs borcumuzdur.
Bakı şəhərindən hərbi xidmətə çağırılan əsgər Fərid Məmmədov tibb məntəqəsində aldığı müalicədən razı qaldığını bildirdi. "Həkimlərimizin bizlərə göstərdiyi diqqət və qayğıdan çox razıyıq. İstənilən an tibb məntəqəsinə səhhətimizlə bağlı müraciət etdikdə bizlərə yüksək səviyyədə baxır, eyni zamanda mehribanlıq, qayğıkeşlik göstərirlər. Belə yüksək səviyyədə göstərilən qayğı qarşısında üzərimizə düşən vəzifə xidmətimizi düzgün təşkil edərək, həsrətini çəkdiyimiz torpaqlarımızı azad etməkdir."
Həkimlərimizin xoş sözləri, işlərində məsuliyyətli olmaqları, Vətənimizi, xalqımızı və millətimizi qoruyan mərd əsgərlərimizin keşiyində dayandıqlarından qürur hissi keçirdiklərini gördükçə bir daha əmin olduq ki, əsgərlərimizin sağlamlığı əmin əllərdədir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Rəşad ƏMRAHOVUNDUR