Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Dekabr 2018 09:09

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Ulu Öndərin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirildi

Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitləri, professor-müəllim heyəti və dinləyiciləri iştirak edirdilər.
Ümummilli liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Adyunktura və Elm şöbəsinin dosenti polkovnik Atamalı Şahbazov ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə gördüyü işlər barədə məlumat verdi. "XX əsrin sonlarında Azərbaycanda çətin geosiyasi vəziyyət vardı. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev ağır missiyanı öz üzərinə götürərək ölkəmizi böyük təhlükələrdən qorudu. XX yüzillikdə qazanılan ikinci müstəqillik onun sayəsində qorunub saxlanıldı. 1993-cü ildə hakimiyyətə gəlişi ilə ölkəmiz qısa müddətdə xeyli uğurlar qazandı. Bu gün ölkəmizdə siyasi, elmi, hərbi, mədəni sahələrin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizin quruculuq işlərində öz dəsti xətti və imzası olan Ümummilli Liderimiz müstəqil Azərbaycan Respublikasının bugünkü inkişaf səviyyəsinə çatması üçün misilsiz işlər görüb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir".
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin dosenti, tarix elmləri doktoru ehtiyatda olan polkovnik Mehman Süleymanov respublika rəhbərliyinə qayıdandan sonra Heydər Əliyevin öz üzərinə götürdüyü xilaskarlıq missiyasından və prezident olduğu dövrdə aparılan islahatlarından danışdı. "90-cı illərin əvvəllərində yeni müstəqillik qazanmış Azərbaycanı təhlükələrdən qoruya biləcək lider lazım idi. Azərbaycanda xaotik vəziyyət və parçalanmaq təhlükəsi yaranmışdı. Son dərəcə mürəkkəb bir vəziyyətdə rəhbərliyə dəvət olunan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu və ölkəni parçalanmaqdan xilas etdi,  xalqını sonsuz fəlakətlərdən qurtardı. Dahi rəhbərin Sovet dönəmi zamanı rəhbərlikdə olduğu dövrlərdə Azərbaycan 15 respublika içində öz inkişafı ilə seçilirdi. Bunun məntiqli davamı idi ki, hakimiyyətə gəldikdən sonra aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda dinamik inkişaf mərhələsi başladı. Kənd təsərrüfatında, hərb sahəsində, xarici və daxili siyasətdə xeyli uğurlar əldə edildi". Mehman Süleymanov, həmçinin qeyd etdi ki, ermənilərin Naxçıvanla bağlı məkrli niyyətlərinin qarşısı məhz Ümummilli Liderimiz  tərəfindən alındı. "Ağır blokada şəraitində yerləşən Naxçıvan əhalisi ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdi. Təhlükələr aradan qaldırıldı. Bu gün Naxçıvan durmadan gözəlləşir və inkişaf edir. Və bu inkişafın memarı Ümummilli Liderimizdir".
Akademiyanın Adyunktura və Elm şöbəsinin professoru, tarix elmləri doktoru Nurulla Əliyev Ulu Öndərin Səməd Vurğunun "Azərbaycan" şeirini necə ürəklə söylədiyini bildirərək qeyd etdi ki, "Azərbaycan" şeirini bu cür emosiya ilə yalnız Vətəninə, millətinə bağlı olan bir insan deyə bilər. O bildirdi ki, görkəmli siyasi xadim Heydər Əliyev gördüyü işlərdə iki şeyi önəmli sayıb. "Dövlətçilik prinsiplərinə sədaqət" və "Azərbaycançılıq ideyasını yaşatmaq və nəsildən-nəslə ötürmək". N.Əliyev Əbədiyaşar Komandanın ordu quruculuğunda gördüyü işlərdən də danışdı. "Heydər Əliyev Sovet dönəmində rəhbərlikdə olduğu dövrlərdə hərbi təhsil müəssisələrində azərbaycanlı hərbi qulluqçuların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Məhz Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda ilk ibtidai hərbi məktəb açıldı. Hərbi ibtidai məktəbin yaradılmasına Sovet rəhbərliyinin bəzi saxta patriotları etiraz etsələr də, uzaqgörən dahi siyasətçimiz  Heydər Əliyev bu məsələni həll edərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. Bu gün Hərbi liseydə təhsil almış xeyli sayda peşəkar zabitlərimiz var. Çətin dövründə xalqının yanında olan dahi rəhbər Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da ordu quruculuğu sahəsində mühüm işlərə imza atdı. Bu gün zamanın müasir tələblərinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin başlatdığı siyasəti uğurla davam etdirir. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, hərbi qulluqçuların sosial rifahının yüksəlməsinə yönəlik işlər görülür, şəxsi heyətin məişət şəraiti yaxşılaşır.
Tədbirdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabitlərindən polkovniklər Arif Həsənov, Nəbi Hacıyev, professor-müəllim heyətindən Tahir Pənahov, Ramiz Həsənov, Aqil  Şahmuradov, Vüqar Məmmədzadə çıxış edərək Ümummilli Liderin elmi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə gördüyü işlərdən söz açdılar.
Dəyirmi masada Müdafiə Nazirliyinin nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasının ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarxı nümayiş etdirildi.
Sonda tədbir iştirakçılarına Silahlı Qüvvələrin Hərbi Akademiyasının professor-müəllim heyətinin müəllifi olduğu və ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş kitab təqdim olundu.
 

Fuad CƏFƏROV, “Azərbaycan Ordusu”,
foto Namiq PƏNAHOVUNDUR