Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. O dövrdə ümummilli liderimizin muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin də başlanğıcı oldu. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasının Ermənistan Respublikası ilə həmsərhəd əraziləri nəzarət altına götürüldü, etibarlı müdafiə sistemi yaradıldı. 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı və 1992-ci il oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi. 21 may 1995-ci ildə həmin briqada motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə Ordu Korpusuna, 18 dekabr 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Orduya çevrildi.
Dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməsi və dahi liderin uzaqgörən siyasəti nəticəsində Naxçıvan düşmən hücumlarından qorundu. Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, ordu quruculuğunda genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanıldı, hərbi təhsil sistemi yenidən quruldu.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan 100 yaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.
Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, birlik əsasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. 2014-cü il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordunun yaradılması barədə danışarkən deyib: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2017-ci il yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsindəki 900 yerlik əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib, burada yaradılan şəraitlə və silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Həmin gün Naxçıvan şəhər ictimaiyyəti ilə görüşən zaman ölkə başçısı deyib: "Bu gün, eyni zamanda, hərbi hissədə olarkən bir daha gördüm ki, Naxçıvanın hərbi potensialı da lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir."
Müdafiə qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. Ali Məclis sədrinin tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə bərabər, hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması və yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.
Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı Azərbaycan əsgərinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Belə ki, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi və həmin ərazilər ordumuzun nəzarəti altına keçdi.
İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun digər uğurları ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatı haqqında da dəyərli fikirlər səsləndirib, bu əməliyyatı peşəkarlıq və məharətlə həyata keçirilən uğur adlandırıb: "Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur".
2017-ci ilin hazırlıq planında göstərilmiş tədbirlərin tam yerinə yetirilməsi nəticəsində Silahlı Qüvvələrdə döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub. 2018-ci tədris ilində də Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri döyüş hazırlığı planına uyğun olaraq qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetiriblər. Keçirilən təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunması qeyd olunanlara əyani misaldır. Təlimlərdə şəxsi heyətin yüksək döyüş hazırlığına malik olması nəticəsində qarşıya qoyulmuş tapşırıqlar ən çətin hava və relyef şəraitində uğurla yerinə yetirilir. Əsas güc uzlaşmış fəaliyyətin təkmilləşdirilməsinə yönəldilərək döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktik fəaliyyətlər icra edilir. Bu baxımdan Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq keçirilən birgə döyüş atışlı taktiki təlimlər xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanda və Türkiyə Respublikasının Qars şəhərində keçirilən döyüş atışlı birgə taktiki təlimlər hər iki qardaş ölkənin hərbi qüdrətindən və şəxsi heyətlərimizin yüksək vətənpərvərliyindən xəbər verir.
Bu il oktyabrın 30-da keçirilmiş Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində xüsusi təyinatlılarımız tapşırıqları yüksək peşəkarlıqla icra etdilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər, təlimin təşkilini və keçirilməsini yüksək qiymətləndiriblər.
Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksləri, Təlim-Tədris Mərkəzləri, qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb. Həyata keçirilən tədbirlər dislokasiya yerləri daimi yaşayış məntəqələri olan hərbi hissələrlə bərabər, ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində inşa olunan əsgəri-məişət kompleksləri ön xətdə xidmətin rahat və etibarlı təşkilinə müsbət təsir göstərir.
Naxçıvan Muxtar Respublikasında Vətənə sədaqətli, peşəkar hərbçi kadrların yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqət və qayğısı ilə Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilərək kursantlar üçün müasir tədris, rahat məişət və yaşayış şəraiti yaradılıb. Artıq Hərbi lisey ölkəmizdə gələcəyin peşəkar zabitlərinin yetişdirilməsinə mühüm töhfə verən mötəbər təhsil ocağıdır. Hazırda Heydər Əliyev adına Hərbi Liseyin məzunları Azərbaycan Ordusunda öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Naxçıvan Muxtar Respublikasında hərb işinə verilən önəmin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Orduda xidmətə yenicə başlamış gənclərimiz Hərbi anda, Vətənə və xalqa sadiq peşəkar əsgərlər kimi yetişdirilir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir, zabit və qadın hərbi qulluqçu hazırlığı kursları, eləcə də zabit heyətinin təkmilləşdirilməsi kursu uğurla təşkil olunaraq keçirilir.
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi