Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Dekabr 2018 09:04

“Döyüş əmri gözləyirik!”

Ali Baş Komandan İlham ƏLİYEV:
Ordumuzun döyüş qabiliyyəti artır. Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçmişdir. Biz strateji yüksəklikləri əldə etdik. Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir. Ordumuzda yüksək ruh mövcuddur və ordumuz istənilən vəzifəni icra edə bilər.

Hərbi xidmətə təzə başladığım vaxtlar idi. Gənc əsgərlə komandirinin arasında keçən dialoq heç vaxt yaddaşımdan silinməyəcək. Komandir əsgərdən soruşdu: "Sən Vətən üçün nə edə bilərsən?". Əsgər "Mən Vətən üçün canımdan keçməyə də hazıram!", - dedi. Zabit isə "Vətənə sənin düşməni məğlub etməyin lazımdı, sənin qazanacağın qələbə lazımdı", - dedi. Həmin əsgər də digərləri kimi komandirlərinin öyrətdiklərini dərindən mənimsəyirdi. Dərslərdə yaranan sualları məşğələlərdən sonra da cavablandırmaları üçün komandirlərinə müraciət edirdi. Hər mövzunu bütün incəlikləri ilə öyrənirdi. Əsgər başa düşmüşdü ki, "Vətənpərvərəm" deməklə iş bitmir.
Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi də yaradır, inam hissini gücləndirir. Bizlər də hərbçi olaraq daima xidmətə gələn Vətən övladlarının hərbi biliklərinin artırılmasında əlimizdən gələni əsirgəmirik.
"N" hərbi hissəsində polkovnik-leytenant Rüstəm Məmmədov şəxsi heyətin döyüş əzminin, mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksək olduğunu bildirir.
- Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı yüksəlib. Şəxsi heyət müasir texnika və silahlarla təchiz olunub,  bu proses uğurla davam etməkdədir, - deyə zabit söhbətə başlayır. - Ancaq unutmamalıyıq ki, ordu quruculuğunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da əsas şərtdir. Ordu potensialına görə güclü ola bilər, lakin şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yetərincə deyilsə, o ordu məğlubiyyətə düçardır. Biz komandir heyətinin əsas vəzifəsi orduda xidmət edənlərin döyüş qabiliyyətini artırmaq, onları işğal olunan torpaqlarımızı düşməndən azad etməyə hazırlamaqdır. Bunun üçün, sadəcə, əsgərlərin məşğələlərdə müvəffəqiyyətlər əldə etməsi, yüksək nizam-intizamlı olması yetmir. Onların asudə vaxtlarının səmərəli keçməsi vacib amillərdəndir. Bu səbəbdən mütəmadi olaraq bölmələrdə müxtəlif yarış və viktorinalar keçirilir. Şəxsi heyətin dünyagörüşünün artmasında kitablar, qəzet və jurnallar böyük rol oynayır. Bölüyün dayaq məntəqəsi ilə yanaşı, döyüş mövqelərimizdə də Vətənimizin şanlı tarixini əhatə edən, vətənpərvərliklə, müasir silah və texnikalarla bağlı materialları əhatə edən guşələr düzəldilib. Əsgərlərimiz boş vaxtlarda mütaliə edirlər. Onlar yaxşı bilirlər ki, güclü ordunun savadlı əsgəri olmalıdır. Bununla yanaşı, şəxsi heyətlə iş üzrə komandir müavinləri mütəmadi olaraq əsgərlərə adlarını qəhrəmanlıqları, şücaəti, igidlikləri ilə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazdıran Mübarizin, Samidin, Raqufun ... və digər oğullarımızın həyat yolundan danışırlar. Belə oğullarımızı yaxından tanımaq və gənc nəslə tanıtmaq bizlərin başlıca vəzifəsidir. Onu da qeyd edim ki, hərbi hissəmizdə xidmət edən şəxsi heyət müəyyən vaxtlarda rayon mərkəzindəki Heydər Əliyev Mərkəzinə gedirlər, Ulu Öndərin həyatının çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallarla, fotoşəkillərlə, tarixi sənədlər və eksponatlarla tanış olurlar.
Leytenant Nəsimi Həsənli ilə uzun illərin dostu kimi salamlaşırıq. Öyrənirik ki, Qarabağ müharibəsi hər bir azərbaycanlı ailəsində iz qoyduğu kimi, Nəsimigildən də yan keçməyib. Onun dayıları Qarabağ müharibəsinin iştirakçısı olublar. Dayısı Anar Nəzərov Qarabağ döyüşlərində itkin düşüb. Uşaq vaxtlarından Nəsimi dayısının, şəhid olan qəhrəman oğul və qızlarımızın qisasını almaq üçün hərbçi olmaq qərarına gəlib. İstəyini valideynlərinə bildirib. Onlar yeniyetməni  Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təhsil almağı üçün yönəldiblər.
Leytenant Nəsimi Həsənli deyir ki, əsgərlərimiz döyüş postunda həmişə ayıq-sayıq dayanırlar. "Düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdırlar. Düşmənlə təmas xəttində xidmət etmək hər birimizin məsuliyyətini daha da artırır. Əsgərlərimiz xidmətlərini Vətənə məhəbbət, düşmənə nifrət devizi altında təşkil edirlər. Erməni əsgərləri hər an atəşkəs rejimini poza bilərlər. Bu səbəbdən həmişə döyüş mövqeyində ayıq-sayıq dayanaraq, düşmənin təxribatlarına layiqli cavab verməyə hazırıq. İşğalçı dövlət də yaxşı bilir ki, qarşısında torpaqlarını azad etməyə qadir olan cəsur, mərd, məğrur Azərbaycan əsgəri dayanıb. Biz hər zaman döyüş hazırlığımızı artırırıq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elnur Musayev Milli Qəhrəmanımız Çingiz Qurbanovun bu yerlərdə xidmət etdiyini vurğulayır. “Bu yerlərin hər qarışında qəhrəmanımızın xatirələri yaşayır. Hər birimiz çalışırıq ki, Çingizin adına layiq xidmət edək. O, qəhrəmanlığı ilə düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha sübut etdi. Növbəyə gedən şəxsi heyəti təlimatlandıranda Milli Qəhrəmanımızın şücaətindən, qorxmazlığından danışıram. Onlar da vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün komandirlərinin öyrətdiklərini dərindən mənimsəyirlər. Xidmət etdiyimiz bölmə çətin relyefdə yerləşsə də, təbii çətinliklər bizləri qorxutmur. Hərtərəfli sosial-məişət şəraiti ilə təmin olunmuşuq.  Yaradılan bu cür nümunəvi şəraitdə göz qırpmadan Vətənimizi qoruyuruq. Bu səbəbdən düşmən təxribat törətməyə cəsarət etməz."
Hərbi xidmətə Biləsuvar rayonundan çağırılan əsgər Ziyaddin Xanəliyev xidməti dövründə qazandığı dostlarından söz açır: "Əsgərlik dostu ömür dostudur, - deyirlər. Rövşən Əliyev və Rəşid Şəmilov kimi dostlarım var. Onlarla dostluğum daimi olacaq. Ən böyük xoşbəxtlik torpaqlarımızın azad olunduğu Böyük Qələbə gününün xidmətimiz müddətinə düşməsi olardı. Mən də dostlarımla çiyin-çiyinə işğalçılara qarşı döyüşərdim, doğma Qarabağımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərdim."
Hərbi xidmətə Astara rayonundan çağırılan əsgər Rövşən Əliyev əmisi Arif Rzayevin Qarabağ döyüşlərində itkin düşdüyünü bildirir. "Atam həmişə əmimdən, onun döyüş yoldaşlarından, el-obalarından didərgin düşən soydaşlarımızdan danışardı. Mən də Vətənin müdafiəçilərinin sıralarına daxil olmaq istəyirdim. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng gələndə çox sevindim. Məni hərbi xidmətə yola salan atam xeyir-dua verərək, həmişə yaxşı xəbərlərimi eşitmək istədiyini bidirdi. Mən  əlimdən gələn hər şeyi edirəm, hər an Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik. İnanıram ki, üçrəngli bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə və digər işğal olunmuş torpaqlarımızda dalğalandıracağımız günə az qalıb".
Döyüş növbəsini təhvil verən əsgər Rəşid Şəmilov hərbi xidmətə Bərdə rayonundan çağırılıb. Əsgər fiziki hazırlıqlarından danışaraq qeyd edir ki, günün nizam qaydasına uyğun olaraq hər səhər və axşam silahlı, silahsız və ikilikdə kompleks çalışmalar yerinə yetiririk. İdmanla məşğul olmaq bizim gümrah, yüksək əhval-ruhiyyədə, enerjili olmağımızı, həmçinin, xəstəliklərə qarşı müqavimətimizi artırır. Ermənilər güclü, mərd, cəsur və vətənpərvər Azərbaycan əsgərinin qarşısında dayana bilməyəcəklər".
İzzət Həlimov və digər əsgərlər də döyüş hazırlıqlarının yüksək səviyyədə olmasından, asudə vaxtlarının maraqlı və səmərəli keçməsindən, bölmədə müxtəlif növ yarışların keçirilməsindən, vətənpərvərlik mövzusunda kinofilmlərin nümayiş etdirilməsindən danışırlar.
Bir daha əmin oluram ki, Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyir.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR