Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2018 09:56

“Fəxr edirik ki, azərbaycanlıyıq”

Heydər Əliyev böyük tarixi şəxsiyyət idi... Heydər Əliyev ən böyük azərbaycanlı idi... Böyük tarixi şəxsiyyət Heydər Əliyevin irsi Azərbaycan üçün zaman-zaman öyrəniləcək. Hamı öyrənəcək, mülki vətəndaşlar da, hərbçilər də...
Ulu Öndərin uğurlu daxili və xarici siyasəti Azərbaycanın dövlət olaraq möhkəmlənməsini təmin etdi. Digər sahələrlə bir sırada Azərbaycanda ordu quruculuğuna da böyük diqqət yetirildi. Dahi tarixi şəxsiyyətin fenomenal dövlətçilik dühası bu sahədə də əsaslı dönüş yaradılmasını təmin etdi. Qısa müddətdə yerli müdafiə batalyonları buraxıldı, ordunun nizami ordu kimi formalaşmasına başlanıldı - ordumuz elmi əsaslarla formalaşdı, vahid komandanlıq təmin edildi. Məhz bunun nəticəsiydi ki, Horadiz əməliyyatı qələbəylə nəticələndi. Bu qələbə ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında müstəsna rol oynadı. Əhali inandı ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcəkdir.
Ulu Öndərin ön xətdə yerləşən hərbi hissələrdə zabit və əsgərlərlə görüşləri, hərbi xidmətdə fərqlənənlərin səngərlərdə təltif edilməsi də şəxsi heyətin döyüş ruhunu, qələbə əzmini artırdı.
Ulu öndər Heydər Əliyev hərbi təhsilə böyük diqqət yetirirdi. Ümummilli Lider hələ Sovetlər dönəmində, olduqca ciddi qadağalar zamanında sonralar Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılacaq hərbi məktəbin yaradılmasına nail olmuşdu. Ölkə rəhbərinin Hərbi liseydə, sonralar adını daşıyacaq Ali Hərbi Məktəbdə kursantlarla, məktəblərin professor, müəllim heyətiylə, zabitlərlə görüşləri hərbi təhsilə uğur qazandıran zəmanət görüşləri kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir kəlamını xatırlayıram: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Azərbaycanın güclü dövlət olmasının da, ordunun güclü ordu olmasının da başlanğıcı Ulu Öndərlə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Danışıqlar baş tutmasa, Ali Baş Komandanın döyüş əmriylə Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edəcəkdir...
Böyük tarixi şəxsiyyət, müasir Azərbaycanın dövlətçilik memarı Heydər Əliyev irsi hər bir hərbi qulluqçunun hərbi xidmət amalının tərkib hissəsidir.
Heydər Əliyev irsi azərbaycançılıq ideologiyasıdır. Ulu Öndər deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"... Hər bir hərbi qulluqçu Ulu Öndərin bu kəlamını tövsiyə kimi yaşadır, yaşadacaq da.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"