Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2018 08:57

Qələbə ilə qayıdacağam!

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlıq məşğələsi ilə yaxından tanış oluruq. Hərbi hissədə geniş ərazisi, müxtəlif idman alətləri, səliqəli futbol və voleybol meydançalarından savayı, beynəlxalq standartlara cavab verən yeni qurğular ilə təchiz olunan idman otağı diqqətimizi cəlb edir.
Günün nizam qaydasına uyğun olaraq şəxsi heyət müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Məhəmmədəli Məmmədovun nəzarəti altında məşq edirdi. Məşğələnin gedişatına maneçilik törətmədən əsgərlərimizin paralel qollarda, turniklərdə, qaçış alətlərində, güc və pres trenajorlarında hərəkətlərini seyr edirik.
Məşğələ bitdikdən sonra  çavuş Məhəmmədəli Məmmədovla həmsöhbət oluruq. Öyrənirik ki, həmsöhbətim dörd il idmanın boks növü üzrə məşğul olub və 2004-cü ildə keçirilən region çempionatında bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.  M.Məmmədov bildirdi ki, əsgərlərimizin fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. “Məhz buna görə də ordumuzda fiziki hazırlığa diqqət yüksəkdir. Hərbi hissələrdə yeni idman şəhərcikləri salınır, müasir idman alətləri ilə təmin edilmiş trenajor zalları fəaliyyət göstərir. Fiziki hazırlıq şəxsi heyətin döyüş hazırlığının mühüm və ayrılmaz tərkib hissəsidir. Fiziki hazırlığın başlıca məqsədi əsgərlərin sağlamlığını, iradəsini, dözümlülüyünü yüksəltməkdir. Məşğələlər sayəsində əsgərlərimizin sağlamlıqları möhkəmlənir, fiziki inkişafı yüksəlir. Bunlar mürəkkəb relyefli ərazidə hərəkət zamanı təbii və süni maneələrin dəf olunmasında, əlbəyaxa döyüş təmrinlərini mükəmməl mənimsəməyə  kömək edir".
Xızı rayonundan ordu sıralarına çağırılan, idmanın cüdo növü üzrə 2013-cü ildə keçirilən Bakı çempionatının qalibi olan əsgər Yunis İbrahimzadə bildirdi ki, idmanın həyatımızda əhəmiyyəti çox böyükdür. "Bəzi adamlar üçün idman hobbi deyil, həyat tərzidir. İnsan sağlam olmaq istəyirsə,  müntəzəm idmanla məşğul olmalıdır. Mənim hələ kiçik yaşlarımdan idmana böyük marağım olub. Daim öz üzərimdə çalışır, məşq edirdim. Gündən-günə təcrübəmi artırırdım. İdmançılardan bəhs edən filmlərə baxır, fərdi qaydada hazırlığımı yüksəldirdim. Burada da komandirlərimizin nəzarəti altında məşqlərimi davam etdirirəm. Günün nizam qaydasına uyğun olaraq hər gün fiziki hazırlıq məşqləri ilə məşğul oluruq. Bunun nəticəsidir ki, təlimlər zamanı verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gəlirik. Döyüş meydanında düşməni asanlıqla istər atəşlə, istərsə də əlbəyaxa döyüşlə məhv etməyə qadirik. İnanırıq ki, ailəmizin yanına qələbə sorağı ilə qayıdacağıq".
- Hər bir gənc idmana önəm verməlidir. Bilməlidir ki, qarşıda işğalda olan torpaqlarımız, xalqımızın canına susayan düşmənlərimiz var. Buna görə də Ali Baş Komandanımızın döyüş əmri ilə gələcək döyüşlərdə qələbə zəfərini qazanmaq üçün psixoloji hazırlıqla yanaşı, fiziki güc də tələb edilir. Komandirlərimiz bizlərə mütəmadi olaraq məşqlər keçirlər. Biz də öz növbəmizdə müxtəlif trenajorlar və alətlərdə çalışmaları dəqiq, sərrast və tez yerinə yetiririk. İnanırıq ki, qısa bir müddətdə Qarabağ həsrətinə son qoyacağıq, - bu sözləri Siyəzən rayonundan hərbi xidmətə çağırılan əsgər Əkbər Həmzəyev dedi.
Əsgərlər Roman Zeynalov, Elşən Babayev, Oruc Mütəllimov və digərləri də idmana olan sevgilərindən, hərbi hissədə fiziki hazırlığın artırılması üçün yaradılan yüksək şəraitdən, idmanla məşğul olmaqlarından, Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləmələrindən söz açdılar. Əsgərlər Vətəni sevdiklərini, onun uğrunda istənilən an canlarından keçməyə hazır olduqlarını və Vətənə layiqli xidmət etməyi özlərinə övladlıq borcu bildiklərini qeyd etdilər.


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR