Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2018 08:54

“Azərbaycan Respublikasına xidmət edirəm!”

Döyüş hazırlığının əsas şərtlərindən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək olmasıdır. Bu istiqamətdə aparılan işləri Müdafiə naziri general-polkovnik Zakir Həsənov daim diqqət mərkəzində saxlayır. Yüksək döyüş ruhuna malik olan ordunun qarşısında heç bir düşmən tab gətirə bilməz. Müasir silahlardan məharətlə istifadə etməyi bacaran, Vətənə sonsuz sevgisi olan, qələbə ruhunda xidmət edən şəxsi heyətə malik ordu, ən qüdrətli ordudur.
Son illərə nəzər salsaq görərik ki, istər arxa cəbhədə,  istərsə də ön cəbhədə yerləşən bölmələrimizdə hər cür şərait yaradılıb. Hansı şəraitdə xidmət etməsindən asılı olmayaraq  şəxsi heyətin sosial təminatı ən yüksək səviyyəyə çatdırılıb. Əsgərlər keyfiyyətli qidalarla qidalanır, fəslə uyğun geyimlə təmin olunurlar. Bununla yanaşı, şəxsi heyətin asudə vaxtları səmərəli təşkil olunur, istirahətləri üçün şərait yaradılır.
Bunların hamısı döyüş ruhuna birbaşa təsir edən amillərdəndir. Bu amillər arasında ən başlıcası yuxarı komandanlıq tərəfindən şəxsi heyətə göstərilən diqqət və qayğıdır. Müdafiə naziri və nazirliyin rəhbər heyəti mütəmadi olaraq ön xətdə yerləşən bölmələrə yollanır, şəxsi heyətin sosial şəraiti ilə maraqlanır, xidmətin təşkilində fərqlənən hərbi qulluqçuları mükafatlandırırlar. Bu da hərbçilərimizə yüksək əhval-ruhiyyə aşılayır, vətənpərvərliklərini daha da artırır. Gördüyün işə qiymət verildiyini görəndə daha da həvəslənirsən, göstərilən etimadı doğultmaq üçün əlindən gələni əsirgəmirsən.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ön xətt bölmələrinin döyüş hazırlıq vəziyyətini yoxlayıb. Şəxsi heyətlə görüşən Müdafiə naziri bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr əldə etmiş hərbi qulluqçuları mükafatlandırıb.
"Ən müasir silahı da idarə edən əsgərdir", - deyən Müdafiə nazirinin bölmələri yoxlaması, şəxsi heyətə yüksək diqqət və qayğı göstərməsi onların döyüş ruhuna müsbət təsir edir. Bu qətiyyətli addımlar, müasir silah və texnika ilə təmin olunan ordumuzun gücünün günü-gündən artmasının göstəricisidir. Budəfəki görüşlər zamanı Müdafiə nazirinin təltif etdiyi hərbi qulluqçulardan biri də çavuş Ramil Abbasovdur. Ona xidmətdə göstərdiyi uğurlara görə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubileyi medalını Müdafiə naziri şəxsən təqdim edib.
Əslən Ağdam rayonundan olan çavuş Ramil Abbasov hərb peşəsini öz istəyi ilə seçdiyini və ürəkdən bağlılığını bildirdi. O, düşüncələrinə sarılaraq keçirtdiyi hissləri bizimlə bölüşdü:
- Hər birimiz yaxşı bilirik ki, şərəfli və çətin peşə seçmişik. Bizə Vətən torpaqları əmanət edilib. Bu vəzifə müqəddəsdir. Hər birimiz vəzifəmizin öhdəsindən layiqincə gəlir, torpaqlarımızı göz bəbəyi kimi qoruyuruq. Düşmənə aman vermərik ki, təxribata əl atsın, əhalimizə qarşı silah işlətsin. Xidmətimizlə Ali Baş Komandanımızın, Müdafiə nazirimizin etimadını doğrultmaq üçün var qüvvəmizlə çalışırıq. Müdafiə naziri bizimlə görüşə gəldi. Xidmətimizlə, şəraitimizlə maraqlandı. Döyüş hazırlığımızı yoxladı. Uğurlu xidmətimə görə  mənə də medal təqdim etdi. Həmin gün həm də mənim  doğum günüm idi. Bu ad günümü və aldığım hədiyyəni heç vaxt unutmaram.  Həyatım boyu aldığım ən qiymətli və dəyərli hədiyyə olacaq mənə. Ona görə ki, uşaqlıqdan arzusunda olduğum, sevgi bəslədiyim peşə sahibi kimi vəzifələrimin öhdəsindən uğurla gəldiyim üçün cənab nazirimiz tərəfindən mükafatlandırılmışam. Bir insan üçün bundan sevincli gün ola bilməz. Rəhbərlik tərəfindən belə qayğı görmək hər birimizə müsbət təsir edir, döyüş ruhumuzu daha da artırır. Mən arzu edirəm ki, Ali Baş Komandanımız İlham Əliyevin döyüş əmri ilə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda savaşda şücaət göstərim.
Ramil, həmçinin 10 illik qüsursuz xidmətə görə 3-cü dərəcəli medala və  hərbi hissə komandiri tərəfindən fəxri fərmana da layiq görülüb. Uğurlu xidməti, komandirləri tərəfindən dəfələrlə mükafatlandırılması çavuş R.Abbasovun Vətənini ən ülvi hisslərlə sevdiyinin, dövlətinə və dövlətçiliyinə sadiqliyinin, seçdiyi peşəyə ürəkdən bağlılığının göstəricisidir. İki övlad atası olan Ramil oğlunun da hərbçi olmaq istəyindən söz açır. "Vətənpərvərliyim, peşəmə olan sonsuz sevgim ailəmə də təsirsiz ötüşməyib. Altı yaşlı oğlumun hərb peşəsinə böyük marağı və sevgisi var. Bütün bayramlarda mənimlə birgə buraya gəlir, əsgərlərlə bir arada olmaqdan xoşbəxt olur. Bir dəfə onun taxtadan avtomat düzəltdiyini gördüm. “Bunu neynirsən oğlum? soruşanda, "mən də əsgər olub torpaqlarımızı qoruyacam, düşmənlərimizi öldürəcəyəm", - dedi. Onun bu istəyi məni çox sevindirdi, qürurlandırdı. Bu gün hər bir azərbaycanlı kimi, mənim də ürəyim bir arzu ilə döyünür - tezliklə ərazi bütövlüyümüzü təmin edək, düşmənlərimizi ata-baba yurdlarımızdan qovaq, övladlarımıza Qarabağlı Azərbaycanı əmanət edək.
Ürəyi Vətən sevgisi ilə döyünən, müsbət əxlaqi keyfiyyətlərə malik olan, əsgər Vüqar İsmayıllı da nizam-intizamına, verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəldiyinə görə qol saatı ilə mükafatlandırılıb.  "Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun bu gün buraya gəlib bizimlə görüşməsi hər birimizi sevindirdi. Müdafiə nazirimiz tərəfindən qiymətli hədiyyə alanlardan biri də mən oldum. Bu gün həyatımda ən unudulmaz gündür. Ön xətdə xidmət edən hərbi qulluqçu üçün Müdafiə naziri tərəfindən hədiyyə ilə təltifolunma əvəzolunmaz bir hissdir. Bu hədiyyənin aldığım hədiyyələr arasında özünəməxsus yeri olacaq. Layiq görüldüyüm bu qiymətli hədiyyə mənim məsuliyyətimi daha da artırır. Bu gün hər bir Vətən müdafiəçisinin bir arzusu var: işğal altında olan torpaqlarımızı azad etmək. O gün uzaqda deyil. İstər sülh yolu, istərsə də döyüş yolu ilə tarixi ədalət bərpa ediləcək. Yurdlarından didərgin düşən həmvətənlərimiz öz ata-baba ocaqlarına yenidən qayıdacaqlar.”
Xidməti vəzifələrinin öhdəsindən uğurla gələrək nümunəvi xidmətləri ilə seçilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Samir Məmmədov, kiçik çavuş Rizvan Məmmədov və Rahim İsmayilov da Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən medalla təltif olunmağın fərəhini yaşayanlardandırlar.
"Cənab nazirimizin və rəhbərliyin ordumuza olan diqqət və etimadının bu gün bir daha şahidi olduq. Müdafiə nazirimiz bölməmizin xidmətdə və döyüş hazırlığında yüksək nəticələr göstərmiş hərbi qulluqçularını qiymətli hədiyyələrlə, medallarla təltif etdi. Həmin hərbi qulluqçular arasında bizim də olmağımız əvəzolunmaz bir stimuldur. Bu gün xidmətimizin ən yaddaqalan günüdür. Hər kəs mükafatlandırılmağı  sevir. Lakin Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov tərəfindən təqdim olunan mükafatın çox xüsusi yeri var. Şəxsi heyətə Müdafiə naziri xidmətin düzgün təşkili ilə bağlı müvafiq tapşırıqlarını verdi. Biz də öz növbəmizdə onun bizə göstərdiyi etimadı doğrultmağa borcluyuq. Ali Baş Komandanımız ordumuzun gücünü hər zaman çıxışlarında vurğulayır. Müasir silahlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması rəhbərliyin ordumuza olan yüksək diqqətinin təcəssümüdür. Xidmət etdiyimiz bölmədə gündəlik fəaliyyətin təşkili üçün hər cür şərait yaradılıb. Bu gün Azərbaycan Ordusunun hərbçiləri olaraq düşmənlə təmas xəttində dövlətimiz və xalqımız qarşısında müqəddəs borcumuzu inamla yerinə yetiririk.  Bu şərəfli işin öhdəsindən uğurla gəlməyə bizə heç bir qüvvə mane ola bilməz.  Müasir ordumuz bu gün işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadır. Bu gün 100 yaşlı, qüdrətli ordunun nümayəndəsi olmaqdan, ön xətdə xidmət etməkdən və bu müqəddəs vəzifənin öhdəsindən uğurla gələrək mükafatlandırılmaqdan xoşbəxtik". 
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev orduda xidmət edən hər bir şəxsə yüksək qiymət verərək çıxışlarında dəfələrlə deyib ki, Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir. Bu gün Ali Baş Komandanın  qarşıya qoyduğu tapşırıqları uğurla yerinə yetirən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hərbi qulluqçulara yüksək qiymət verdiyinin, diqqət və qayğı göstərdiyinin bir daha şahidi oluruq. Şəxsi heyət də onlara göstərilən qayğıdan fərəhlənir, daha da nümunəvi xidmət etməyə çalışır, Vətən uğrunda hər an döyüşə hazır olduğunu sübut edir.

Fuad CƏFƏROV, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"