Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2018 09:47

Asudə vaxt səmərəli təşkil olunur

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkil olunduğunun şahidi olduq.
Şəxsi heyətin asudə vaxtlarında ən çox nə ilə məşğul olduqlarını öyrənmək üçün baş leytenant Xəyal Mustafayevə suallarımızı ünvanlayırıq. Zabit söhbətində bildirdi ki, hərbi vətənpərvərlik tərbiyəsini, sadəcə, quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. "Çünki Vətən sevgisi əsgərlərimizin məqsədyönlü davranışının, fəaliyyətinin motivi və ideyasıdır. Danılmaz faktdır ki, düşmən ölkə ilə olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Bu işin reallaşdırılması əsgərlərimizin üzərinə düşür. Belə bir şəraitin mövcud olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Bu baxımdan şəxsi heyətimiz keçirilən məşğələlər nəticəsində təkcə silahlardan istifadə qaydalarını öyrənmir, eyni zamanda Vətənə bağlılıq hisslərini artırır, onu müdafiə etmək borcunu öz üzərlərinə götürür. Buna görə də əsas məqsədimiz əsgərlərimizi dözümlü, qorxmaz, cəsur, vətənpərvər, bacarıqlı, hər an döyüşə hazır ruhda yetişdirməkdir".
- Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür, - deyə baş leytenant Xəyal Mustafayev söhbətinə davam etdi. - Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilərlər. Hazırda torpaqlarımızın bir qismi işğal altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, qorxmaz gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır. Əlbəttə, əsgərlərimizdə vətənpərvərlik hisslərini artırmaq biz komandirlərin üzərinə düşür. Buna görə də onlara ictimai-siyasi hazırlıq dərslərində Azərbaycan hərb tarixini öyrədirik, asudə vaxtlarında vətənpərvərlik mövzusunda qısametrajlı filmlər nümayiş etdirirk, Milli qəhrəmanlarımızın və şəhidlərimizin döyüş yolları barədə geniş məlumatlar veririk. Asudə vaxt dedikdə təkcə istirahət və bayram günləri nəzərdə tutulmur. Məsələn, günün nizam qaydasına uyğun olaraq məşğələlər bitdikdən sonra qalan boş vaxtlarda idmanla məşğul olmaq, hərəkətli və ya intellektual oyunlarla məşğul olmaq, bədii kitab, qəzet və jurnallar oxumaq vacib şərtlərdəndir. Əsgərlərin asudə vaxtlarını səmərəli keçirəcəkləri yerlərdən biri də ideoloji otaqdır. Orada hər bir gənc öz maraq dairəsinə uyğun işlərlə məşğul ola bilər. Əsgərlərin asudə vaxtının səmərəli təşkili ilə bərabər, biz onları  sabaha, gələcəyə vətənpərvər ruhda hazırlayırıq. Bununla da  qeyd olunan bu amillər əsgərlərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır.
Digər həmsöhbətim Füzuli rayonundan ordu sıralarına çağırılan əsgər Ələkbər İbrahimovdur. O bildirdi ki, atası ona tez-tez Füzuli uğrunda gedən döyüşlərdən söhbətlər edərdi. "Atam deyərdi ki, bu gün düşmən tapdağı altında olan Füzulimizin hər bir kəndi, hər bir qəsəbəsi ürəyimizin bir parçasıdır. Əfsuslar olsun ki, indi o yerlərdə düşmən gəzir. Yalnız buna baxmayaraq biz əminik ki, tezliklə yenilməz Azərbaycan Ordusu bu həsrətə son qoyacaqdır".
Söhbətinə davam edən əsgər daha sonra bildirdi:
- Bu gün dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusunda xidmət edirəm. Bizlər üçün burada hər bir şərait yaradılıb. Komandirlərimizin rəhbərliyi altında asudə vaxtlarımızdan da səmərəli yararlanırıq. Bədii və hərbi kitablar, jurnallar və qəzetlər oxuyur, televiziya verilişlərini seyr edir, şahmat və dama oyunları oynayırıq. Komandirlərimiz bizlər üçün yarışlar, viktorinalar keçirirlər. Yarışların qalibləri isə komandirlərimiz tərəfindən mükafatlandırılır. Onların bizlərə göstərdiyi diqqət və qayğı sayəsində xidmətimizi düzgün təşkil edir, hər an Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik.
Digər həmsöhbətim isə Bakı şəhərindən ordu sıralarına çağırılan əsgər Roman Zeynalovdur. Romanın atası Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub. Söhbət zamanı əsgər bildirdi ki, belə bir ordununda xidmət etməsindən qürur duyur: "Əlbəttə, belə şəraitin qarşısında üzərimizə düşən vəzifə xidmətimizi düzgün təşkil etməkdir. Buna görə mən də xidməti vəzifələrimin öhdəsindən layiqincə gəlirəm. Hərbin sirlərinə komandirlərimizin köməkliyi ilə dərindən yiyələnirəm. Səbirsizliklə digər əsgər yoldaşlarım kimi döyüş əmrini gözləyirik ki, axıdılan qanın qisasını alaq və doğma Qarabağımızı işğaldan azad edək."
Əsgərlər İmran Cavadov, Cavid Məmmədli və digərləri də Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə doğma Qarabağımızın işğaldan azad olunacağı günün həsrətilə xidmət etdiklərini bildirdilər.


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR