Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2018 09:46

Dövlətçilik tariximizin parlaq və şərəfli səhifəsi

Bu günlərdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi C.Naxçıvanski adına Hərbi Liseylə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirdi. Aparıcı Naibə Şəmşiyeva mərasimi açıq elan etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İştirakçılar hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər.
Polkovnik-leytenant Kamran Nəsibov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək dedi:
- Hər bir xalqın həyatında elə önəmli hadisələr var ki, bu hadisə onun tarix salnaməsinə əbədi və silinməz izlər salır. 100 il bundan əvvəl tarix səhnəsinə şərəfli qədəmlərini atan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması da belə əlamətdar hadisələrdən biridir. Bildiyiniz kimi, 1918-ci il mayın 28-də Tiflis şəhərində xalqımızın uzaqgörən vətənpərvər oğulları Azərbaycanın müstəqilliyini bəyan edərək ölkəmizi bütün dünyaya tanıtmağa başladılar. Qısa bir zaman çərçivəsində demokratik prinsiplərə, milli mənafeyə söykənən bir dövlətin qurulması üçün bütün imkanlar səfərbər edildi. Cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil dövlətin varlığını sübut edən dövlət bayrağı, dövlət dili, dövlət himni haqqında qanunlar da daxil olmaqla, ümumilikdə 200-dən artıq qanun qəbul edildi. AXC-nin həyata keçirdiyi ən böyük islahatlardan biri və ən zərurisi də dövlətin müdafiəsinin əsasını təşkil edən milli ordunun yaradılması oldu. Belə ki, 26 iyun 1918-ci ildə bu barədə qərar qəbul edildi. Bu qərar qısa vaxt ərzində 40 minlik  nizami ordunun yaradılması ilə nəticələndi. Sevindirici haldır ki, Cümhuriyyət dövründə ordumuza S.Mehmandarov, Ə.Şıxlinski və C.Naxçıvanski kimi hərb tarixində öz imzalarını qoymuş sərkərdələr rəhbərlik edirdilər.
Sözünə davam edən məruzəçi təəssüf hissi ilə onu da qeyd etdi ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti xarici təzyiqlərə və ölkə daxilindəki parçalanmaya davam gətirməyərək süquta uğradı. Aparılan böyük quruculuq işləri yarımçıq qaldı. XX əsrin sonlarında Sovetlər Birliyi dağılandan sonra xalqımız yenidən müstəqilliyinə qovuşdu. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra müstəqilliyimiz daha da möhkəmləndi. Ulu Öndər dövlətçiliyimizin möhkəmlənməsi üçün uğurlu islahatlar həyata keçirdi. Aparılan islahatların nəticəsidir ki, bu gün müstəqil ölkəmiz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında daha da böyük uğurlar qazanmaqdadır. Ordu quruculuğu istiqamətində aparılan islahatlar müsbət nəticələr verməkdədir. Azərbaycan Ordusu gündən-günə daha da güclənərək peşəkarlığını artırır. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ildə uğurla həyata keçirilmiş Günnüt əməliyyatı ordumuzun artan gücündən və qüdrətindən xəbər verir.
Polkovnik-leytenant K.Nəsibov çıxışını bu sözlərlə bitirdi: "Əminəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti gələcəkdə daha böyük qələbələr qazanacaq və işğal altında olan torpaqlarımızı tamamilə düşməndən azad edəcəkdir!"   
Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" uvertürasının sədaları altında Azərbaycan Xalq Cümhuriyyətinin banilərinə həsr olunmuş videoçarx nümayiş olundu.
Tarix elmləri üzrə fəlsəfə doktoru, professor Lətifə Məmmədovanın "Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindən biridir" mövzusunda məruzəsi böyük maraqla dinlənildi.
Yazıçı Gülzar İbrahimova çıxışında vətənpərvərlik mövzusunda yazdığı əsərlərindən geniş söhbət açdı.
Hərbi liseyin kursantı Nuri İbrahim çıxış edərək təhsil ocağının adını daşıdığı Azərbaycan Xalq Cümhuriyyətinin hərb xadimlərindən biri olan general-mayor Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli xidmət yolları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Beynəlxalq müsabiqələr laureatı Elxan Məhərrəmovun ifa etdiyi mahnılar tədbir iştirakçılarının zövqünü oxşadı.  
Tədbirin sonunda iştirakçılar kitab və fotolardan təşkil edilmiş “AXC-100” mövzusunda sərgiyə baxdılar.


Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey