Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2018 09:37

Naxçıvan Qarnizonunda keçirilən tədbirlər

Naxçıvan Qarnizonunda peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi oldu.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edən zabitlər gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzuladılar.
Məzunlar kurslarda əldə etdikləri bilik və bacarıqla peşəkar hərbçi kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz verdilər. Mərasimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırıldı.
Sonra məzunlara sertifikatlar təqdim edildi və kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vuruldu.
Sonda məzunların tribuna önündən təntənəli keçidi oldu.

 

* * *

 

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyi keçirildi. İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında təşkil olunan birincilikdə 16 komanda mübarizə apardı. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkil etdikləri yarışlar Olimpiya sistemi üzrə keçirildi. Ümumi nəticələrə əsasən birinci yerdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, ikinci yerdə Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçuları, üçüncü yerdə isə motoatıcılar qərarlaşdı. Qalib komandalara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən diplom və kuboklar təqdim edildi.

 

* * *

 

Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında "Vətənimiz Azərbaycanı tanıyaq" mövzusunda viktorina keçirildi. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən intellekt mübarizəsində 4 komanda yarışdı. Kursantların Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədi ilə təşkil edilən viktorina 3 mərhələdə keçirildi. Suallar arası fasilələrdə videoçarxlar nümayiş olundu, kursantlar Vətənimizə həsr olunmuş mahnı və şeirləri səsləndirdi, müxtəlif səhnəcikləri canlandırdılar. Məktəbli qızlar rəqs nümunələri ilə çıxış etdilər. "Qələbə",  "Mübariz", "Qarabağ" və "Zəfər" adlı komandaların yarışdığı viktorinanın qalibi "Qələbə" komandası oldu. Qalib komandanın üzvləri və tədbirdə fəal iştirak edən məktəblilər  mükafatlandırıldılar.

 

* * *

 

Naxçıvan Qarnizonu tam orta məktəbinin dərslərdə yüksək nailiyyətlər qazanan şagirdləri Qarabağlar Türbə Kompleksini ziyarət etdilər. Bələdçi tərəfindən əlaçı şagirdlərə tarixi abidə haqqında ətraflı məlumat verildi. Bildirildi ki, türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edildikdən sonra istifadəyə verilib. Kompleksin əsasını Naxçıvan memarlıq məktəbinin incilərindən olan Qarabağlar türbəsi təşkil edir. XII-XIV əsrlərə aid edilən türbənin memarı Əhməd Naxçıvanidir. Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri kompleksin xanəgah hissəsində nümayiş olunan eksponatlarla tanış oldular.



Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi