Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Dekabr 2018 09:06

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin II plenumu keçirildi

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin başa çatmaqda olan 2018-ci il üçün təşkil etdiyi II plenumu keçirildi. Plenumda Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət İdarə və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri və həmkarların üzvləri iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, habelə BHİK-nin dünyasını dəyişmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Komitənin sədri Abiyat Ağadadaşova hesabat məruzəsində bildirdi ki, 2018-ci il ölkəmiz üçün çox mühüm və əlamətdar hadisələrlə yadda qalacaq. "Belə ki, aprelin 11-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Fevralın 5-də AHİK-in V qurultayı keçirildi və millət vəkili Səttar Möhbalıyev yenidən AHİK-in sədri seçildi. Qurultayda qəbul olunan qərarlardan irəli gələn tapşırıqları biz də layiqincə yerinə yetirməyə çalışırıq.
Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Ordusunun yaranmasının və Bakının azad olunmasının 100 illik yubileyləri qeyd olundu və bu münasibətlə ölkəmizdə iki möhtəşəm parad keçirildi. 26 iyunda Azadlıq meydanında keçirilən təntənəli hərbi parad ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Digər sahələrlədə olduğu kimi, ordu quruculuğunda da islahatlar aparılmış, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi respublikanın müdafiə qabiliyyətinin durmadan möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Ordu, ordu quruculuğu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət yetirdiyi ən mühüm sahələrdən biridir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bunu 2016-cı ilin aprel döyüşləri ilə yanaşı, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasında Günnüt əməliyyatı da sübut etdi. Prezidentimizin dediyi kimi: "İşğal edilmiş torpaqlarda - Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir". İşğaldan azad olunan mühüm əhəmiyyətli yüksəkliklər bu gün Azərbaycan Ordusunun tam nəzarətindədir. Ali Baş Komandanın rəhbərliyi ilə görülən bütün tədbirlər ordu quruculuğunda aparılan məqsədyönlü siyasətin nəticəsidir".  
Komitə sədri bu il ərzində üzvlərinin sayının 14216 nəfərdən 15323 nəfərə çatması və üç yeni təşkilatın yaradılması haqqında da məlumat verdi.
Qurumun fəaliyyəti haqqında Abiyat xanım bildirdi ki, komitənin fəaliyyəti çoxşaxəlidir. "Bizim əsas vəzifəmiz ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərini və qanuni hüquqlarını müdafiə etmək, yeni təşkilatlar yaratmaq, kollektiv müqavilələrin vaxtında bağlanması və onun müddəalarının yerinə yetirilməsinə ciddi nəzarət edərək onları maarifləndirib və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Biz, Birləşmiş Həmkarlar İttifaqı Komitəsi olaraq, vaxtaşırı yerlərə gedir, təşkilatların bu sahədə gördüyü işləri nəzərdən keçirir, tövsiyələrimizi veririk. Onların həllində çətinlik yaranarsa, hərbi hissə komandirləri, nazirliyin müvafiq idarə rəhbərləri ilə görüşərək danışıqlar aparırıq, lazımi köməyimizi əsirgəmirik".
Üzvlərinin sağlamlığı ilə daim yaxından maraqlanan və lazımi köməkliyi göstərən komitə sədri qeyd etdi ki, il ərzində Dövlət Sosial Müdafiə Fondu hesabına 30 nəfərə sanator-kurort və 73 nəfərə büdcə hesabına ailəvi istirahət evlərinə, turist bazalarına yollayışlar verilib. “Bununla yanaşı, respublikamızın müxtəlif istirahət guşələrinə təşkil olunan kütləvi gəzintilərdə 600-650 nəfər ailəvi olaraq iştirak edib. Komitəyə daxil olan maddi yardım ərizələrinə də köməklik göstərilib.
Hər il Yeni il və Novruz bayramlarında ittifaq üzvlərinin azyaşlı övladlarına hədiyyəli biletlər pulsuz olaraq paylanılır.
Komitə sədri onu da qeyd etdi ki, həmişəki kimi Qələbə Günündə İkinci Dünya müharibəsi veteranları ilə bayram süfrəsi arxasında görüşlər keçirilib, onlara pul mükafatları təqdim olunub. "Artıq 3-cü dəfədir ki, üzvlərimiz qanbağışlama aksiyasında iştirak edirlər.  Aksiyanın keçirilməsi hospitalda müalicə olunan zabit və əsgərlərimizə mənəvi dəstəkdir".
Davamlı olaraq bütün bölgələrdə, ələlxüsus da ön xətdə əsgərlərimizə baş çəkdiyini vurğulayan natiq iş planına uyğun olaraq təşkilat və komissiya sədrlərinin, üzvlərinin maarifləndirilməsi, sosial hüquqları ilə bağlı biliklərin artırılması məqsədi ilə müxtəlif seminarlar keçirildiyini bildirdi. “Onlar il ərzində Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan kurslarda biliklərini artırıblar. Asudə vaxtlarının səmərəli təşkilinə daim diqqət yetirən komitə il ərzində idmanın müxtəlif növləri üzrə yarışlar keçirib. Qalibləri fəxri fərman, pul və qiymətli hədiyyələrlə mükafatlandırıb. Ümumiyyətlə, il ərzində BHİK tərəfindən keçirilən milli-mənəvi dəyərlərimizin təbliğinə yönəldilmiş “Gücümüz birlikdədir” rəsm müsabiqəsi, “Narkomaniyaya yox” və “Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş “Əməyin mühafizəsi: Gənc işçilər daha həssasdır” mövzusunda seminarlar təşkilat üzvlərinin istər dünya duyumunun, istərsə də vətəndaşlıq mövqeyinin formalaşmasında əhəmiyyətli olub. 
AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilən müsabiqədə “N” hərbi hissəsi qaliblər sırasında olmuş və onlara bir ədəd “Samsung” markalı televizor təqdim olunmuşdur.”
Abiyat xanım bu işlərin görülməsində təşkilatlarına daim əməli köməklik, maddi və hüquqi yardım göstərən Müdafiə Nazirliyinə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə minnətdarlığını bildirdi.
Abiyat xanım hesabat çıxışının sonunda bildirdi ki, komitənin kollektivi ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək, xalq ilə ordu birliyinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verəcək.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Hikmət Osmanov bildirdi ki, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ən böyük və ən çox üzvü olan təşkilatlardan biridir. "Təşkilat üzvlərinin sayının bir il ərzində 1000 nəfərdən çox artması böyük nailiyyətdir. Həmkarlara üzv olanların sosial-iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin təmin edilməsində biz də yaxından iştirak edirik. İctimai təşkilat olaraq öz nizamnaməmizə uyğun olaraq ildə bir dəfə üzvlərimiz qarşısında gördüyümüz işlər haqqında açıqlamalı hesabat veririk...".
Hikmət Osmanov komitə üzvlərinin hüquqlarının müdafiə olmasından, respublikamızda Həmkarlar təşkilatına olan münasibətdən, Prezidentin Azərbaycan Həmkarlar İttifaqı hərəkatına olan böyük hörmət və dəstəyindən, verdiyi sərəncamlarda əmək məcəlləsinə olan dəyişikliklərdən danışdı. 
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini polkovnik Aydın Əyyubov qeyd etdi ki, komitə ölkə həyatında fəal iştirak edir. "Həmkarlar İttifaqının Komitəsi Müdafiə Nazirliyinin rəhbərliyi ilə bərabər dövlət rəhbərliyi tərəfindən qoyulan tapşırıqların icrası sahəsində faydalı işlər görür. Məruzə və çıxışlarda qeyd edilsə də, mən də bildirməliyəm ki, 2018-ci il hər birimiz üçün əlamətdar bir il oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu, dövlətçilik tariximizdə əhəmiyyətli bir sərəncam kimi tarixləşdi. Bununla bağlı orduda da silsilə tədbirlər həyata keçirildi. 2018-ci ili həm də Azərbaycan Ordusunun 100 illiyi kimi qürurla yaşadıq. Bu tarixi günə həsr olunmuş möhtəşəm paradı böyük qürur hissiylə izlədik. Bir daha əmin olduq ki, ordumuz güclüdür, torpaqlarımızı işğaldan azad etməyə qadirdir...".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Əbülfət Məhərrəmov Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təqdirəlayiq bir qurum olduğunu vurğuladı.
Müdafiə Nazirliyi Maliyyə-Büdcə İdarəsinin əməkdaşı, ehtiyatda olan polkovnik Sahib Qarayev komitənin fəaliyyətinin ildən-ilə daha da mütəşəkkil hal aldığını qeyd etdi.  
Sonda məruzə ilə əlaqədar çıxışlarda il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr geniş təhlil edildi, suallar cavablandırıldı.
                                                                                                                      

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
fotolar Natiq İSAYEVİNDİR