Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Dekabr 2018 09:04

Mənəvi ucalıqdasan, Azərbaycan əsgəri!

Hər dəfə dağlar qoynunda döyüş növbətçiliyi aparan Azərbaycan əsgəriylə görüşəndə ürəyimi qəribə hisslər bürüyür... Azərbaycan əsgərlərinin əhatəsində dərin düşüncələrdən keçirəm, o düşüncə sellərinin təlatümündə ruhum təmizlənir, təzələnir. Qürurlu bir xoşbəxtlik anlarıdır. O müqəddəs məqamın, o möcüzəli könül xoşluğu yaşadığım anların tanrısal cazibəsində səninlə qürur duyuram, Azərbaycan əsgəri!
Payız küləyi əsir... Dağlardan əsən yellərlə oğullarımızın Vətən sevgisinə tapınırıq. Başı qarlı dağların ətəyindən qıvrıla-qıvrıla axan çay da, dolanbac yollar da, dağların arxasına çəkilən Günəş də, göy üzündəki qara buludlar da sənin bu sevginə həsəd aparır. Dağların sükutunda ilahi kəlam aydınlığıyla eşidilir, sanki zirvələr arasında külək dil açıb danışır. Külək demək istəyir ki, Azərbaycan əsgərinin göz bəbəyi kimi qoruduğu bir məkandayıq. Bu məkanda ürəyi intizarda qalanların həsrətinə, nisgilinə son qoyulacaq...
Dolama yol sanki  dağların və buludların arasından keçir... Səngərə çatırıq. Mayor Firudin Mikayılov deyir ki, düşmənlə təmas xəttində yerləşən bölmənin şəxsi heyəti Vətəni qoruyur. Müharibə şəraitində olan ölkənin ordusunun əsgərinin mərd və qorxmaz olması, Vətənini sayıqlıqla qoruması hamımızı qürurlandırır.
Müşahidə postunda əsgər Elbrus Fətəliyev ön xətdə xidmət etməsindən şərəf duyduğunu bildirir: "İçimizdə o qədər Vətən, torpaq sevgisi var ki, bu yolda ölüm də bizi qorxutmur.”
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan əsgər Həmid Mürvətov bildirir ki, torpaqları azad etmək hərb elminin sirlərini mənimsəməkdən keçir: "Bunun üçün zabitlərimizə borcluyuq. Onlar bizlərə hərb elminin sirlərini öyrətməklə bərabər, daim mənəvi dəstək də göstərirlər. Biz daim orduya bağlı olan zabitlərimizdən ilham alırıq. Azərbaycan əsgəri öz komandirlərinə güvənir, komandirlər də öz əsgərlərinə. Düşmən aprel döyüşlərindən sonra yaxşı anlayır ki, bu birliyin qarşısında heç bir ordu dayana bilməz. Azərbaycan əsgəri torpaqlarımızı azad etmək naminə istənilən addımı atmağa, qəhrəman oğullarımızın getdiyi yolu təkrarlamağa hazırdır.
Əsgər Kamran Abdullayev söhbətə qoşulur:
- Ata-baba yurdumuz bizim üçün o qədər əziz və doğmadır ki, canımız bahasına olsa belə riskə getməyə hazırıq. Bir əsgər kimi üzərimizə düşən vəzifələri yerinə yetiririk. Axı torpaqlarımızın 20 faizi işğal altındadır. Ona görə də düşmənlə üz-üzəyik. Minlərlə qəhrəmanlıq nümunələri olan bir xalqın ordusunun əsgəri Mübarizlərimizin, Fəridlərimizin, Çingizlərimizin... döyüş yolunu təkrar etmək, hünər göstərmək arzusu ilə yaşayır. Onlar kimi biz də qəhrəmanlıq göstərmək istəyirik. Əminik ki, üzərimizə düşən tarixi və müqəddəs vəzifənin öhdəsindən layiqincə gələcəyik. Onun üçün müqəddəs döyüşün başlayacağı günü səbirsizliklə gözləyirik.
İmişli rayonundan hərbi xidmətə çağırılan əsgər Aleksandr Qurbanov bildirir ki, düşmənlə üz-üzə durmaq, onların təxribatlarının qarşısını almaq, nəticə etibarilə torpaqlarımızı işğaldan azad etmək ən böyük arzumuzdur. Bu günün əsgəri xalqımızın gələcəyinin qarantıdı. Azad və müstəqil yaşamaq istəyiriksə, Azərbaycan torpaqlarını qorumağa borcluyuq.
Əsgər Əlihəsən Məmmədov söhbətə başlayır: - Bu gün ön xətdə döyüş növbətçiliyi aparıram. Bir əsgər kimi dövlət və xalq qarşısında müqəddəs borcumu yerinə yetirirəm. Döyüş hazırlığı yüksək səviyyədə olan əsgər yoldaşlarım hər an, hər dəqiqə düşmən təxribatının qarşısını almağa qadirdir. Düşmən daim hiss edir ki, onun qarşısında qüdrətli, güclü bir ordunun yüksək döyüş hazırlığına malik olan şəxsi heyəti dayanıb.
Çavuş Amil Vəliyev qeyd edir ki, hərbi qulluqçularımız xalqımızın hərbi ənənələrini layiqincə davam etdirməyə hər zaman hazırdırlar. - Onu da deyim ki, səngər qəhrəmanları sevir. Əzm və rəşadətlə xidmət aparmağı əsas vəzifəmiz hesab edir, qəhrəmanlarımızın yollarını getməklə bu yurdun yeni qəhrəmanlıq səhifələrini yazmaq istəyirik.
"Ordu həyatı dözümlülük və təcrübə tələb edir. Təcrübənin və dözümlülüyün formalaşması zaman və zəhmətin hesabına başa gəlir. Qazandığımız təcrübənin hesabına əminliklə deyə bilərik ki, Azərbaycan Ordusunun şəxsi heyəti aprel və Günnüt zəfərlərini təkrarlamağa qadirdir. Azərbaycan əsgəri qarşısında duran sədləri aşmağa və işğal altında olan torpaqlarımızı azad etməyə tələsir", - deyə çavuş Amil Vəliyev bildirir.
Dağlarla insan arasında bir müqayisə aparmalı olsaq, yəqin burada Vətən üçün xidmət edənləri seçilmiş insanlara bənzətmək olar. Vətən sevgisi ilə vətəndaşlıq mücəmməsi olan oğullarımız öz mənəvi ucalıqlarında qərar tutub Azərbaycan xalqını, dədə-baba yurdunu qoruyurlar. Azərbaycan əsgəri Vətənin arzuladığı kimi xidmət aparır. Azərbaycan əsgəri xalqımıza aprel və Günnüt zəfərlərinin davamı olan Qələbə bəxş edəcək. Onlar Ali Baş Komandanımızın əmri ilə Böyük Qələbəyə hazırlaşırlar.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR