Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2018 09:15

“Əsgər adı daşıdığım üçün xoşbəxtəm”

Bir payız səhəridi... Bu soyuq payız səhəri "N" hərbi hissəsinin həyətinə toplaşanların ömürlərinin ən gözəl günü kimi yaddaşlarına əbədi həkk olunacaqdı. İnsanların gözlərində sevinc hiss olunsa da, çoxunun həyəcan qarışıq qürur hissi keçirdiyi üzlərindən sezilirdi. Axı onlar həsrətlə gözlədikləri arzularına, neçə aylardır ki, bu günün xəyalını qurub gündə bəlkə də yüz dəfə şəklini öpərək, boyunu sevdikləri əsgər övladlarına qovuşacaqdılar, gənc əsgərlərin andiçmə mərasimində iştirak edəcəkdilər. Həmin anın canlı şahidi olmaq, bu sevincdən pay götürmək bizə də nəsib oldu.
Bu gün ancaq baxışlar danışırdı. Səf-səf sıra meydanında düzülmüş əsgərlərin, eləcə də valideynlərin simasında yaranmış sevinc hissini ifadə etməyə söz də acizdi. Boyuna dolaşan qollar, bir-birinə dəyən isti nəfəslər soyuq havaya bir hənirti, istilik gətirib... Hər kəs dağlar qoynunda yüksəklikdə, qarlı-şaxtalı açıq havada olduğunu unudub sanki...
Ən təsirli səhnə isə Məmmədovlar ailəsinin görüş anında yaşandı. Nə valideynlər gözünü öz övladından ayırır, nə də Vətən qarşısında borcunu yerinə yetirən oğul baxışlarını valideynlərinin, əsasən də anasının üzündən çəkirdi. Əsgər Sadiq Məmmədov valideynlərinin onun görüşünə gəlişindən hədsiz sevinc hissi keçirdiyini, bu gözlənilməz görüşün sanki yuxuda baş tutduğunu bildirdi: "Hələ də elə bilirəm ki, yuxu görürəm. Başa düşürəm ki, əsl əsgər olmaq əsgər adını qazanmaqdan çətindir. Bu gün mən Azərbaycan Ordusunun əsgəriyəm. Xoşbəxtəm, müstəqil ölkənin vətəndaşı olduğum, güclü bir ordunun əsgəri adını daşıdığım üçün".
"Çox böyük qürurverici hadisənin canlı şahidi oldum. Ona görə ki, əvvəla bir vətəndaş kimi, eyni zamanda bir valideyn kimi "N" hərbi hissəsində yüzlərlə əsgərimizin andiçmə mərasimində iştirak etdim. Əsgərlərimizin nizam-intizamının, psixoloji hazırlıqlarının necə yüksək səviyyədə olduğunu öz gözlərimlə gördüm. Biz valideynlər inanırıq ki, bu cür imkanlarla, ordumuzun mövcud potensialı ilə işğal altında olan dədə-baba torpaqlarımız, doğma Qarabağımız tezliklə geri qaytarılacaq. Bu, bir reallıqdır! Son dövrlər qazandığımız uğurlar əsgərlərimizdə döyüş əzmini həddindən artıq yüksəldib. Oğlum Sadiq də daxil olmaqla bütün əsgərlərin qarşısında bir vəzifə dayanır - Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Böyük Qələbənin sevincini yaşamaq", - deyə gənc əsgər atası Davud Məmmədov bildirdi.
Oğlu ilə görüşün təsirindən sevinc göz yaşlarını saxlaya bilməyən əsgər anası Pərvanə Məmmədova isə bildirdi ki, bu gün oğlu 100 yaşlı Azərbaycan Ordusunun əsgəridi. "Oğlumun belə bir ordunun əsgəri olmağından qürur duyduğumu sözlə ifadə etməyə çətinlik çəkirəm. Bir məsələni anlayıram ki, torpaqları işğal altında olan bir ölkənin vətəndaşı kimi, bir əsgəri kimi oğlum üçün xidmət yeni başlayır. Əgər Vətən onu yedirib-içiribsə, öz nemətləri ilə bəsləyibsə, deməli, onların da bu torpağa verəcəkləri var. Bu, borcdur. Borcu vaxtında və əvəzsiz ödəmək isə bir şərəf və qürur məsələsidir. İnanıram ki, oğlum Sadiq də Azərbaycan Ordusunun əsgəri olaraq Vətən, torpaq uğrunda böyük mübarizələr aparmağa, canını fəda etməyə şərəf və qürurumuzu qorumağa hazırdı".
Digər valideyn Leyla Əliyevaya yaxınlaşsaq da, onu oğlu Nicat Əliyevlə şirin söhbətdən ayırmağa ürəyimiz gəlmədi. Tez-tez övladının üzünü sığallayan, bir əli ilə oğlunun əlindən bərk-bərk yapışan ana danışanda göz yaşını saxlaya bilmədi:
"Azərbaycan Ordusu aprel zəfəri, Günnüt uğurundan sonra ancaq Qələbə arzusundadı. Lələtəpə və Talış yüksəkliklərinin, Günnüt kəndinin işğaldan azad edilməsi qorxu bilməyən, torpaqlarımızın işğaldan azad olunması üçün alışıb-yanan əsgərlərimizin gücü hesabına mümkün oldu. Özümü ona görə qürurlu hesab edirəm ki, oğlum da həmin döyüşlərin qalibi olan bir ordunun əsgəridi. İnanıram ki, bu qələbələrin davamı gələcək və oğlum da həmin Qələbəni qazananların sırasında olacaq".
Əsgər atası Urfan Əliyev isə bildirdi ki, Azərbaycan Ordusu çoxdan arzulanan səviyyəyə çatıb. "Bu gün Azərbaycan Ordusunu yalnız dünyanın ən inkişaf etmiş dövlətlərinin orduları ilə müqayisə etmək olar. Hazırda Azərbaycan Ordusunun zabit və əsgəri ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texnikadan istifadə etməyə, düşmənlə istənilən döyüşdən qalib çıxmağa hazırdı. Aprel zəfəri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş torpaqlarımızı qısa müddətdə düşməndən azad etməyə qadirdir. Arzumuz budur ki, oğullarımız yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad etsin və üçrəngli bayrağımızı Qarabağda dalğalandırsınlar".
Andiçmə mərasimi valideynlərdə və əsgərlərdə böyük ruh yüksəkliyi yaratmışdı. Uzun məsafə qət edərək dağların qoynunda yerləşən "N" hərbi hissəsinə təşrif  buyuran valideynlər baxışları və sevinc göz yaşları ilə hər kəsə minnətdarlıqlarını ifadə edirdilər. Hərbi hissədə yüksək səviyyədə yaradılmış şərait onlara təsəlli verirdi. Övladlarının əmin əllərdə olduğunu öz gözləri ilə görüb əmin olan valideynlərin üzündə bu görüşdən sonra sanki bir rahatlıq, arxayınlıq ifadəsi vardı. Hərbi hissədən böyük təəssürat, şanlı ordumuza artan güvən, rahatlıq və əminlik hissi ilə ayrıldıq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR