Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2018 09:10

“Düşmənin hər tankına bir mərmi sərf edərəm”

Hər bir xalqın canı bahasına əldə etdiyi müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına təminat yaradan ən başlıca amillərdən biri onun yüksək döyüş əzminə malik olan ordusunun mövcudluğudur. Qəlbində Vətən, millət sevgisi olan hər bir vətəndaş dövlətinin ordusu ilə daim qürur duyur, onun qüdrəti ilə öyünür. Təqdirəlayiq haldır ki, son illər ordumuzun hərbi gücündən ruhlanan gənclər hərbi peşələrə dərin maraq göstərir və ömürlərini hərbə bağlayırlar. Məftun İbrahimov da belə gənclərimizdən biridir.
Baş gizirlə tank bölmələrinin birində  tanış olduq. Onu deyim ki, hərbi hissənin zabiti Amid Heydərova qəzetimizdə  "Nümunəvi xidmət" rubrikasına yazı hazırlayacağımızı bildirəndə, bölmədə ən bacarıqlı tankçı kimi baş gizir Məftun İbrahimovun adını çəkdi. "Məftun "tank snayperi" ləqəbi ilə tanınır. Həm nizam-intizamı, həm də hərbi bilik və bacarıqları ilə nümunəvi hərbçidir. Uzun illərdir xidmət edən baş gizir peşəsinin sirlərini yaxşı mənimsəyib. Bir çox turnirlərdə həm bölməmizi, həm də ölkəmizi layiqincə təmsil edib. Tank biatlonu yarışlarında hər zaman yüksək nailiyyətlər göstərib. Məftun kimi hərbi qulluqçularla bir sırada dayanmaq, xidmət etmək zabit kimi məni qürurlandırır. Vətən sevgisi, qorxmazlığı, xidmətinə bağlılığı ilə yanaşı, səmimiyyəti və mehribanlığı da ona həm əsgərlərinin, həm də komandirlərinin rəğbətini qazandırıb", - kapitan Amid Heydərov deyir.
Baş giziri tanımaq üçün tank saxlancına yollanırıq. Onun 15 ildən çoxdur tank bölmələrində xidmət etdiyini öyrənirəm. Təcrübəli baş gizirə xidmətə gəlişi haqqında sual verirəm.
- Məftun, necə oldu ki, tankçı oldunuz?
- "İgid oğul dayısına oxşayar deyiblər". Dayım müharibə veteranı İslam Fətullayev də tankçı olub. Mən də dayımı həyat yoluma  sələfim bilmişəm. Əsgəri xidmətim zamanı tank bölməsinə təyin olunanda çox sevindim. Xidmətimin bitməyinə sayılı günlər qalmış, ordu sıralarında qalmaq istəyimi yuxarı komandanlığa bildirdim. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursuna yollandım. Kursu  taqım komandirinin müavini ixtisası üzrə bitirdim. Amma bu ürəyimcə deyildi, çünki, mən tankçı olmaq istəyirdim. Sonra əlavə tank ixtisası üzrə kursu da keçib arzuma çatdım. Xidmətə ilk başladığım hərbi hissədə komandirim olan polkovnik İntiqam Mirzəyevin vətənpərvərliyi, peşəsinə bağlılığı, savadı və bacarığı xidmət yolumda mənə kumir oldu. Bizə  tankçı tankı nə cür sevməlidir, onu necə idarə etməlidir, hər incəliyinə qədər öyrədirdi. Dəmir parçası olmasına baxmayaraq  tankı canlı varlıq kimi sevməyi aşıladı. Onun xüsusiyyətlərini, döyüş bacarığını ən incə xırdalığına qədər mənimsəməyimiz üçün əlindən gələni edirdi.
Məftun elə maraqlı və ağız dolusu danışırdı ki, sözünü kəsmək istəmirdim. Söhbətinə davam edib iştirak etdiyi tank biatlonu yarışlarından danışdı. Beynəlxalq ordu yarışları çərçivəsində keçirilən tank biatlonu yarışlarında hər il iştirak etdiklərini və nailiyyətlər qazandıqlarını bildirdi: 
- Yarışlar fərdi, estafet və final olmaqla üç mərhələdə keçirilir. Hər il olduğu kimi,  bu turnirdə də həm komanda, həm də fərdi şəkildə uğur qazandıq. Fərdi mərhələ üzrə qalib oldum. Bu mərhələdə yarımfinala 23 ölkənin tankçıları vəsiqə qazandı. Qalib gəlmək üçün üç  tank hədəfini ən tez və dəqiq məhv etməliydik. Bunun üçün hər iştirakçıya 30 güllə verildi. Güllələrdən cəmi 4-nü istifadə etməklə hədəflərin hər birini vurdum. Digər iştirakçılar tapşırığı ən tez 56 və 65 saniyəyə yerinə yetirdi. Mən digər tankçıları qabaqlayaraq tapşırığı 16 saniyəyə yerinə yetirdim və birinci oldum. Rusiyanın Müdafiə naziri tərəfindən "Dostluq" medalı ilə təltif olundum.
Məftun danışdıqca bir anlıq həmin anı gözümün önündə canlandırdım. Müxtəlif ölkələr arasında Vətənimizin igid oğlu öz bacarığı ilə ordumuzun yenilməzliyini bir daha göstərib. Qürur duydum onunla, fərəhləndim. Məftun söhbətini davam etdirərək, ölkəyə qayıtdıqdan sonra Müdafiə naziri adından qol saatı aldığını, hərbi hissə rəhbərliyi tərəfindən isə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunduğunu qeyd etdi. Müsahibimə daha bir sual ünvanlayıram:
- Həm dəqiq nişan almaqda, həm də tapşırığın icrasına sərf olunan vaxtda bütün rəqiblərini qabaqlamısan. Üç hədəfi 16 saniyəyə dəqiq məhv etmək fantastik nəticədir. Bu uğurunun sirrini nədə görürsən?
- Tank texnikadı, onu idarə edən bizik. Nə qədər müasir və güclü tank olsa, onun ekipajı tankı idarə etməyi, ondan dəqiq nişan alıb atəş açmağı bacarmalıdır. Burada əsas olan heyətin hazırlığı və bir-birini tamamlamağıdır. İstər yarışlarda, istərsə də təlimlərdə tankdan ən tez və dəqiq atəş açan qalib gəlir. Bunun üçün də hər zaman hədəfi düşmən tankı təsəvvür etməlisən. Hər nişan alanda nişangahımda dayanan tank maketini düşmənin tankı təsəvvür edirəm. O tank ki, 20 Yanvar hadisələrində silahsız xalqımızın üstünə sürülmüşdü, o tank ki, Qarabağda dinc əhalimizi mərmi yağışına tutmuşdu. Evlərimizi, məscidlərimizi bombardman etmişdi. Yaşlılarımızı, uşaqlarımızı əzib üstündən keçmişdi. Nişangahında həmin tankı gördükdə tankın lüləsindən atəşlənən mərmi olmaq istəyirsən. Tətiyi barmağınla basanda, atəşi bütün ruhunla açırsan. Mərmi hədəfi məhv edəndə, sanki qisas alırsan. Bax, mən uğurumu Vətənə sevgimdə,  düşmənə olan nifrətimdə və qisas hissi ilə alışıb yanan ürəyimdə görürəm. Bizim əsas məqsədimiz torpaqlarımızı azad etməkdir. Moskva şəhərində baş tutan yarışlarda düşmənlərimiz də vardı. "Düşmənini zəif bilmə" deyirlər. Lakin mən qətiyyətlə vurğulayıram ki, zəifdirlər. Nə döyüş qabiliyyətlərini, nə hərbi biliklərini, nə də döyüş ruhlarını ordumuzla müqayisə etmək olmaz. Forma geyinmiş maketdirlər sanki. Qarşımızda bir dəqiqə belə tab gətirə bilməzlər. Heç uzağa getməyək, elə aprel və Günnüt qələbəsi bunu sübut etdi.
Baş gizir söhbət zamanı iştirakçısı olduğu yarışlar haqqında təəssüratlarını da bölüşdü, dövlətimiz tərəfindən orduya olan diqqət və qayğıdan söz açdı.
- Həmin yarışlarda iştirakçı olan 23-dən çox ölkənin hərbçilərini izlədim. Döyüş qabiliyyətlərinin hansı səviyyədə olduğunun şahid oldum. Əminliklə deyə bilərəm ki, onların heç biri bizə rəqib ola bilməz. Ən əsası döyüş ruhumuz onlardan qat-qat güclüdü. Deyərdim ki, Vətən sevgimiz ən güclü silahımızdır. Bunun sübutu tarixdir. Xalqımız hər zaman qəhrəmanlıq tarixi ilə tanınıb. Texnikamız, silahımız olmasa belə, bizim qorxmaz ürəyimiz, yenilməz vüqarımız və qətiyyətimiz var. Yenə tarixi xatırladacam. Qanlı 20 Yanvar hadisələrində əli silahsız xalq küçələrə axışaraq, düşmən tanklarının qabağında dayanmışdı. Belə bir ürəyə sahib xalqın müasir silah və texnika ilə təmin olunmuş nizami ordusunun, qətiyyətli, uğurlu siyasəti ilə hər kəsi ruhlandıran Ali Baş Komandanının olması ölkəmizin gücünün və qüdrətinin göstəricisidir. Belə nailiyyətlər əldə etmək, yuxarı komandanlıq tərəfindən diqqət və qayğı görmək mənəvi-psixoloji vəziyyətimə müsbət təsir edir, xidmətə olan sevgimi daha da artırır, ruhlandırır. Hər bir Vətən müdafiəçisi kimi mənim də əsas məqsədim düşməni məhv etməkdir. Ona görə də döyüş hazırlığımı daim artırıram. Bütün silahdaşlarım adından əminliklə deyə bilərəm ki, yuxarı komandanlıqdan çox razıyıq. Hər kəsə diqqət və qayğı ilə yanaşırlar. Bu da uğurlu xidmətimizə zəmin yaradır. Biz döyüşçüyük, hər an döyüş əmri gözləyirik. Bu gün dövlətimiz bizə hər cür imtiyazlar verir. Sosial-məişət şəraitimizi təmin edir. Dövlət tərəfindən ailələrimizə də qayğı yüksəkdir. Ona görə də istənilən döyüş əməliyyatına arxayın girə bilərik. Əminik ki, ailəmiz, yaxınlarımız dövlət qayğısı altındadır. Gözümüz arxada qalmayacaq. 
Məftunun sözünə qüvvət, bu gün ölkə rəhbərliyi tərəfindən orduya yüksək qayğı göstərilir. Xalq ordusuna rəğbət bəsləyir, sonsuz güvənir. Danılmaz faktdır ki, dövlət, xalq, ordu birliyinin olması  ən güclü silahdan daha effektlidir və bizim də birliyimiz möhkəm bağlarla bağlanıb. Dövlətimizin qayğısı altında, xalqımızın güvəncini və etimadını qazanan ordumuz Qarabağımızı işğaldan azad edib zəfər bayramı yaşatmağa hər an hazır və qadirdir.
Həmsöhbətimin üç övladının olduğunu  da öyrənirəm. İki qız, bir oğul atası olan təcrübəli tankçı oğlunun hərbçi olmaq istəyindən və bundan sonrakı xidmətində daha da məsuliyyətli olmasından danışdı. Sonda bir arzusunu da dilə gətirdi:
- Övladlarımı milli köklərimizə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə edirəm. Onların Vətənə layiqli övlad, dövlətinə bağlı vətəndaş olması ən əsas şərtdir.  Düzdür, mən oğlumun peşə seçiminə təsir etmək istəmərəm. Bu elə bir seçimdir ki, hər gənc özü müstəqil qərar verməlidir. Lakin oğlum hər dəfə deyir ki, mən də sənin kimi əsgər olacam. Hətta onun bütün oyuncaqları da hərbi ilə bağlıdı. Tank, təyyarə, top, avtomat, silahlı əsgər və digər oyuncaqlar onda bu peşəyə sevginin və marağın olduğunu göstərir. İnanıram ki, oğlum böyüdükcə bu istəyi, sevgisi daha da formalaşacaq və o da Vətən müdafiəçiləri ilə birgə müqəddəs vəzifəni yerinə yetirəcək. Bir tankçı kimi mənim arzum döyüş əmri ilə düşmənin bir tank bölüyünü məhv etməkdir. Heyifsilənirəm ki, aprel döyüşlərində iştirak etmədik. Əmin idim ki, atacağım hər mərmi ilə düşməni məhv edəcəyəm. Hər zaman deyirəm, döyüş əmri olsun, düşmən tankı mənlə üzbəüz gəlsin,  fərqi yoxdu - üç, dörd və ya daha çox. Onların hərəsinə bir mərmi sərf edərəm. Qeyd edim ki, komandanlıq tərəfindən "tank snayperi" də deyirlər mənə. Bu ləqəbin özü elə mənə olan qiymət, rəğbət və etimaddır. Göstərilən bu hörməti, diqqəti hər zaman yüksək  dəyərləndirib, bundan sonrakı xidmətimdə daha bacarıqlı və güclü olmaq üçün var qüvvəmlə çalışacağam.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR