Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2018 09:09

Layiqli vətəndaş, nümunəvi hərbçi

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə bu yaxınlarda "Ən yaxşı tank bölüyü" adı uğrunda yarış təşkil olunub. Yarışda iştirak edən komandalar verilən tapşırıqları dəqiq, vaxtında və düzgün icra ediblər. Heyətlər gecə vaxtı düşmənin peyda ola biləcək istənilən hədəfinə qarşı atış aparmaq bacarıqlarını da göstəriblər. Keçirilən yarışın yekununda "Ən yaxşı tank bölüyü" adına layiq görülən heyət müəyyənləşib. Komissiya heyətinin yekun qərarına əsasən birinci yerə "Beyləqan" komandası layiq görülüb.
"N" hərbi hissəsində bizi müşayiət edən mayor Rasim Məmmədov tabeliyində xidmət edən şəxsi heyətin nizam-intizamının, döyüş hazırlığı səviyyəsinin yüksək olduğunu, gizir Elməddin Zaidovun da belə hərbi qulluqçulardan biri olduğunu qeyd etdi. Gizir Elməddin Zaidovdan yazı hazırlamaq qərarına gəldik. Mayor Rasim Məmmədov dedi ki, ordumuza göstərilən diqqət və qayğı, hərbçilərimizin xidmətlərinin qiymətləndirilməsi onları daha da ruhlandırır. O vurğuladı ki, əsgərlərimiz hərbi xidmətə böyük sevgi ilə yanaşırlar. Onların hər biri Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyir.
Tank saxlancında gizir Elməddin Zaidovla görüşdük. Hərbçi ailəsində dünyaya göz açıb. Hərbi xidmətə Salyan rayonundan çağırılıb. "Uşaq vaxtlarından evdə hərbi mundir görmüşəm. Oyuncaqlarımız da əsgərlərdən, hərbi maşınlardan ibarət olub. Həmişə qardaşımla həyətdə oynayanda əsgər olduğumuzu hesab edirdik, həmyaşıdlarımızla dava-dava oynayırdıq. Ancaq heç vaxt fikirləşməzdik ki, vaxt gələcək hər ikimiz hərbçi olacağıq. Əlimizdə həqiqi silah tutaraq, Vətənimizin keşiyində dayanacağıq. Vətənpərvər ruhda böyüməyimizdə atamın əməyi böyükdür. O, həmişə Qarabağ müharibəsində ermənilərin törətdikləri insanlığa sığmayan vəhşiliklərdən danışardı. Atam deyirdi ki, hərbçi üçün tərxis deyilən bir şey yoxdur. Vətənin dar günündə hər birimiz onun müdafiəsinə qalxmalıyıq. Hərbçi olmaq istədiyimi atama bildirəndə mənimlə qürur duyduğunu bildirdi. Çünki onun yolunu davam etdirəcəkdim. Xidmətə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi başlasam da, sonra gizir hazırlığı kursunu bitirdim. Tədris və xidmət dövründə əldə etdiyim təcrübələri tabeliyimdə xidmət edənlərlə bölüşürəm. Çalışıram ki, onlar da hərbin sirlərinə dərindən yiyələnsinlər".
Elməddin əmisi Nuxbalanın, qardaşı Xəyyamın da düşmənlə təmas xəttində xidmət etdiyini bildirdi.
- "Dəmir atımıza" daim qulluq göstəririk. Hər zaman yuxarı komandanlığın bizlərə göstərdiyi etimadı doğrultmağa çalışırıq. Bu yaxınlarda qatıldığımız yarış da asan keçmədi. Məqsədimiz birinci olmaq idi. Bunun üçün komandirlərimizin öyrətdiklərini düzgün tətbiq edərək qalib olduq. Belə yarışların keçirilməsinin döyüş şəraitinə uyğunlaşmağımız üçün əhəmiyyəti böyükdür. Arzu edirəm ki, tezliklə birinciliyin sevincini Böyük Qələbənin sevinci əvəz etsin, - gizir Elməddin Zaidov dedi.
Hər birimizin ən böyük arzusu qələbədir. Ordu quruculuğu istiqamətində bütün işlər işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün görülür. Xalqımız inanır ki, igid oğullarımız yurd-yuvalarımızı tezliklə azad edəcək. Növbəti dəfə gizir Elməddin Zaidov kimi Vətənin keşiyində mərdliklə dayanan oğullarımızdan, Şuşada Böyük Qələbədən məqaləni hazırlamaq ümidilə sağollaşıram.


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR