Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2018 09:07

Qələbə Azərbaycan əsgərinin olacaq!

Ordu Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli bir vəzifəni yerinə yetirir. Müstəqil dövlətlər öz təhlükəsizliyini məhz Silahlı Qüvvələri vasitəsilə təmin edir. Azərbaycan da tarix boyu yadellilərin hücumlarına məruz qalıb. Buna görə də ölkəmizdə də hərbi ənənələr formalaşıb və inkişaf edib. Bu gün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir tələbləri əsasında formalaşdırılan Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ölkə başçısının, ordu rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-texnikası, nizami ordusu ilə düşməndən keçmişin qisasını almaq əzmindədir. Hər kəs inanır ki, Azərbaycan əsgəri əzəli torpaqlarını düşməndən azad edəcək.
"N" hərbi hissəsinin istər arxa təminat, istərsə də ön xətt bölmələrində xidmət edən şəxsi heyətin döyüş hazırlığı da sübut edir ki, Ali Baş Komandanın döyüş əmrini gözləyən Azərbaycan əsgəri bir an belə düşünmədən Şuşaya, Kəlbəcərə, Laçına... tərəf irəliləməyə, düşmənin ordusunu ata-baba torpaqlarımızdan birdəfəlik qovub çıxarmağa qadirdir. Gördüklərimiz bir məna daşıyır - orduda xidmət edən hər kəs bir yumruq kimi mübarizə aparmağa, istənilən tapşırığı məsuliyyətlə yerinə yetirməyə və Azərbaycan xalqına qələbə müjdəsini yaşatmağa tam hazırdır.
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılan Azad Səmədov istehkam manqasının əsgəridir. O, əlində mina detektoru ilə ərazidə mina axtarma prosesini məşq edirdi. Söhbət zamanı əsgər Azad Səmədov bildirdi ki, gördükləriniz adi dərs prosesidir. “Amma bu dərslər bizi qələbəyə kökləyir, özümüzə inamı daha da artırır. Günün nizam qaydasına uyğun olaraq təyin olunmuş vaxtlarda komandirlərin nəzarəti altında məşğələlər keçirilir. Dərslər həm ərazidə, həm də atəş mövqelərində aparılır. Atəş mövqeyində keçirilən dərslər daha effektli olur. Bu dərslər bizim hazırlıqlı əsgər kimi formalaşmağımızda mühüm rol oynayır. Minaaxtaran peşəsinə yiyələnən hər kəs üçün vacib məsələ peşəkarlıq əldə etmək, səbirli olmaq və təhlükəsizlik qaydalarına daima riayət etməkdir. Biz məşğələlərdə daim diqqətli oluruq. Zabitlərin dediyi hər bir məlumat gələcək döyüşlərdə bizə lazım olacaq. Həm də torpaqlarımızın işğal altında olduğu bir vaxtda biz ölməyi yox, döyüş meydanında düşməni məhv edib, torpaqlarımızı azad etməyi düşünməliyik."
Əsgər Azad Səmədov onu da bildirdi ki, keçirilən təlimlərin köməyi ilə hər cür şəraitdə minaları zərərsizləşdirməyi öyrəniblər. "İstehkamçı minaaxtarandan istifadə edən zaman təhlükəsizlik qaydalarına mütləq riayət etməlidir. İlkin olaraq mina axtaracağı ərazini müşahidə etməli, daha sonra əməliyyata başlamalıdır. Mina axtaran zaman detektordan siqnal gəldikdə həmin yerə "M" şəkilli işarə quraşdırılmalıdır. Daha sonra oranı ehtiyatla qazıb həqiqətən mina olub-olmadığı dəqiqləşdirilməlidir. Əgər tapılan minadırsa, bu barədə dərhal komandirinə məlumat verilməlidir. Tapılan minalar çox vaxt yerindəcə əlavə partladıcı vasitə ilə zərərsizləşdirilir. Komandirlərimizin öyrətdikləri sayəsində bilirik ki, detektorlar müəyyən bir vaxtdan sonra hər cür metala siqnal verə bilər. Buna görə də təyin olunmuş müddətdən sonra onu söndürüb yenidən fəaliyyətə başladırıq."
Əsgər bütün bu öyrəndiklərinə görə komandir heyətinə minnətdarlığını bildirdi. "Heç kəs birdən-birə hansısa sənətə yiyələnmir. Zaman-zaman nəzəri biliklərini təcrübədə sınaqdan çıxartmaqla öyrənirsən. Bu gün öyrəndiklərimə görə komandirlərimə borcluyam. Onlardan çox razıyıq. Çünki onlar bizə xidmətin bütün incəliklərini öyrədib, həmçinin bizlərə diqqət və qayğıyla yanaşıblar".
Dərs prosesini  izlədikcə bir daha əmin oluruq ki, keçirilən təlimlərin əhəmiyyəti danılmazdır. Bildiyimiz kimi, yüksək hazırlığa malik olan əsgər məhz təlim meydanında yetişir. Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən əsgər isə gələcəkdə qazanacağımız Böyük Qələbənin təminatçısıdır.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR