Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2018 09:47

Voleybol üzrə ordu birinciliyi keçirildi

Müdafiə nazirinin 2018-ci il üçün təsdiq etdiyi plana əsasən, 19-24 noyabr tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında voleybol üzrə ordu birinciliyi start götürdü. Yarışda hərbi birləşmələri, qoşun növü və qismlərini, xüsusi təyinatlı hərbi təhsil müəssisələrini təmsil edən idmançılardan ibarət 15 komanda iştirak edirdi. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Fiziki Hazırlıq və İdman şöbəsinin rəisi polkovnik Sadiq Paşayev yarış iştirakçılarını salamladı və ölkəmizdə inkişaf edən idman sahəsinin ordumuza da  müsbət təsir göstərdiyini vurğuladı. "İnsanların istər fiziki, istərsə də mənəvi sağlam olmasında idmanın rolu əvəzolunmazdır. İdmanla mütəmadi məşğul  olan kəs həm qüvvətli, həm də möhkəm iradəli şəxsiyyət kimi formalaşır. İdmanın inkişafı, gənc nəslin sağlam olması hər zaman rəhbərliyin diqqət mərkəzində olan vacib məsələlərdən biri olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir dövlət quruculuğu siyasətində gənclərin sağlam ruhda böyüməsi prioritet məsələlərdən idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin yürütdüyü siyasəti uğurla davam etdirir. İdman sahəsinə ayrılan diqqət ordumuzdan da yan keçmir. Respublikamızın  şəhər, rayon, cəbhəyanı ərazilərində müasir standartlara cavab verən hərbi hissələr tikilir. Hərbi hissələrdə müasir idman alətləri ilə təchiz olunmuş idman şəhərcikləri, həmçinin trenajor zalları hərbi qulluqçuların istifadəsinə verilir. Şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə olması onların qarşıya qoyulan tapşırıqların öhdəsindən daha səlis şəkildə və tez müddətdə gəlməsinə kömək edir. Ordumuzda şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsinə yönəlik tədbirlərdən biri də ordu birinciliyi yarışlarıdır.  Bu yarışlar müxtəlif idman növləri üzrə hər il təşkil edilir. Ordu sıralarında xidmət edən hərbi qulluqçularımız bu turnirlərdə güclərini sınayırlar. Yarışda iştirak edən hər bir idmançıya uğurlar diləyirəm və arzu edirəm ki, üçrəngli bayrağımızı daim zirvələrdə saxlayasınız. İstər döyüş meydanında, istərsə də beynəlxalq arenada."
Zabitin çıxışından sonra yarışlara start verildi. Oyunlar voleybol üzrə respublika dərəcəli hakimlər Fuad Əliyev, Cəlil Cəlilov və Vüqar Mənsimov tərəfindən idarə olunurdu. Yarışın ilk günlərində komandalar qrup mərhələsində öz güclərini sınadılar.
Qrup mərhələlərində uğurla çıxış edən komandalar növbəti mərhələyə adladılar. Dörddəbir final mərhələsinin ilk oyununda "HHQ" və "HDQ" komandaları üz-üzə gəldilər. Gərgin keçən qarşılaşmada "HHQ" komandası rəqibindən güclü oldu. Növbəti oyun "Şəmkir" və "TTM" komandaları arasında baş tutdu. Bu oyunda "Şəmkir" komandası rəqib komandanı üstələyərək adını yarımfinala yazmağı bacardı. "Beyləqan" və "AAHM" komandaları arasında keçən görüşdə "Beyləqan" komandası rəqibini üstələyərək yarımfinala yüksələn komandalardan biri oldu. Mərhələnin son oyunu "Bakı" və "Bərdə" komandaları arasında keçirildi. Açıq mübarizə şəraitində keçən oyunda "Bərdə" komandası rəqib komandanı üstələyərək yarımfinal mərhələsinə vəsiqə qazandı.
Yarımfinal mərhələsində üz-üzə gələn komandaların heyətləri ilə tanış olaq:
"HHQ" komandası - kapitan Səfa Səmədov, baş leytenantlar Şəmsəddin Əliyev, Şaban Canıyev, leytenant Beytulla Abdullayev, gizirlər Elvin Abdullayev, Elməddin Məlikov, Sadiq Baxışov; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Elxan Quliyev, Kamran Hüseynov, Nicat Süleymanov. Komandanın rəhbəri - kapitan Surac Hüseynov.
"Bərdə" komandası - kapitan Ramin Əhmədov, baş leytenantlar Zaur Səfərli, Şaiq Abbasov, leytenant Mirağa Seyidov, gizir Kamil Musayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Elməddin Qarayev, Süleyman Əzimov, əsgərlər Bəhrəm Qasımov, Miryaqub Qaraxanov, Loğman Şükürov. Komandanın rəhbəri - baş leytenant Elmar Rəhimov.
"Beyləqan" komandası - kapitan Anar Cəfərov, leytenant Samir İsayev, gizirlər Elbrus Xəlilov, Əli Bədəlov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Rüstəm Əliyev, kiçik çavuş Ruslan Mirzəliyev; əsgər Qüdrət Nağıyev, əsgər Şəhram Bünyagirli, əsgərlər Fərhun Tahirli, Nayəddin Alıyev. Komandanın rəhbəri - mayor Zamandar İsmayılov.
"Şəmkir" komandası - leytenant Elçin Fərəcov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Adil İsgəndərov, kiçik çavuş Reşal Ələkbərov; əsgərlər Tural  Məmmədov, Elməddin Quliyev, Muxuma Yaqubov, Davud Abdurahmanov, Şamil Allahverdiyev, Tamerlan Musayev, Zaur Kərimov. Komandanın rəhbəri - mayor Zülfüqar Baxışov.
Yarışların yarımfinal mərhələsi də gərgin mübarizə şəraitində keçdi. İlk yarımfinal oyunu "HHQ" və "Şəmkir" komandaları arasında oldu. "HHQ" yarımfinal oyununda qalib olaraq adını finala yazdıran ilk komanda oldu. İkinci finalçı "Beyləqan" və "Bərdə" görüşündən sonra müəyyənləşdi. Rəqibinə qalib gələn "Bərdə" komandası finalda "HHQ"-nin rəqibi oldu. "Şəmkir" və "Beyləqan" komandası üçüncü yer uğrunda oyunda güclərini sınayacaq.
Noyabrın 24-də voleybol üzrə ordu birinciliyinin final mərhələsi və üçüncü yer uğrunda oyunlar həyəcanla gözlənilirdi. Bunun nəticəsi idi ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalına hərbçi idmançılarımızı dəstəkləməyə xeyli insan gəlmişdi. İlk oyun üçüncü yer uğrunda "Şəmkir" və "Beyləqan" komandaları arasında baş tutdu. Bərabər mübarizə şəraitində keçən görüşdə qalib beşinci setdə məlum oldu. "Beyləqan" "Şəmkir" komandasını 3-2 hesabı ilə (28-26, 21-25, 25-14, 23-25, 17-15) məğlub edərək bürünc medala yiyələndi.
Üçüncü yerin sahibinin adı məlum olduqdan sonra meydana finalçılar çıxdılar. "Bərdə" və "HHQ" komandaları turnir çərçivəsində keçirilən görüşlərdə rəqiblərini məğlub edərək finala qədər gəlib çıxmışdılar. Lakin ən güclü bu oyundan sonra məlum oldu. İlk iki setin "Bərdə" komandasının öndə olmasına baxmayaraq (25-14, 25-21), "HHQ" komandası özündə güc tapıb hesabı bərabərləşdirməklə (25-21, 25-23) kifayətlənmədi, son həlledici seti də qalib başa vuraraq (15-11) kuboka və qızıl medala sahib oldu.
Yarış sonrası üçüncü yerin sahibi "Beyləqan" komandasının üzvü kapitan Anar Cəfərov ordu birinciliyi yarışlarında bundan əvvəl də iştirak etdiyini və müxtəlif dərəcəli medallara yiyələndiyini vurğuladı. "2007-ci ildən voleybol üzrə ordumuzda təşkil olunan yarışlarda iştirak edirəm. Nailiyyətlərimin sırasında qızıl və gümüş medallar var. Bu il bürünc medal da əlavə olundu. Belə turnirlərdə hər bir iştirakçı komanda çempion olmaq istəyir. Bu gün yekunlaşan voleybol üzrə ordu birinciliyində "HHQ" komandası rəqiblərindən güclü oldu. Həmkarlarımın hər birini təbrik edirəm.”
Gümüş medala yiyələnən "Bərdə" komandasından əsgər Loğman Şükürov xidmət etdiyi birləşməni belə bir mötəbər yarışda təmsil etmənin verdiyi qürurdan danışdı. "Komandamız bu gün gümüş medalın sahibi oldu. Komandada məndən böyük rütbəli şəxslər olmasına baxmayaraq, biz komanda şəklində əsl kollektiv oyun sərgilədik, ikinci yeri tutduq. Finalda iştirak etmək özü də bizim üçün bir uğurdur. Ordu birinciliyi yarışlarında komandamı layiqincə təmsil etdiyim üçün xoşbəxtəm".
Voleybol üzrə ordu birinciliyinin qalibi "HHQ" komandasının rəhbəri kapitan Surac Hüseynov komandası ilə fəxr etdiyini və yarışların dostluq mübarizəsi ilə başladığını və başa çatdığını vurğuladı. "Komandamız bu gün voleybol üzrə ordu birinciliyinin qalibi oldu. Onların hər biri ilə fəxr edirəm. Bu gün bu turnirdə iştirak edən hər bir komandanın uğuru ümumilikdə Azərbaycan Ordusunun uğurudur. Turnir başladığı gündən gərgin və dostluq mübarizəsi altında keçirilən oyunların şahidi olduq. Bu yarışlar mübarizə tələb etsə də, hər birimizin əsas mübarizəsi torpaqlarımızı işğal edən düşmənlədir. Bu yarışlarda ordumuzun zabit, gizir, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ayrı-ayrı komandalar şəklində mübarizə apardı. Torpaqlarımızı işğaldan döyüş yolu ilə azad edəcəyimiz təqdirdə bir olub düşmənə qarşı döyüşəcəyik".
Yarışların mükafatlandırma və bağlanış mərasimi də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman zalında keçirildi. Mükafatlandırma mərasimində qalib gələn hərbi qulluqçular polkovnik Sadiq Paşayev, polkovnik-leytenant Zöhrab Rəhimov və Qoşqar Əliyev tərəfindən diplom və medallarla təltif edildilər. Birinci yerə layiq görülən komandaya  kubok və fəxri fərmanlar təqdim edildi. Beş gün müddətində oyunları idarə edən respublika dərəcəli hakimlər Vüqar Mənsimova, Cəlil Cəlilova, Fuad Əliyevə Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar təqdim olundu.  

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"